image-315-gulnare-meherrremovabackend

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması önəmli bir hadisə kimi tarixə düşmüşdür

image-reklam_sirab_01

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası “İstiqlal Bəyannamə”sini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, höküməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına təsir göstərmişdir.

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmuşdur. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Beləliklə, “ Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmişdir.

XX əsrin sonlarında yenidən müstəqilliyə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycanın dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai- siyasi sabitliyi bərqərar etdi. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu.

Ulu Öndərimiz dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü elan etmişik və bu, bizim milli bayramımızdır.”
Ümummilli Liderin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunmuşdur və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi təntənəli şəkildə qeyd olunmuşdur.

28 Mayın Azərbaycan Respublikasının Müstəqillik Günü, 18 Oktyabr isə Müstəqilliyin Bərpası Günü elan edilməsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şəhidlərimizin qanı-canı bahasına geri qaytarılan torpaqlarımıza sancılan bayrağımız, həmin ərazilərdə səsləndirilən himnimiz, qürurla nümayiş etdirilən dövlət gerbimiz də daxil olmaqla, dövlət atributlarımızın yaşının da müstəqilliyimiz qədər olması 44 günlük Vətən müharibəsi nəticəsində regionda yaratdığımız reallıqdır. Müstəqillik Günü artıq işğaldan azad olunan torpaqlarda da qeyd olunur.

Gülnar Məhərrəmova
Suraxanı rayonu, 315 nömrəli tam orta məktəbin Tərbiyə işləri üzrə direktor müavini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki