image-img-20240104-wa0001backend

Azərbaycanın beynəlxalq nüfuzu gündən-günə artır

image-reklam_sirab_01

Hər ilin yekununda ölkə başçısının xalqa müraciəti olduğu kimi 2023-cü ilin yekununda da Prezident İlham Əliyev xalqa müraciət etmiş və Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik etmişdir. Prezident xalqa müraciətində bir çox məqamlara toxunmuş və lazımi yerlərə də öz mesajını çatdırmışdır.

2023-cü ilin yekunlarına dair Prezidentin çıxışında da dediyi kimi ölkəmizin həyatında önəmli və xalqımızın yaddaşında əbədi qalacaq hadisələr baş vermişdir. Prezidentin toxunduğu məsələlərdən biri suverenliyimizin bərpası məsələsidir. Bu tarixi qələbə bizim şahid olduğumuz, lakin əsrlərboyu xalqımızın oxuyub, öyrənəcəyi qələbə tarixi olacaqdır.
Belə ki, 2023-cü ildə baş tutan birgünlük antiterror əməliyyatı zamanı Azərbaycan dövləti haqlı olaraq öz suverenliyini, ərazi bütövlüyünü tam bərpa etmişdir. Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərlərində yuva salmış erməni separatçılarına bir daha ordumuzun gücü göstərilmişdir. Separatçıların silahları alınmış, texnikaları məhv edilmiş və bəziləri qənimət kimi ordumuz tərəfindən müsadirə edilmişdir. Lakin ən vacib məqamlardan biri də özünü guya prezidentmiş kimi qələmə verən bəzi separatçılar və Vətən müharibəsi zamanı dinc sakinlərimizə qarşı terror törədənlər həbs edilmiş və Bakıya gətirilmişdilər. Beləliklə, ölkəmizdə bununla da separatizmin qalıqları təmizlənmiş və nəinki Azərbaycanda hətta demək olar ki, dünyada buna nail olan ölkələrdən biriyik.Onu da qeyd etmək istərdim ki, bu nailiyyət hər hansı kağız üzərində olan qətnamələr, müasir dünyamızda öz əhəmiyyətini itirmiş hansısa təşkilatın, beynəlxalq hüququn deyil, ölkəmizin, ordumuzun gücü, qüdrəti, Ali Baş Komandan tərəfindən düzgün yeridilimiş daxili və xarici siyasətin, müasir,təkmilləşdirilmiş ordu quruculuğu nəticəsində tariximizdə ilk dəfə olaraq Azərbaycanın hər bir guşəsində şanlı üçrəngli bayrağımız dalğalanır və suverenliyimizə öz gücümüz hesabına nail olduq.
Prezident yekun çıxışı zamanı antiterror əməliyyatının baş tutma səbəblərinə də bir daha aydınlıq gətirdi. Belə ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatdı və bayrağımız Şuşada və digər azad olunmuş ərazilərimizdə dalğalandı. Lakin Prezidentin də dediyi kimi Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərlərindən separatçılar tam məhv olmadığı üçün suverenliyimizin bərpası yekunlaşmamışdır. Müstəqil bir dövlət Azərbaycanın bütövlüyü təmin edilməli idi. Prezidentin dediyi kimi üç il ərzində Azərbaycan ədalətin tam bərpa olunmasına sülh yolu ilə çalışdı. Lakin Ermənistan bəyannamədəki öhdəlikləri yerinə yetirməkdən boyun qaçırdı və davamlı olaraq yeni təxribatlar törətdi, erməni hərbi birləşmələrini nəinki Qarabağdan çığartmağa cəhd edirdi, əksinə, hər fürsətdə onları yeni silahlarla təmin etməyə çalışırdı. Təbii ki, bütün bunlara baxmayaraq, Azərbaycan silaha əl atmadan, qan tökülmədən məsələnin dinc, sülh şəraitində həllini tapmasına çalışsa da, bu təxribatlar və Qərbin yeritdiyi ikili siyasət, bəzi ölkələrin özlərini ermənilərdən çox erməni kimi aparmaları bu məsələnin dinc yolla həllinə imkan yaratmadı. Belə ki, Azərbaycan antiterror əməliyyatlarını keçirməyə məcbur oldu və bir daha düşmənə istər canlı qüvvə, istərsə də texnika, silah, sursat baxımından çoxsaylı itki yaşatdı. Bütün bunların nəticəsində ordumuz düşməni unudulmaz məğlubiyyətə düçar etdi, separatizmin kökünü torpaqlarımızdan tamamilə kəsdi.Bu gün bütün Azərbaycan torpağı azaddır və tək Azərbaycanda deyil, dünyanın istənilən ölkəsində yaşayan vətəndaşlarımız bu qələbə, güclü ordumuz ilə qürur duyur, fəxr edirlər.
Prezident İlham Əliyev ilin yekunlarına dair çıxışında ölkəmizdə, Qarabağ və Şərqi Zəngəzurdakı tikinti-quruculuq işlərinə də toxundu. Belə ki, artıq vandalizmə məruz qalmış şəhərlərimiz, kəndlərimiz ən müasir formada yenidən qurulur, yeni layihələrin məhz ilk dəfə azad olunmuş ərazilərimizdə təşkili də böyük qürur və ölkəmizə verdiyimiz diqqətin, dəyərin bir hissəsidir. Qısa müddət ərzində artıq bəzi şəhərlərimiz müasir formada qurulmuş, hətta xeyli sayda məcburi köçkün 30 il ayrı qalmaq məcburiyyətində olduğları öz doğma torpaqlarına qayıdıblar və bu proses hər gün daha çox ərazini əhatə edir, daha çox köçkün doğma yurduna köçürülür.
Prezident çıxışı zamanı 2023-cü ilin son dəqiqələrində daha gözəl bir xəbərlə bir daha xalqımıza sevinc hissi yaşatdı. Belə ki, 2024-cü ildə bizim dinməyən yaramız olan Xocalı və Xankəndi köçkünlərinin də öz doğma yurdlarına qaytarılacağını bəyan etdi. Təbii ki, bundan gözəl, sevincli bir xəbər ola bilməzdi. Artıq hər bir sakin orada qürurla yaşayıb, yaradacaq.
Bugünədək Prezidentin verdiyi hər bir sözü yerinə yetirdiyinə şahid olduq, uğurlu siyasəti nəticəsində Qarabağı tamamilə Azərbaycana birləşdirdi, 30 illik həsrətə son qoyuldu. Baxmayaraq ki, ölkə olaraq dövlətimizə qarşı xarici təzyiq çox oldu, amma iradəli, güclü dövlət başçısı və qüdrətli ordumuz hesabına öz haqq yolumuzdan dönmədik və böyük uğur qazandıq.
Prezident xalqa müraciətində ölkəmizin uğurlarından biri olan iqlim dəyişikliklərinə həsr olunmuş konfrans barədə də məlumatlandırdı.
2023-cü ilin əlamətdar hadisələrindən biri olan dünyanın ən böyük beynəlxalq konfransı COP-29-un 2024-cü ildə Azərbaycanda keçirilməsinə qərar verilməsi ölkəmiz üçün böyük uğurdu. Bu qərarın digər ölkələr tərəfindən təsdiqlənməsi Azərbaycanın beynəlxalq arenada yeritdiyi siyasi, iqtisadi, uğurlu xarici və daxili siyasətinin, günbəgün artan nüfuzunun nəticəsidir. Belə bir konfransa ev sahibliyi etmək Azərbaycan üçün uğur və ölkəmizi hər baxımdan dünyaya tanıtdırmaq üçün gözəl fürsətdir. Bu konfransada prioritet məsələ yaşıl enerji layihəsidir. Bu münasibətlə də məhz Prezidentin 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi təsadüfi deyildir . Təbii ki, bu da Ölkəmizin ekologiyaya, ekoloji proseslərə verdiyi önəmin göstəricisidir.
Prezident İlham Əliyev xalqı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik etməsi də Azərbaycanlı olaraq harada yaşamağımızdan asılı olmayaraq hər zaman ölkəmizin, dövlətimizin, dövlət başçımızın, ordumuzun yanında olmağımızın, birlik və həmrəyliyimizin göstəricisidir və bu birliyi davamlı şəkildə daha da möhkəmləndirməyimiz əsas hədəflərimizdəndir.

Gülər Baxışova
Pedaqogika üzrə fəlsəfə doktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki