image-photo-2023-02-12-10-21-02backend

Azərbaycandan Türkiyəyə qardaş dəstəyi

image-reklam_sirab_01

 

Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə zəlzələnin baş verdiyi ərazilərdə Fövqəladə Hallar Nazirliyinin xilasedici şəxsi heyəti və Müdafiə Nazirliyinin hərbi tibb personalı fəal şəkildə çalışır

Türkiyədə baş vermiş dəhşətli zəlzələni Azərbaycan dövləti və xalqı öz kədəri, öz dərdi kimi qəbul edib. Xalqımız bunu sözdə deyil, əməli olaraq, könüllü şəkildə nümayiş etdirib. Qürur duyulası haldır ki, Azərbaycan qardaş türk xalqına ilk dəstək verən dövlətdir.

Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı Azərbaycanın operativ şəkildə dəstək göstərib. Fevralın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb: “Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildiririk”. Dövlətimizin başçısı faciə ilə əlaqədar türk həmkarına, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib. Prezident İlham Əliyev, həmçinin zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıb.

Hazırda Prezident İlham Əliyevin tapşırığına əsasən zəlzələnin baş verdiyi ərazilərdə Fövqəladə Hallar Nazirliyinin xilasedici şəxsi heyəti və Müdafiə Nazirliyinin hərbi tibb personalı fəal şəkildə çalışır. Ümumilikdə faciə baş verdiyi saatdan 8 fevral 13.00-dək FHN-in 725 nəfərlik şəxsi heyəti Türkiyəyə göndərilib. Onlardan 34 nəfəri həkim və 7 nəfəri texniki işçi olmaqla tibbi heyətə aiddir.

Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın bütün bölgələrindən insanlar dayanmadan evlərindən yardım mərkəzlərinə yardımlar aparırlar. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım aparan xüsusi təyyarə 9 fevral tarixində Qaziantep hava limanına yola düşüb. Faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən 36 ton humanitar yardım göndərilib. Humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxildir.

Azərbaycandan Türkiyəyə qardaş dəstəyi davamlı olacaq. Necə deyərlər, xalqımız bu gün bir tikə çörəyini belə, Türkiyədə zəlzələdən əziyyət çəkənələrlə bölməyə hazırdır. İnsalarımız böyük qürur hissi ilə Türkiyəyə geyəcək paltarlar və yeyəcək qidalar göndərirlər. Hətta ucqar dağ kəndlərindən belə, həmvətənlərimiz dəstəklərini nümayiş etirirlər. Hazırda bu yardımları qablaşdırmaq üçün yüzlərlər könüllü çalışır. Bu gün minlərlə könüllü Azərbaycandan Türkiyəyə getmək üçün hazıdır.  Fevralın 11-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Kahramanmaraşda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi mətbuat konfransında deyib ki, onların bu gün buraya gəlməməyinin tək bir səbəbi ondan ibrətdir ki, bu, çox çətin əməliyyatdır: “Həddindən artıq çox insanın bir yerə toplaşması o demək deyil ki, dərhal onlar bir işə töhfə verəcəklər. Yalnız bu səbəbdən könüllülərin zəlzələ bölgəsinə planlı şəkildə gəlməsi üzərində iş gedir. Bu gündən etibarən Azərbaycandan olan könüllülər də hissə-hissə Türkiyəyə gələcək, onlar da bu əməliyyatlara qatılacaqlar”.

Prezident İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olub, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib və çıxış edib: “Azərbaycan hər zaman olduğu kimi, zəlzələdən sonra ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi. Azərbaycan öz dəstəyini, öz həmrəyliyini həmişə olduğu kimi nümayiş etdirir. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik”.

Türkiyə iqtisadi və mənəvi baxımdan böyük, güclü dövlətdir. İnanırıq ki, qardaş dövlət bu dəhşətli faciənin öhdəsindən şərəflə gələcək. Türkiyə xalqı yenə də ayaqda qalaraq bütün çətinliklərə qalib gələcək. Azərbaycan xalqı da başda Prezident İlham Əliyev olmaqla bu çətin günlərdə də Türkiyənin yanındadır. Əminik ki, iki qardaş dövlət daima tərəqqiyə doğru irəliləyəcək.

Tanrı Türk xalqına güc, səbr və parlaq gələcək nəsib etsin. Yaşasın, Türkiyə-Azərbaycan birliyi və qardaşlığı!

 

Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki