Türkiyə və Azərbaycanın qardaşlıq münasibətlərinin, birliyinin yeni istiqamətlər üzrə inkişafı bu gün dünyanın diqqət mərkəzindədir. Müttəfiqlik nümunəsi göstərən, yeni geosiyasi və geoiqtisadi münasibətlərin başlanğıcını qoyan Azərbaycan və Türkiyə yeni hədəflərə birgə addımlayır. Bu gün Azərbaycan – Türkiyə əlaqələri indiyə qədər tarixdə rast gəlinməyən və indinin özündə də başqa ölkələrin nümunəsində görünməyən bir mərhələyə çatıb. Tarixi qardaşlıq əlaqələrinin sürətli inkişafında, yeni və ən üst səviyyəyə daşınmasında hər iki dövlətin prezidentləri – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın əsl dostluq, qardaşlıq münasibətlərinin rolu danılmazdır.
Türkiyənin 13-cü Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın seşkidən sonra ilk səfərini Azərbaycana gerçəkləşdirməsi ilk növbədə iki qardaş ölkə arasında münasibətlərin ən yüksək səviyyədə olmasının məntiqi nəticəsidir. Qardaş ölkənin rəhbərinin bu səfəri onun növbəti prezidentliyi dönəmində Azərbaycan-Türkiyə əlaqələrinin daha sıx, daha davamlı edəcəyinə əyani sübutdur. Prezidentlər cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğan arasında səmimi münasibətlərin dövlətlərarası əlaqələrə bir daha töhfələr verəcəyi heç kimdə şübhə doğurmur.
Qeyd olunmalıdır ki, ölkələr arasında həyata keçirilən səfərlərin təsnifatında Dövlət səfərləri xüsusi əhəmiyyət daşıyır. Bu səfərlər xüsusi protokol qaydaları ilə, diplomatik mərasimlərlə müşayiət olunur. Burada əsas məqsəd dövlətlərarası münasibətlərin ən yüksək, ən ali səviyyəsini nümayiş etdirməkdir. Dünyada Azərbaycan və Türkiyənin timsalında elə ölkələr, xalqlar tapmaq mümkün deyil ki, bu şəkildə birlik, həmrəylik sərgiləsin, bir yumruğa çevrilsin.
Bu gün Türkiyə ərazisindən Avropa ölkələrinə Azərbaycanın qaz ixracı artmaqdadır. Enerji sahəsində bizim işimiz təbii qaz məsələsi ilə məhdudlaşmır. Bərpaolunan enerji növləri üzrə əməkdaşlığın böyük perspektivləri var. Bu gün həm qaz, həm neft, həm neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi sahələrində də fəal əməkdaşlıq əlaqələri mövcuddur.
Hazırda iki dövlət arasında ticarət dövriyyəsi sürətlə artır və artıq 6 milyard dollara yaxınlaşıbdır və gələcəkdə daha da artacaq. Xüsusilə enerji sahəsində birgə həyata keçirilən layihələr bunu təmin edəcəkdir. Azərbaycandan Türkiyəyə təbii qazın ixracı artmaqdadır, ildən-ilə artır və prezidentlərin görüşü zamanı razılığa gəlinib ki, ixrax bundan sonra da artacaqdır.
Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətlərdə inqilabi gerçəklikdir. 2021-ci il iyunun 15-i Azərbaycan tarixində əlamətdar gün kimi qalacaq. Tariximizdə ilk dəfə olaraq Azərbaycan lideri xarici dövlətin başçısını Qarabağda qarşıladı. Bizim üçün mühüm mənəvi əhəmiyyət kəsb edən Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması, sözsüz ki, gələcək dərsliklərə yazılacaq mühüm tarixi hadisə kimi yaddaşlarımıza həkk olundu. 15 iyun 2021-ci il tarixindən başlayaraq Bakı və Ankara hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqliklərini rəsmi şəkildə elan etdi. Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Burada qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar.
Təranə Tağıyeva – BDU, Beynəlxalq munasibətlər və iqtisadiyyat fakultəsinin dosenti, Tarix üzrə fəlsəfə doktoru