2021-ci ilin ikinci rübündə 400-dən çox xüsusi qayğıya ehtiyacı olan şəxs müayinə və müalicə olunub
“Azercell Telekom” MMC-nin Səyyar Diş və Göz Klinikaları son üç ayda bütün təhlükəsizlik və gigiyena qaydalarına riayət olunmaqla 400-dən çox aztəminatlı, xüsusi qayğıya ehtiyacı olan şəxsə xidmət göstərib.
Belə ki, Azercell-in Səyyar Diş Klinikasında bu ilin ikinci rübü ərzində 166 nəfərə təmənnasız tibbi yardım göstərilib. Aprel ayında klinikanın həkimləri Suraxanı rayonunda şəhid, qazi və aztəminatlı ailələrin övladlarını (46 nəfər) müalicə və müayinə ediblər. May ayında Masazır qəsəbəsindəki 56 saylı Kəlbəcər tam orta məktəbinin 50-yə yaxın şagirdi müayinədən keçib. İyun ayında isə Gürgən qəsəbəsində xidmətdə olan klinikada 71 uşağın diş problemi aradan qaldırılıb. Ümumilikdə bu ilin ilk yarısında Azercell-in Səyyar Diş Klinikasında 218 nəfər müalicə alıb.
Hesabat dövründə Azercell-in Səyyar Göz Klinikası da öz növbəsində oftalmoloji problemləri olan şəxslərə yardımını əsirgəməyib. Son 3 ayda Azərbaycanın müxtəlif bölgələrinə səyahət edən klinikanın həkimləri 267 nəfərə kömək göstəriblər. Təkcə iyun ayında 120 xəstə (93 böyük, 27 uşaq) pulsuz müayinə və müalicə olunub. Onlar arasında şəhid və qazi ailələrinin üzvləri, aztəminatlı ailələrin uşaqları, uşaq və gənclər təşkilatlarının üzvləri də var.
2021-ci ilin əvvəlindən bu günədək klinikanın həkimləri tərəfindən göz problemi olan 372 nəfərə (230 böyük, 142 uşaq) yardım edilib. Bu müddət ərzində klinikanın heyəti Bakı ilə yanaşı, Sumqayıt, Pirallahı və Zirə qəsəbələri, Quba, Ucar, Kürdəmir rayonu, Siyəzən rayonları, Xudat şəhərində səyyar şəkildə xidmət göstərib.
Beləliklə, Azercell-in Səyyar Klinikaları bu il ərzində ümumilikdə 600-ə yaxın şəxsə ödənişsiz tibbi xidmət təqdim edib. Qeyd edək ki, “Azercell Telekom” MMC-yə məxsus və 10 ildən çox müddətdə xüsusi qayğıya ehtiyacı olan əhaliyə təmənnasız xidmət edən səyyar klinikalar “Xəzər Qayğıkeşlik Layihəsi” İctimai Birliyinin dəstəyi ilə fəaliyyət göstərir.