image-1backend

Azərbaycan tarixində yeni səhifə – ŞƏRH

image-reklam_sirab_01

Tarixi Zəfərimizin üçüncü ildönümünü qeyd edirik. Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilib. XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər. Aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, Ordumuzun qarşısında, hətta, dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaqdı.

Ordumuzun İkinci Qarabağ müharibəsində qazandığı şanlı Qələbənin əsasında əsgər və zabitlərimizin qəhrəmanlığı və vətənpərvərliyi dayanır. Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

O qeyd edib ki, 44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrilən “Dəmir yumruq” Prezident-Xalq-Ordu birliyinin, həmrəyliyinin təqdimatı oldu. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin çirkin kampaniyalarına qarşı fədakarlıqla mübarizə apardılar. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşları görünməmiş həmrəylik nümayiş etdirdi, ön və arxa cəbhədə sarsılmaz birlik yarandı. Bu birlik və həmrəylik haqlı olaraq “Dəmir yumruq” kimi səciyyələndirilir. Son üç ildə bu birliyi işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərində də görürük.

Azərbaycanın tarixində yeni səhifə açıldığını vurğulayan Əliabbas Salahzadə əlavə edib: “İşğaldan azad olunmuş ərazilərə səfərləri ilə Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin torpaqları tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirib. Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə artıq geniş inşaat işləri gedir. Qələbəmizin əbədiləşdirilməsi üçün bütün şəhərlərdə İşğal və Zəfər muzeyləri inşa ediləcək. Azərbaycanın quruculuq missiyası başlanıb. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Tarixi torpaqlarımıza həyat qayıdır. Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin hazırda Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Müasir tələblər səviyyəsində qurulan torpaqlarımıza soydaşlarımızın qayıdışı mərhələli şəkildə həyata keçirilir. Tezliklə Qarabağın və Şərqi Zəngəzurun böyük investisiyalar məkanına çevriləcəyinin şahidi olacağıq”.

Deputat bu mühüm məqamı da diqqətə çatdırıb ki, 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərin məhz 2023-cü ildə tamamlanması rəmzi məna daşıyır: “Xankəndi zəfəri “Heydər Əliyev İli”nə ən böyük töhfədir. Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən üç il sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xankəndidə separatçı rejimin ləğv edilməsi, Azərbaycanın hər bir qarış torpağı üzərində suveren hüququnun tam bərpa edilməsi kimi tarixi missiya yerinə yetirildi. 2023-cü il oktyabrın 15-də Müzəffər Ali Baş Komandan İlham Əliyev müqəddəs Azərbaycan Bayrağını Xankəndidə, Ağdərədə, Xocalıda və Xocavənddə ucaldaraq xalqımıza 30 ildən çox səbirlə gözlənilən ən böyük müjdəni – tam qələbə xəbərini verdi. Sözü imzası qədər keçərli, siyasi iradəsi, prinsipiallığı, uzaqgörənliyi ilə ən yeni Azərbaycan tarixinə öz möhürünü vurmuş və gələcək nəsillərə parlaq inkişaf yolu açmış Lider – İlham Əliyev Azərbaycan ərazisində erməni separatizminə son qoydu. Dövlətimizin başçısı İlham Əliyev Xankəndidən xalqa müraciətində böyük qürur hisi ilə bildirdi ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi. Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz inanırdıq ki, bu gün gələcək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki