image-1629191127242446443_1000x669backend

AZƏRTAC-ın büro rəhbərinin “Yosun ətri” romanı Türkiyədə nəşr olunub

image-reklam_sirab_01

AZƏRTAC-ın Türkiyə bürosunun rəhbəri Sabir Şahtaxtının qələmə aldığı növbəti əsər, “Yosun ətri” romanı Avrasiya Yazıçılar Birliyi (AYB) tərəfindən Ankarada nəşr olunub. Türkiyənin məşhur “BENGÜ” yayın evi tərəfindən türkdilli oxuculara təqdim olunan nəşrin rəhbəri AYB-nin sədri, yazıçı-publisist Yaqub Öməroğlu, tərcüməçisi yazıçı-publisist Mətin Yıldırımdır.

“Yosun ətri” romanı son dərəcə maraqlı və cəlbedici məzmunu, hadisələrin əhatə dairəsi, məlumat bolluğu, axıcı dili və həssas yazı üslubu, bədii gücü, ahəngdar təsvirləri, həyat gerçəklərinin dəqiq inikası, əxlaqi dəyərlərin tərənnümü, bir-birindən qüvvətli obrazların xarakterinə uyğun davranış normaları və s. yüksək keyfiyyətləri ilə dünya ədəbiyyatı üçün son dərəcə dəyərli bir vəsaitdir… Əsərin əsas qəhrəmanlarından olan Biruni, Bakıda təhsil alıb, Azərbaycan barədə xoş xatirələri var, əsər boyu Azərbaycan tarixinə və mədəniyyətinə dair çalarlar ana süjetdə qorunur.

“Yosun ətri” romanı Əfqanıstanda xüsusi maraqları olan böyük güclərin qurduğu siyasi oyunların əzablarını yaşayan əfqan xalqının məşəqqətlərini əks etdirən eşq hekayəsidir.

Əfqanıstanda işğala və istismara nail olmaq üçün tətbiq olunan siyasi oyunlar bir ailənin acısında qələmə alınıb. Sovet ideologiyasının təsiri altında əvvəlcə Moskvada təhsil alan əfqan gənc sovet qoşunlarının ölkədən çıxarılması səbəbindən təhsilini Bakıda davam etdirmək məcburiyyətində qalır…Vaxtilə Sovet qoşunları sırasında əfqan xalqına qarşı törədilən döyüşlərdə iştirak edən Qarabağ müharibəsi qazisi ilə dostluq, onun düşüncələrinin istiqamətini dəyişir…

Əfqan mədəniyyəti, yerli ənənələr, milli mübarizlik, hazırda hər gün eşitdiyimi artıq “dəniz soyqırımı” adı alan su hövzələrində qaçqınların boğulması barədə faciə dolu xəbərlər Rəsul Biruni ailəsinin acı taleyi olaraq qələmə alınıb.

Azərbaycanda hidrologiya mühəndisi üzrə təhsili alan əfqan gənc İstanbulda sevmədiyi əmisi nəvəsi ilə toy edərkən onun əsl sevgisi Sara adlı qulluqçu qız “Apardı sellər Saranı” mahnısının musiqi sədasında özünü dənizə atır. Ailənin ağır məşəqqətlərinin ikinci hissəsi də məhz burdan başlanır.

…Uzun fasilədən sonra ailədə doğulan qız övladına Sara adı verilir. Biruni hər zaman ölkəsini yaşıllıqlarla zəngin, böyük su hövzələri olan vətənə çevirmək arzusunda olub. Onu Liviyaya aparan da bu ölkənin hidroloji layihələrində iştirak etmək və sirləri mənimsəməkdir. Ailəsi ilə birlikdə Liviyaya gedir və azğın “ərəb baharı” çevrilişi ailəni orada da yaxalayır. Qaçaq yolla geri dönərkən ailənin xanımı dənizdə boğulur balaca Sara isə itkin düşür.

…Rəsul Biruninin qalan ömrü qızının axtarmaqla keçirir. Onun xidmətçi olduğu bir ailənin Dəniz adlı gəlini və körpə Səma onu öz doğmaları kimi sevirlər. Gerçəkdə isə Dəniz mavi sularda hərəkətsiz tapılan Sara, Səma isə onun nəvəsidir!

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki