image-3backend

Azərbaycan və Qazaxıstan arasında münasibətlərin dərinləşməsi mühüm hadisədir

image-reklam_sirab_01

SSRİ dağıldıqdan sonra müstəqillik əldə edən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan Türk Dünyası birliyinin fəallaşmasına səbəb oldu. Uzun müddət inkişaf yolu keçən bu ölkələr dünyanın həm siyasi xəritəsində, həm də iqtisadi münasibətlər sistemində özünə yer edə bildi. İldən – ilə bu ölkələr arasında ikitərəfli və həmçinin çoxtərəfli əlaqələr inkişaf edərək bu gün özünün ən yüksək səviyyəsinə çatmışdır. Əlbəttə ki, bu dövlətləri ümumi tarix və mədəni köklər birləşdirməklə yanaşı, eyni zamanda, sıx iqtisadi və siyasi maraqlar da çox önəmli maraq kəsb edir. Azərbaycan strateji baxımdan Mərkəzi Asiya üçün Avropa bazarlarına gedən yolu təmin edir.
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda sıx əməkdaşlıq münasibətləri formalaşmışdır. Ölkə başçısının bir-birinin ardınca Tacikistan və Qazaxıstan səfərləri bunu bir daha təsdiq edir. Dövlət rəhbərlərinin birgə səyləri nəticəsində son illərdə Qazaxıstanla Azərbaycan arasında münasibətlər daha açıq və hərtərəfli xarakter kəsb etmiş, siyasi, ticarət-iqtisadi, mədəni-humanitar əməkdaşlıqlar daha da aktivləşmişdir.
Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri və bu səfər çərçivəsində imzalanmış sənədlər, həmçinin dövlət başçılarının mətbuata bəyanatlarla çıxış etməsi xüsusi əhəmiyyət kəsb edir.
Ölkə başçısı Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatla çıxışı zamanı qeyd etdi ki, ”Biz həqiqətən ölkələrimiz arasında çoxşaxəli əməkdaşlığı dərinləşdirmək və genişləndirmək əzmindəyik. Müttəfiqlik qarşılıqlı əlaqələrinin və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi haqqında Bəyannamə imzalandı. Bugünkü Bəyannamə də əlaqələrimizin və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə yönəlib. Bu bəyannamələrin adlarının özü bizim münasibətlərimizin xarakterinə dəlalət edir. Bu, müttəfiqlər arasında münasibətlərdir”.
Bu münasibətlərin əsasını xalqlarımız arasında çoxəsrlik tarixə malik olan qarşılıqlı əlaqələr, dostluq və əməkdaşlıq təşkil edir. Cənab İlham Əliyevin vurğuladığı kimi, ”Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir”. Hazırda dünyada, o cümlədən, Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər regional təhlükəsizliklə bağlı məsələlər, həmçinin, nəqliyyat, logistika, energetika, ekologiya, humanitar əməkdaşlıq və digər sahələr üzrə əlaqələri daha da möhkəmləndirmək zərurətini yaradır.
Qazaxıstan və Azərbaycan ticarət-iqtisadi sahədə qarşılıqlı faydalı əsasda əməkdaşlıq edir. Belə ki, ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi yarım milyard dollara yaxındır, lakin, əlbəttə ki, ticarət-iqtisadi tərəfdaşlığın potensialının artırılması nəzərdə tutulur. Həmçinin, Azərbaycan və Qazaxıstanın müvafiq strukturlarının əlaqələndirilmiş şəkildə fəaliyyəti iqtisadi kooperasiyanı keyfiyyətcə yeni səviyyəyə çatdırmağa imkan verəcəkdir. Bu baxımdan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun, belə adlandırılan “Orta Dəhliz”in potensialının tam üzə çıxarılması böyük əhəmiyyət kəsb edir. 2022-2027-ci illərdə Orta Dəhlizin inkişafına dair yol xəritəsinin səmərəli reallaşdırılması da böyük əhəmiyyət kəsb edir. Ölkələr arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsi də müzakirə olunan məsələlər sırasındadır. Hazırda Qazaxıstan üçün enerji resurslarının dünya bazarlarına çatdırılmasının daha da şaxələndirilməsi prioritetdir. Artıq Qazaxıstan neftinin ilk partiyası Azərbaycandan keçməklə göndərilmişdir.
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması məsələsində Qazaxıstanın mövqeyinə görə Prezident Tokayevə təşəkkürünü bildirən ölkə başçısı İlham Əliyev bildirdi ki,” Biz normallaşma əzmindəyik və İkinci Qarabağ müharibəsi başa çatandan sonra məhz Azərbaycan sülh müqaviləsi üzərində işə başlamağı təklif etdi. Praktiki olaraq bu iş başlanıb, amma bizim istədiyimiz kimi rəvan getmir. Lakin bunun alternativi yoxdur. Hətta 30 illik işğala və Azərbaycan xalqının məruz qaldığı məhrumiyyətlərə, hazırda bərpa etməli olduğumuz dağıntılara baxmayaraq, qonşular arasında münasibətlər normal olmalıdır. Bununla belə, biz gələcəyə baxırıq və hesab edirik ki, suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, BMT-nin Nizamnaməsi, beynəlxalq hüququn bütün əsas normaları və prinsipləri əsasında sülh müqaviləsinə nail olmaq mümkündür, bu müqavilə çoxillik düşmənçilik səhifəsini çevirəcək”. Azərbaycan bütün platformalarda sülhün və təhlükəsizliyin təmin olunması, münasibətlərin normallaşması üçün fəal iş apardığını bəyan edir və bunu real addımlarla göstərir. Bütövlükdə qeyd etmək lazımdır ki, ölkə başçısının Qazaxıstana rəsmi səfəri iki dövlət arasında münasibətlərin daha da dərinləşməsinə mühüm töfhədir.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki