image-1backend

Azərbaycan-Serbiya əlaqələrinin inkişafında yeni mərhələ başlayıb

image-reklam_sirab_01

Azərbaycanla əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olan ölkələrdən biri də Serbiyadır. Iki ölkə arasında əlaqələrin inkişafına təkan verən mühüm amillərdən biri də Belqradın Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlər sırasında olmasıdır.

Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlər isə 21 avqust 1997-ci ildə qurulub. 8 iyun 2011-ci ildə Azərbaycan Respublikasının Serbiya Respublikasında, 2011-ci ilin fevral ayında isə Serbiya Respublikasının Azərbaycan Respublikasında Səfirliyi fəaliyyətə başlayıb.

Dövlət başçıları səviyyəsində son illər intensivləşən qarşılıqlı yüksək səviyyəli səfərlər iki ölkə arasında əməkdaşlıq sahələrinin genişləndirilməsi və dərinləşdirilməsi üçün zəmin yaradıb.

İki ölkə arasında əməkdaşlıq ikitərəfli formatla yanaşı çoxtərəfli müstəvidə də uğurla davam etdirilir. Beynəlxalq arenada ölkələrimiz bir-birinin suverenliyi, ərazi bütövlüyünü birmənalı şəkildə qarşılıqlı surətdə dəstəkləyir, beynəlxalq təşkilatlar çərçivəsidə hər iki ölkə tərəfindən irəli sürülən təşəbbüslər nəzərə alınır. Beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Serbiya dövlətlərinin təmsilçiləri prinsipial məsələlərin həllində birgə mövqe nümayiş etdirirlər.

İki ölkə arasında enerji sahəsindəki əməkdaşlıqda yeni imkanlar açılıb. Serbiya Azərbaycanın Avropada qaz bazarını şaxələndirməsində yeni tərəfdaşıdır. Serbiyaya qaz tədarükü nəticəsində Azərbaycan qazını idxal edən ölkələrin sayı 9-a çatıb. Bu, Azərbaycanın etibarlı enerji tərəfdaşı missiyasının genişlənməsinin və Avropanın enerji təhlükəsizliyində oynadığı rolun getdikcə artmasının bariz göstəricisidir. Bu gün Azərbaycan qazı Serbiyanın təchizat mənbələrinin şaxələndirilməsi ilə yanaşı, Mərkəzi Avropaya qazın paylanmasında tranzit ölkə kimi Serbiyanın strateji roluna da töhfə verir.

Dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mərasimdə iştirak ediblər.

Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bir sıra mühüm məqamlara toxunub. Qeyd edilib ki, İnterkonnektorun fəaliyyətə başlaması Avropanın enerji təhlükəsizliyinə önəmli töhfə verəcəkdir. Bildirilib ki, 2021-ci ildə Azərbaycanın Avropa məkanına qaz ixracı 8 milyard kubmetrdən bir qədər çox olmuşdursa, bu il bu, təxminən 12 milyard kubmetrə çatacaqdır. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir.

Bu gün Azərbaycanın bütövlükdə enerji strategiyası uğurla icra edilir. Bununla bağlı ölkəmizin genişmiqyaslı planları vardır. Ölkəmiz tərəfimindən irəli sürülərək icra edilən layihələr Avropanın və Asiyanın – Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib edib.

Strateji əhəmiyyət kəsb edən neft kəmərləri – Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa bu gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır. Uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizi – nəhəng infrastruktur layihəsi olaraq hazırda Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir. Buna görə də Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi dəyərləndirir.

Qeyd edilib ki, Azərbaycan iki il əvvəl Bolqarıstana qaz təchizatına başlayıb. 2021-ci ildə bu ölkəyə 270 milyon kubmetr qaz təchiz edilib. 2022-ci ildə isə ixrax 500 milyon kubmetrdən bir qədər çox olub. Bu il isə bu rəqəm 1 milyard kubmetrə yaxın olacağı gözlənilir.

Azərbaycanın eneri sahəsində böyük planları vardır. Bu planlara uyğun olaraq qaz təchizatının coğrafiyası daha da genişləndiriləcək və Azərbaycan qazı gələcəkdə Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxarılacaqdır.

Eyni zamanda ölkəmizin əsas iqtisadi hədəfləri bərpaolunan eneri növləri ilə bağlıdır. Artıq 10 qiqavat bərpaolunan enerji növlərinin yaradılması üzrə Azərbaycan tərəfindən investorlarla sazişlər və anlaşma memorandumları imzalanıb. Azərbaycan zəngin neft və qaz resurslarına malik olmasına baxmayaraq, ölkəmiz gələcəkdə təmiz yaşıl enerjinin istehsalına və ixracına əsas diqqəti yönəldəcəkdir. Bu da öz növbəsində ölkəmizin iqtisadi gücünün daha da artmasına səbəb olacaqdır.

Qeyd etmək lazımdır ki, iki ölkə arasında yüksələn xətlə inkişaf edən əməkdaşlıq iqtisadi münasibətlərin inkişafında da özünü göstərir. Kənd təsərrüfatı, hava nəqliyyatı, turizm, tibb, nəqliyyat-infrastruktur və digər sahələrdə əməkdaşlıq hər iki tərəfin maraq dairəsindədir.

Azərbaycanın Şuşa və Serbiyanın Novi Pazar şəhərləri arasında 2023-cü ilin 17 martında qardaşlaşma əlaqələrinin təsis edilməsi və mədəniyyət, turizm, şəhərsalma, elm, iqtisadiyyat və ictimai həyatın digər uyğun sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanması iki ölkə arasında strateji münasibətlərin digər bariz nümunəsidir.

Ölkələrimiz arasında humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq da mövcuddur. 2011-ci ildə Belqradın Taşmaydan parkında Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin abidəsi, Novi Sad şəhərində Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin büstünün açılışı, 2013-cü ildə isə Bakıda görkəmli serb alimi Nikola Teslanın abidəsinin açılışı olub.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki