image-2backend

Azərbaycan və Türkiyə hər zaman bir yerdədir

image-reklam_sirab_01

Fevral ayının 6-da Azərbaycan üçün dost və qardaş ölkə olan Türkiyənin  tarixində ən faciəli hadisələrdən biri – dəhşətli zəlzələ hadisəsi baş verdi. Gecə saattlarında mərkəzi Kahramanmaraş olmaqla, 10 vilayətdə baş verən zəlzələlər nəticəsində minlərlə insan həyatını itirdi, on minlərlə insan yaralandı və dağıntılar altında qaldı.

Bu dəhşətli hadisəyə ilk səs verən qardaş Azərbaycan oldu. Azərbaycan və Türkiyə “Bir millət-iki dövlət” olaraq həm sevincli, həm də kədərli günlərdə bir birinin yanındadır. İki qardaş xalq və dövlət olaraq hər zaman bir yerdəyik. Bir neçə gün öncə Türkiyənin cənub bölgəsində baş verən güclü zəlzələnin nəticələrinin aradan qaldırılmasında Azərbaycanın qardaş dəstəyi də bu reallığı təsdiqləyir.

Prezident İlham Əliyev zəlzələnin baş verdiyi gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək qardaş ölkədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını və kədərləndirdiyini deyib. Prezident İlham Əliyev zəlzələ zamanı həlak olanlarla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, onların ailələrinə və qardaş Türkiyə xalqına şəxsən öz adından və xalqımız adından başsağlığı çatdırıb, yaralananların tezliklə şəfa tapmasını diləyib.

Fevralın 8-də isə Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin ölkəmizdəki səfirliyində olub, qardaş ölkədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib. Dövlətimizin başçısı Azərbaycanın hər zaman olduğu kimi, zəlzələdən sonra ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında olduğunu vurğulayıb: “Azərbaycan öz dəstəyini, öz həmrəyliyini həmişə olduğu kimi nümayiş etdirir. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik”. Dövlət başçısının dediyi kimi, Azərbaycan sona qədər öz dəstəyini göstərəcək. Ölkəmizdən davamlı olaraq zəlzələ zonasına həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcək.

Dövlətimizin başçısının tapşırığına uyğun olaraq 1000 nəfərə yaxın xilasedici heyət qardaş Türkiyəyə göndərilib və hadisə yerinə çatan kimi Türkiyədən olan həmkarları ilə birlikdə dərhal fəaliyyətə başlayıblar. İnsanların həyatının xilasında Azərbaycan xilasedicilərinin də əməyinin olmasından sevincliyik. Prezident İlham Əliyev zəlzələdən xəsarət alan vətəndaşların Azərbaycanda müalicəsi üçün bütün imkanların olduğunu da bəyan edib. Eyni zamanda, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən də qardaş ölkəyə böyük dəstək göstərilir.

Ölkədə bütün qurumlar səfərbər olub. Qardaş ölkəyə yardımlarda sadə vətəndaşlarımızın da fəal iştirakı qürurvericidir. Biz birik, hər zaman da bir olacağıq. Bu gün Azərbaycan xalqının könüllü olaraq qardaş ölkəyə yardımlar göstərməsi fonunda bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası, dövlət başçıları deyil, sadə vətəndaşlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur.

Zəlzələ nəticəsində xəsarət alanlara yardım üçün Azərbaycandan tibbi personal və tibbi ləvazimatlar, zəruri ehtiyac olan avadanlıqlar, əşyalar da qardaş ölkəyə göndərilib. Burada Azərbaycan vətəndaşlarının Türkiyədə zəlzələdən zərərçəkənlərə könüllü yardım göstərmələri də xüsusi vurğulanmalıdır. Bir neçə gündür ki, nəinki paytaxt Bakıda, respublikamızın müxtəlif bölgələrində də vətəndaşlarımız türk qardaş və bacılarımıza dəstək olmaq üçün bütün imkanlarını səfərbər edib. Sadə vətəndaşlarımızın fədakarlığı hər kəsi duyğulandırmaqla yanaşı qürur hissi yaradır. Bütün bunlar bir daha təsdiqləyir ki, sadə  insanlar səviyyəsində də əsl qardaşlıq, mənəvi amillər bizi bir birimizə bağlayır. İnanırıq ki, qardaş Türkiyə dövləti və xalqı bu çətin sınaqdan da şərəflə çıxacaqdır.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki