image-278-melahet-eliyevabackend

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır

image-reklam_sirab_01

 

Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk dəfə olaraq Azərbaycan qadınları seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başladılar. Yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olan Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər. Ölkəmizdə dövlət səviyyəsində qadın siyasətinin əsasını qoyan Ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verirdi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev də qadınların cəmiyyətin inkişafındakı rolunu qiymətləndirərək qeyd edir ki, “Tariximizin hər bir dövründə qadınlarımız cəmiyyətin sarsılmaz mənəvi dayağı olmuş, ölkəmizin bugünkü simasının müəyyənləşməsi üçün böyük fədakarlıqlar göstərmişlər”.

Mehriban xanımın ictimai fəaliyyətə başladığı illər Azərbaycanda xalqın milli oyanış dövrünün ilkin çağlarına təsadüf edir. Ulu öndər Heydər Əliyevin yaratmış olduğu Yeni Azərbaycan Partiyasının təşəkkül tapdığı 1992-ci ildən Mehriban xanım partiyanın üzvü olaraq, müasir  və müstəqil dövlətimizin qurulması, inkişaf etdirilməsi prosesinin fəal iştirakçısına çevrildi. Bütün ictimai şüuru ilə Azərbaycançılıq ideologiyasına  bağlı olması, dövlətçiliyin qorunması və qüdrətlənməsi naminə fəaliyyət göstərməsi az bir zamanda Mehriban xanıma xalqın böyük rəğbətini, sevgisini qazandırdı. Onun fəaliyyətini qiymətləndirən bir çox xarici ölkələrin tanınmış siyasətçiləri, ictimai xadimləri qeyd edirlər ki,  “Mehriban Əliyeva Şərq ölkələrində siyasətin yalnız kişilərin işi olması barədə stereotipləri uğurla təkzib edir”.

Mehriban xanım 1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunun prezidenti, 2002-ci ildə isə Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi məsuliyyətli işləri öz üzərinə götürərək, yaddan çıxmış sahələri ətalətdən çıxarmış, onlara kütləvilik elementləri ilə zəngin olan ictimai məzmun vermişdi. Mehriban xanım Azərbaycan mədəniyyətini beynəlxalq aləmdə tanınması, təbliği  üçün ilk olaraq  “İrs” jurnalını təsis etməklə başladı.

O, 2004-cü il mayın 10-da, Heydər Əliyev Fondunu yaratmaqla, Ulu Öndər Heydər Əliyevin vətənimiz və xalqımızın inkişafı naminə gördüyü işləri, işıqlı ideyalarını yüksək səviyyədə davam etdirir.  Fondun çoxşaxəli fəaliyyətini göz önündə canlandıranda belə bir əzəmətli mənzərədən heyrətlənməmək olmur. Onun qarşıya qoyduğu məqsəd demək olar ki, həyatımızın mühüm sahələrinin inkişafına yönəlmiş çalışmalar, milli-mənəvi dəyərləri özündə ehtiva edən prinsiplər üzərində qurulmuşdu. Mədəni irsin qorunması üçün Heydər Əliyev Fondu bir sıra memarlıq abidələrini, o cümlədən Dünya Mədəni İrs Siyahısına daxil edilmiş Versal sarayını da bərpa etmişdir. Mehriban xanım Əliyeva müsahibələrinin birində belə deyir: “Fondumuz Parisdə on dördüncü əsrə aid Notr-Dam, Strasburq Kafedral kilsələrinin, İkinci Dünya müharibəsində dağılmış Berlin şəhər sarayının, həmçinin Vatikan arxivlərində saxlanılan Azərbaycan Orta əsrlər əlyazmalarının bərpa olunmasına kömək etmişdir. Mədəni və humanitar əlaqələrin qurulması ölkəmiz üçün böyük əhəmiyyətə malikdir. Mədəni əməkdaşlıq bir-birimizi necə tanıdığımızı üzə çıxarır, bir-birimizin tarixini, mədəniyyətini, ənənələrini necə bildiyimizi göstərir”.

Görülən işlərin, irimiqyaslı layihələrin həcminə diqqət yetirəndə aydın olur ki, bütün bunlar Birinci vitse-prezident, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri və İSESCO-nun ilk qadın xoşməramlı səfiri Mehriban xanım Əliyevanın vətən və xalq naminə qarşıya qoyduğu vəzifələrin öhdəsindən ləyaqətlə gəldiyinin bariz nümunəsidir. Sözün əsl mənasında xalqın elçisi olan, Mehriban xanım 2005-ci ildən Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır. O, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən isə partiyanın sədr müavinidir. Prezident İlham Əliyevin 21 fevral 2017-ci il sərəncamına əsasən Mehriban xanımın Birinci vitse-prezident təyin olunmasından keçən kiçik dövrə səyahət edib nəzər yetirsək, əlbəttə ki, ölkəmiz, xalqımız adına çox böyük işlərin görüldüyünə şahidlik etmiş olarıq.

Birinci vitse-prezidentin torpaqlarımızın işğal altında olduğu zamanlarda səsləndirdiyi “Qarabağ şikəstəsini Qarabağda dinləmək” arzusu 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin əsl sərkərdəliyi ilə Azərbaycan Ordusu Qarabağı düşmən tapdağından azad edən zaman reallaşdı və mədəniyyətimizin paytaxtı Şuşa şəhərində ifa olunaraq bütün Azərbaycana,eləcə də dünyaya səs saldı. Vətən müharibəsi zamanı Mehriban xanım Əliyeva bir ana kimi şəhid ailələrinı öz qayğı və ehtiramını bildirdi. Kədərlərini kədəri kimi qəbul etdi. Qarabağ müharibəsində əlil olan oğullara qardaş dedi, hələ də övladlarının yoxluğuna inanmayan, gözü yolda qalan anaları bağrına basdı, onlara ana dedi, qarşılarında baş əydi.

Qətiyyətlə deyə bilərik ki, Mehriban xanım Əliyevanın fəaliyyəti dövründə gördüyü işlər çoxşaxəli və misilsizdir. Mehriban xanım Əliyeva Prezident İlham Əliyevin həyata keçirdiyi mütərəqqi islahatların, daxili və xarici siyasətin ən böyük dəstəkçisi və dövlət başçısının ən sadiq silahdaşıdır.

 

Məlahət Əliyeva

P.İsmayılov adına 278 nömrəli tam orta məktəbin direktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki