image-img-20230319-wa0007backend

Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanında olmuşdur

image-reklam_sirab_01

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib. Belə ki, daha əvvəl Zirvə görüşünün Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. Digər iştirakçı ölkələrin rəhbərliyi ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olunub. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, Türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsidir.
Görüşdə Türk Dövlətləri Təşkilatının sammitlərinin əhəmiyyətindən bəhs edilib, bu toplantının Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması mövzusuna həsr olunmasının önəmi vurğulanıb. Görüşdə habelə, iki ölkə arasında siyasi, iqtisadi, ticarət, enerji, müdafiə, müdafiə sənayesi sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və regional məsələlər müzakirə olunub.
Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev deyib ki, Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olub. “Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərilib. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərib”.
Dövlət başçısının sözlərinə görə, Azərbaycandan bu günə qədər 45 milyon ABŞ dollarından artıq vəsait AFAD və digər humanitar qurumların bank hesabına köçürülüb. “Bununla yanaşı, qardaş Türkiyəyə 5320 ton humanitar yardım çatdırılmışdır. Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur. Bundan sonra da belə olacaq”, o qeyd edib.
Dövlətimizin başçısı 2021-ci ilin iyun ayında Qarabağın tacı olan Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsinin imzalandığını və bu isə bizim əlaqələrimizin rəsmən müttəfiqlik səviyyəsinə qaldırdığını söylədi.
Prezident İlham Əliyev onu da vurğuladı ki, Türkiyə son 20 ildə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçmiş, dünyada söz sahibi olmuş, güc mərkəzinə çevrilmişdir. Bu gün dünyada Türkiyə ilə hesablaşırlar və ona hörmət edirlər: “Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. Bu illər ərzində Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün türk dünyası üçün önəmli şərtdir”.
Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün yükunu olaraq Ankara Bəyannaməsi imzalanıb.

Aysel Mənsimova – politoloq


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki