image-img-20230319-wa0006backend

Azərbaycan-Türkiyə birliyi bütün dünya üçün nümunədir

image-reklam_sirab_01

Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu dərin köklərə əsaslanır və illər keçdikcə atılan addımların fonunda daha da möhkəmlənir. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü bir daha bu qardaşlığın aydın mənzərəsini təqdim etdi.
“Fəlakət – Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusuna həsr olunan Zirvə görüşü Türkiyənin cənub və cənub-şərq bölgələrində baş verən dəhşətli zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyətlə bağlı məsələlərin ən yüksək səviyyədə müzakirə edildiyi toplantıdır. Liderlər fəlakətlərlə mübarizədə Türk Dövlətləri Təşkilatı daxilində çoxtərəfli sıx əməkdaşlıq və koordinasiya mexanizmlərinin yaradılması, regionda mövcud çağırışlarla bağlı məsləhətləşmələr apardılar. Azərbaycanın qardaş ölkədə zəlzələnin baş verdiyi ilk gündən göstərdiyi dəstək Türkiyə rəsmiləri tərəfindən yüksək dəyərləndirilir. Azərbaycanın maddi, mənəvi və humanitar dəstəyi, azərbaycanlı xilasedicilərin və həkimlərin zəlzələ bölgəsində əzmlə və fədakarlıqla çalışmaları təqdirlə qarşılandı. Dövlət başçısı İlham Əliyevin zəlzələdən sonra Türkiyəyə işgüzar səfəri dünyanın diqqətindən kənarda qalmadı. Bu, bir daha qardaş dəstəyinin nümayişi oldu.
Azərbaycanın Türk dünyasının birliyinin, həmrəyliyinin möhkəmləndirilməsinə töhfələri həmişə davamlılığı ilə diqqətdə olub. Azərbaycanın “Biz birlikdə güclüyük!”, “Türk dünyası böyük bir ailədir!”, “Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik!” kimi çağırışları Türk dünyasının birliyinə yönələn addım kimi dəyərləndirilir.
Bu gün Azərbaycan və Türkiyə iki qardaş ölkə və strateji müttəfiqlər kimi regionda yeni tarixi reallıqlar yaradır, birgə qərarlar, müştərək qlobal layihələr vasitəsilə Avrasiya məkanında sülhə, təhlükəsizliyə, əməkdaşlığa davamlı töhfələr verir. Azərbaycan-Türkiyə birliyinin gücü bölgədə ədalətli sülhün qarantıdır. Ölkələrimiz, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan etibarlı tərəfdaşlardır.
Dünya Azərbaycan və Türkiyə birliyin sarsılmazlığının 44 günlük İkinci Qarabağ müharibəsində və ötən ayın əvvəlində qardaş Türkiyədə baş verən zəlzələ zamanı bir daha şahidi oldu. Atılan addımlar qardaş dəstəyinin nümunəsini təqdim etdi. Dövlətimizin başçısı İlham Əliyevin əminliklə qeyd etdiyi kimi, qardaş xalqlarımızın iradəsi ilə ən yüksək zirvələrdə qərarlaşmış Azərbaycan-Türkiyə münasibətləri yeni nailiyyətlərlə daha da möhkəmlənəcək.
Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olub. Azərbaycandan xilasedicilər, tibb personalı və könüllülər də daxil olmaqla 940 nəfər zəlzələ bölgəsinə göndərilib. Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərib. Bu günə qədər 45 milyon ABŞ dollarından artıq vəsait AFAD və digər humanitar qurumların bank hesabına köçürülmüşdür. Bununla yanaşı, qardaş Türkiyəyə 5320 ton humanitar yardım çatdırılıb.
Eyni zamanda, Heydər Əliyev Fondu Türkiyədə baş verən zəlzələyə ilk reaksiya verən təşkilatlardan biri oldu. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə Türkiyədəki zəlzələ bölgəsinə edilən yardımlar qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər rəsmilər tərəfindən yüksək qiymətləndirildi. Ümumilikdə Heydər Əliyev Fondu tərəfindən Türkiyənin zəlzələ bölgəsinə 9 milyon 485 min 563 manat məbləğində yardım göstərilib.
Azərbaycan-Türkiyə birliyi Türk dünyası, ümumilikdə bütün dünya üçün nümunədir. Reallıq budur ki, üzv ölkələr arasında əlaqələr və əməkdaşlıq getdikcə güclənir. Zirvə görüşündə qəbul edilən Bəyannamədə də Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları gələcək fəaliyyətlə bağlı əsas prioritetləri təsdiqlədilər.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki