image-b89ac8c9-43a0-4182-90a9-b006bc917659backend

Azərbaycan-Türkiyə birliyi regionda sabitliyin, təhlükəsizliyin qarantıdır

image-reklam_sirab_01

 

 

İyunun 13-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi dövlət səfərinə gəlib. Səfər çərçivəsində iki dost və qardaş ölkə rəhbərlərinin təkbətək və geçiş tərkibdə görüşləri olub və görüşün sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər.

Qeyd edilməlidir ki, Azərbaycan-Türkiyə münasibətlərinin dünəninə baxış əsasında bu gününün   və qarşıdakı dövrün hədəflərini özündə ehtiva edən Şuşa Bəyannaməsinin imzalanmasından iki il keçir. Tarixi Zəfərimizdən sonra Azərbaycan-Türkiyə  münasibətlərində yeni mərhələnin başlanması atılan addımlarda özünün aydın ifadəsini tapır. Ötən iki ildə  dünyaya nümunə olan Azərbaycan-Türkiyə birliyinə, həmrəyliyinə edilən əlavələrə diqqət yetirmək kifayətdir. Ümumilikdə tarixi Zəfərimiz bu qardaşlığın dünyaya təqdimatında öz sözünü dedi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil” çağırışı dünyaya mesaj oldu. Sonadək mənəvi və siyasi dəstəyini göstərən qardaş Türkiyə Zəfərimizi Azərbaycan ilə birgə yaşadı. Postmünaqişə dövrünün reallıqlarının  qəbul etdirilməsində və həyata keçirilməsində Türkiyə daim Azərbaycanın yanındadır. Azərbaycanın döyünən ürəyi, Qarabağın tacı Şuşanın şahidliyi ilə imzalanan Müttəfiqlik sənədi Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığnın və müttəfiqliyinin gələcək inkişafının təqdimatı oldu. Şuşa Bəyannaməsinin məhz Milli  Qurtuluş Gününə – 15 İyun tarixinə, Qarabağ və  Zəngəzur üçün çox vacib olan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası var. Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir. Hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə yönələn bu sənəd  Bakı və Ankaranın rəhbərliyi ilə regionda etimad və inkişaf mühitinin yaradılmasının  başlanğıcı oldu.

İki dost və qardaş dövlətin başçılarının qarşılıqlı səfərləri münasibətlərin daha da dərinləşməsində,  yeni istiqamətlər üzrə inkişafında əhəmiyyətli rol oynayır. Son iki ildə Azərbaycan və qardaş ölkənin Prezidentinin qarşılıqlı səfərlərinin say tərkibinə diqqət yetirmək kifayətdir. Bir daha sübut olunur ki, bir millət iki dövlət olan Azərbaycan və Türkiyə sevincli, kədərli anlarda bir yerdədir, bir-birinə dəstəkdir. Dünya bu ilin fevral ayında Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Azərbaycan-Türkiyə qardaşlığının növbəti nümunəsinin şahidi oldu. Dünya həm dövlət səviyyəsində, həm də sadə vətəndaşların nümunəsində bu birliyin sarsılmazlığını gördü. “Qardaş Türkiyənin yanındayıq!” çağırışı əməldə öz təsdiqini tapdı.

İyunun 12-də cənab Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərindən sonra Şimali Kipr Türk Respublikasının ardınca Azərbaycana səfəri münasibətlərimizdə yeni mərhələnin başlanğıcı oldu. Şuşa Bəyannaməsinin ikinci ildönümünə təsadüf edən bu səfərdə əlaqələrin hazırkı inkişaf səviyyəsi təhlil edilərək, yeni hədəflər müəyyənləşdirildi.

Azərbaycan-Türkiyə birliyinin, həmrəyliyinin daha da möhkəmləndirilməsi üçün bütün imkanlar mövcuddur. Bu birlik regionda sabitliyin, təhlükəsizliyin qarantıdır. Postmünaqişə dövrünün mühüm reallıqlarından biri kimi, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində Azərbaycanın göstərdiyi səylər qardaş Türkiyə tərəfindən təqdir edilir.

Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan 2020-ci ildə tarixi Zəfəri ilə dünyaya səs saldı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi ilə  rəşadətli ordumuzun dünya hərb tarixinə yazdığı yeni səhifə ölkəmizin hansı imkanlara malik olduğunu  beynəlxaq aləmə  təqdim etdi. Tarixi Qayıdışdan şanlı Zəfərə qədər böyük yol qət edərək biri-birindən  mühüm uğurlara imza atan Azərbaycan hazırda qalibiyyəti, yaratdığı yeni reallıqlar ilə  qürurludur. Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Tezliklə Böyük Qayıdış proqramı uğurla başa çatacaq. Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın qarşısında bütün sahələrdə yeni imkanlar yaranacaq.

 

 

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki