image-img-20230319-wa0005backend

Azərbaycanın Türkiyə ilə olan əlaqələri yüksək səviyyədədir

image-reklam_sirab_01

Azərbaycan Türkiyə əlaqələri bu gün bütün sahələrdə uğurla inkişaf edir. Prezident İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğanın qarşılıqlı səfərləri Azərbaycanla Türkiyə arasında əlaqələrin inkişafında mühüm rol oynayır.
Türk xalqının Ulu öndəri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və Ümümmilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” fikirləri iki qardaş dövlətin əlaqələrinin təməlində dayanır. Müasir dövrdə etibarlı müttəfiq olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir.
16 mart 2023-cü il tarixində Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə Görüşü mühüm və yadda qalan hadisə sayıla bilər.
İclasın açılışında çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə baş verən zəlzələdən sonra “Fəlakət – Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə görüşünün keçirilməsi təşəbbüsünə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edərək dedi: “Zirvə görüşünün keçirilməsi çağırışı ilə çıxış edən Can Azərbaycanın Prezidenti cənab İlham Əliyevə şəxsən öz adımdan və millətim adından təşəkkürlərimi bildirirəm”-deyə diqqəətə çatdırmışdır.
Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olmuşdur. Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərilib. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərib.
Bu günə qədər 45 milyon ABŞ dollarından artıq vəsait AFAD və digər humanitar qurumların bank hesabına köçürülmüşdür. Bununla yanaşı, qardaş Türkiyəyə 5320 ton humanitar yardım çatdırılmışdır.
Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur. Bundan sonra da belə olacaq.
Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində ilk saatlardan başlayaraq son günə qədər Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verdi.
Eyni zamanda, 44 günlük müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanında idi. Müharibə zamanı və tarixi Zəfərimizdən sonra Türkiyədən minlərlə dəstək və təbrik mesajları gəlmişdir.
Görüşdə ölkə başçısı xüsusilə vurğulamışdır ki, 30 illik işğal dövründə yüzlərlə şəhər və kəndimiz, tarixi və dini abidələr, qəbiristanlıqlar Ermənistan tərəfindən məqsədli şəkildə dağıdılmışdır. Yerlə-yeksan edilən Ağdam şəhərini xarici ekspertlər “Qafqazın Hirosiması” adlandırırlar. Qarabağ və Şərqi Zəngəzurda 67 məsciddən 65-i ermənilər tərəfindən dağıdılıb, qalan ikisindən isə donuz və inək tövləsi kimi istifadə edilib.
İşğal illərində təbii sərvətlərimiz talanıb, ətraf mühitə ciddi zərər vurulub. Birinci Qarabağ müharibəsi nəticəsində 4 minə yaxın vətəndaşımız itkin düşmüşdür. Onların demək olar ki, hamısı işgəncələrə məruz qalaraq qətlə yetirilib. Torpaqlarımız azad edildikdən sonra bir neçə yerdə kütləvi məzarlıq aşkar etmişik. Ermənistan hələ də azərbaycanlı itkinlərin taleyi barədə məlumat verməkdən yayınır.
Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. İkinci Qarabağ müharibəsindən sonra, yəni 2020-ci ilin noyabr ayından bəri 300-ə yaxın azərbaycanlı mina partlayışı nəticəsində həlak olmuş və ya ağır yaralanmışdır.
2022-ci ildə Praqa və Soçidə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına baxmayaraq, hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmamışdır. Qarabağda qanunsuz erməni dəstələri və kriminal ünsürlər qalmaqdadır. Eyni zamanda, Ermənistan həm də Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayınır.
Bu gün ölkəmiz sıfırdan 9 yeni şəhər və birinci mərhələdə 300-dən çox kənd və qəsəbə qurur. Bu, milli hökumət tərəfindən postmünaqişə dövründə öz maliyyə resursları hesabına həyata keçirilən nadir və misligörünməmiş bir yenidənqurma modelidir. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrasına başlanılıb.
Yenidənqurma prosesində Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər. Bu günə qədər Türkiyə şirkətləri ilə imzalanmış kontraktların dəyəri 3 milyard ABŞ dollarından çoxdur. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğan azad edilmiş torpaqlara üç dəfə səfər edib, Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla gedib.
Prezident İlham Əliyevin Zirvə Görüşündəki iştirakı bir daha göstərdi ki, Azərbaycanın Türkiyə ilə olan əlaqələri yüksək səviyyədədir və eyni zamanda bu gün birgə əməkdaşlığı təkcə ikitərəfli münasibətlərə deyil, həm də regional təhlükəsizliyə, sabitliyə töhfə verir.

Aynur Xəlilova – politoloq


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki