image-3backend

Azərbaycan xalqı Türkiyə üçün səfərbər olub

image-reklam_sirab_01

Azərbaycan və Türkiyənin münasibətləri iki müttəfiq, dost ölkə anlayışlarından daha böyükdür. Biz iki qardaş ölkəyik. Ulu Öndər Heydər Əliyevin dediyi “Bir millət, iki dövlət” fikri həqiqətən də reallıqdır.

Dost və qardaş ölkələr olan Türkiyə və Azərbaycanı iqtisadi-siyasi, hərbi, ticari, elmi-mədəni, ümumiyyətlə, bütün sahələrdə tarixi yaxınlıq və eyni milli dəyərlər birləşdirir. Bütün tarixi dövrlərdə davamlı və uzunmüddətli əlaqələr quran Türkiyə və Azərbaycanın ictimai-siyasi, iqtisadi-sosial və mədəni həyatında dinamizm meyilləri müşahidə olunub. Həmişə bir-birinin köməyini, çətin sınaqlarda dəstəyini hiss edən Azərbaycanla Türkiyənin münasibətlərində hansısa maraqlara söykənən tərəfdaşlıq meyilləri olmayıb. Türkiyə-Azərbaycan regionda sarsılmaz dostluq və qardaşlıq formatı yaradıblar.

Türkiyədə fevralın 6-da baş verən dəhşətli zəlzələ Azərbaycanda da dərin kədərlə qarşılandı. Bu faciəli hadisədən dərhal sonra qardaş ölkənin səsinə ilk səs verən məhz Azərbaycan oldu. Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefon zəngi edərək Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin  Azərbaycanı çox sarsıtdığını bildirib. Dövlət başçımız qeyd edib ki, bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olub, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib. Azərbaycan xalqı könüllü olaraq öz doğma qardaşlarına dəstək olmaq əlindən gələni edirlər. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. İctimai təşkilatlar da öz dəstəyini əsirgəmirlər. Soydaşlarımız bütün dünyaya bir daha nümayiş etdirdi ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur. Özəl sektor və bütün dövlət qurumları da bu gün qardaş türk xalqının yanındadır.

Ölkəmizin Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə artıq böyük təşəbbüsə start verilib. Fondun bütün imkanları, Fondun nəzdində çalışan bütün insanlar qardaş Türkiyəyə yardım kampaniyasına qoşulublar. Faciədən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər çatdıran xüsusi təyyarə bu gün Türkiyəyə eniş edib. Türkiyəyə ezam edilən Fond əməkdaşları zəlzələ bölgəsində faciədən zərər çəkmiş vətəndaşlara humanitar yardım çatdırıb.

Bu gün həm Azərbaycan, həm də Türkiyə bir-birinin yanında olmaqla – qətiyyətli dəstək ifadə etməklə, ən yüksək səviyyədə olan münasibətləri davamlı inkişaf etdirməklə tarix yazırlar. Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə iki güclü, nüfuzlu dövlətin birgə təşəbbüsləri regionda təhlükəsizlik mühitinin güclənməsinə, əməkdaşlıq imkanlarının genişlənməsinə əvəzsiz töhfədir.

Əminliklə söyləmək olar ki, Azərbaycan və Türkiyə daim bir-birinin yanında olacaq, birliyimiz, həmrəyliyimiz heç vaxt sarsılmayacaq!

Məftun Quluzadə – Nəsimi Rayon Gənclər və İdman İdarəsinin

rəis müavini

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki