Vətən çəkmənin altındakı palçıq deyil ki, silib atasan. Vətən bu gün Şəhid oğlunun nişan ayaqqabılarında gül əkib, övladının ətrini o güllərdən alan Nəzakət Anadır…
İnsan milli-mənəvi dəyərlərinə nə qədər söykənib sadiq qalarsa, bir o qədər bütöv, tam olar. Biz igidlik sözünün mənasını Rembo, Maksimus, Axiles və bu kimi reallıqdan uzaq əfsanə personajlarından deyil, Mübariz ruhlu, Polad iradəli, Cəbrayıl baxışlı şücaət sahiblərindən öyrəndik. Azərbaycan hər bir sahədə öz mövqeyini həmişə layiqincə göstərmiş və hər bir zaman öz sözünü demişdir.
Müharibənin axı təkcə səngərdə getmədiyini körpə uşaqları, dinc əhalini cəbhə bilən erməni vandalları daha yaxşı izah etdi. Şəkil kimi oğullar bu torpaqları şəklə saldıqdan sonra indi əsas vəzifə bizim üzərimizə düşür. Xalqımızın bir sıra igid övladları işğalçı düşmənə qarşı həyata keçirilən əməliyyatlar zamanı şəhid olmuş, sağlamlığını itirmişlər.Azərbaycan Respublikasında hərbi qulluqçuların və şəhid ailələrinin sosial müdafiəsi və onların rifahının yaxşılaşdırılması daim dövlət siyasətinin əsas məqsədlərdən biri olmuşdur.
44 günlük Vətən Müharibəsi Azərbaycan xalqına zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını da bir daha öz xalqına tanıtdı. Neçə-neçə igid oğullar Vətən uğrunda haqq savaşının iştirakçısı, şəhid və ya qazi oldular. Sonunda zəfər çaldığımız bu müharibə Azərbaycan xalqının Vətənə necə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi. 30 ilə yaxın bir dövr ərzində davam edən amansız erməni işğalına qarşı xalqımız yumruq kimi birləşdi, mərd oğullarımız könüllü olaraq Vətənin müdafiəsinə qalxdılar.
Bu qələbənin əldə olunması üçün, canından keçmiş şəhidlərimiz, qazilərimiz və şəhid ailələrinə hörmətimiz sonsuzdur. Bununla yanaşı dövlətimiz də, şəhid ailələri və qazilərin qayğısına qalmaq üçün bir çox tədbirlər həyata keçirmişdir.Elə bu məqsədlə dövlətimiz tərəfindən Şəhid ailələri, qazilərimizə maddi və mənəvi dəstək, psixoloji yardım, işğaldan azad edilmiş əzəli və əbədi torpaqlarımıza yeni həyat bəxş etmək, erməni qəsbkarlarının təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə dəymiş zərərin aradan qaldırılması, o cümlədən yerli icra hakimiyyəti orqanlarının fəaliyyətində də Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkil edilməsi məqsədilə “YAŞAT” Fondu, Qarabağ Dirçəliş Fondu, Dövlət Komissiyası və bir sıra təşəbbüslər irəli sürüldü.
Xüsusilə bu gün “YAŞAT” Fondu, o cümlədən Qarabağ Dirçəliş Fondu və dövlət qayğısının digər təzahür formaları sözün əsl mənasında Azərbaycanın reinkarnasiyasıdır. Çünki hər bir təşəbbüsün fonunda Azərbaycan xalqının iradəsi, birliyi, milli-mənəvi dəyərlərinin aliliyi dayanır. Qısa müddət ərzində 2795 şəhidin 14 min ailə üzvü və 10 minədək yaralı şəxs ilə görüş keçirilib və onların əsas ehtiyacları müəyyənləşdirilib. İndiyə qədər “YAŞAT” Fonduna 24 804 936 manat toplanıb. Bu məbləğin bir qismi fiziki şəxslər, digər qismi isə hüquqi şəxslər tərəfindən ödənilib. Fonda edilmiş könüllü ödənişlər, xalqımızın bir yumruq kimi birləşməsinin ən gözəl sübutlarından biridir. Böyük vətən müharibəsi zamanı da güclü birlik nümayiş etdirən Azərbaycan xalqı, qısa müddət ərzində, azad edilmiş torpaqlarımıza qovuşacaq və orada həyatı canlandıracaqlar.
Bu fondların işinin təşkilinin Şəhid ailələrinin üzvləri və qazilərimizə həvalə olunması isə bir daha bu təşəbbüslərin şəffaflığının, məqsəd və qayələrinin aliliyinin bariz göstəricisidir.
Onu da unutmayaq ki, qanımız tarix səhifələrində ləkə deyil, hər zaman Güzgü olacaq..!
Həyat Qəhrəmanlı