image-1backend

Azərbaycan sülhdən danışır, Fransa Ermənistanı silahlandırır – Bu nələrə səbəb ola bilər? – Deputatdan ŞƏRH

image-reklam_sirab_01

Azərbaycan Vətən müharibəsində qələbə qazandıqdan dərhal sonra Ermənistanla münasibətlərin bərpası istiqamətində addımlar atmağa başladı.

Elə sülhlə bağlı təkliflər, çağırışlar da ilk olaraq Azərbaycandan gəldi. Ancaq 3 il ərzində Ermənistan sülhlə bağlı danışıqlardan boyun qaçırır. Bütün bunlarla yanaşı, Fransa və Ermənistanın digər havadarları da Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını əngəlləmək addımlar atır. Elə buna misal olaraq Fransanın Ermənistanı silahlandırmasını göstərmək olar. Bəs görəsən Fransa və bəzi böyük dövlətlər illərlər Azərbaycan torpaqlarına göz yumduğu halda, nəyə görə Azərbaycanın öz gücü ilə torpaqlarını azad etməsindən sonra belə qərəzli mövqe sərgiləyir? Sülh prosesinin gecikməsi Ermənistan üçün necə nəticələnə bilər?

Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisi deputatı Cavanşir Feyziyev deyib ki, Vətən müharibəsindən dərhal sonra Azərbaycanın Ermənistana sülh təklifi bölgədə çoxillik münaqişəyə birdəfəlik son qoymaq və bölgədaxili qarşılıqlı əməkdaşlığı təmin etmək məqsədi daşıyırdı.

Cavanşir Feyziyev

“Lakin hadisələrin sonrakı gedişi göstərdi ki, vasitəçilik iddiasında olan bir sıra dövlətlər, o cümlədən Fransa heç də bölgəmizdə sabitliyin yaranmasında maraqlı deyillər. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması bölgədə öz mövcudluğunu təmin etməyə çalışan dövlətlərin maraqlarına uyğun gəlmir. Ona görə də Fransa kimi dövlətlər ərazinin daha çox hərbiləşməsinə və qarşıdurmanın latent şəkildə də olsa davam etdirilməsinə zəmin yaradırlar. Bu onların Cənubi Qafqaz bölgəsinə ekspansiya siyasətinin tərkib hissəsidir”.

Deputat qeyd edib ki, bölgəyə sülhün gəlməsi ilk növbədə bütün bölgə dövlətlərinin qarşılıqlı münasibətlərində münaqişə rejimindən əməkdaşlıq rejiminə keçidini təmin edə bilər.

“Cənubi Qafqaz dövlətləri arasında ilk növbədə bütün nəqliyyat- kommunikasiya əlaqələrinin bərpa olunması qarşılıqlı iqtisadi- ticari fəaliyyətin canlandırılmasına gətirib çıxara bilər. Bölgə öz bütövlüyünü təmin edərək ərazidə həyata keçirilə biləcək regional və qlobal layihələrdə birgə iştirak etməklə dünya iqtisadi sisteminə daha sıx inteqrasiya oluna bilər. Sülhün bərqərar olunması bütövlükdə Avrasiyada və dünyada təhlükəsizliyin təmin olunmasına böyük töhfə olar və bölgə əhalisinin daha firavan həyat şəraitinin yaradılmasına yeni imkanlar açardı”.

Cavanşir Feyziyev deyib ki, bölgə dövlətləri arasında sülhə ən çox ehtiyacı olan ölkə məhz Ermənistandır.

“Nə qədər təəccüblü görünsə də ən çox sülhdən yayınan da elə Ermənistan dövlətidir. Görünən odur ki, Ermənistan siyasi rəhbərliyinin öz ölkəsinin gələcək inkişafı ilə bağlı müstəqil siyasəti yoxdur. Ermənistan höküməti öz xalqının milli maraqlarını unudaraq müxtəlif güc mərkəzlərinin bölgəmizlə bağlı maraqlarının təmsilçisi rolunda çıxış edir. Bu isə ilk növbədə Ermənistanın özünün beynəlxalq siyasətdə rəqabət qabiliyyətliyini minimuma endirir və onu bölgədən kənar güclərin vassalına çevirir. Yeni dünya düzəninin formalaşması prosesində vassal dövlətlər onların üzərində həlledici təsir gücünə malik olan dövlətlərin yeni müstəmləkəsinə çevrilmək riski ilə üzləşə bilərlər. Bu isə həm bölgə dövlətlərinin, həm də erməni xalqının maraqlarına birbaşa ziddir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki