image-1backend

Bakıda AHİK və BƏT-nin birgə təşkilatçılığı ilə subregional seminar keçirilir

image-reklam_sirab_01

Mayın 3-də Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə “Şərqi Avropa və Mərkəzi Asiyada iqlim dəyişikliyi ilə mübarizə və daha təmiz, davamlı dünyaya ədalətli keçid” adlı subregional seminar başlayıb.

Seminarda AHİK sədrinin birinci müavini İlyas Əliyev, BƏT-nin Avropa və Mərkəzi Asiya üzrə nümayəndəsi Sergiyus Qlovaskas, həmçinin BƏT-nin rəsmiləri – Lene Olsen, Cristina MartinezLilia Kaçkinbayeva, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın müvafiq qurumlarının nümayəndələri, eləcə də Konfederasiyaya üzv təşkilatların əməkdaşları iştirak edirlər.

Seminar iqlim dəyişikliyi və hamı üçün ekoloji cəhətdən dayanıqlı iqtisadiyyata və cəmiyyətə keçidlə bağlı milli çağırışların və imkanların müəyyən edilməsini, həmkarlar ittifaqlarının iqlim dəyişikliyi və ədalətli keçid məsələlərində məsuliyyətini izah etməyi, bununla bağlı həmkarlar ittifaqlarının siyasətini və fəaliyyət planlarını hazırlamağı və s. nəzərdə tutur.

Gələcəkdə yaşıl iş yerləri, belə şəraitdə layiqli əməyin təşviqi və təşkili zamanı mövcud iş yerlərinin qorunması, bu məsələdə həmkarlar ittifaqlarının vəzifələri, ədalətli keçidin təmin olunması zamanı görülməli işlər, əməkdaşların müəyyən edilməsi, həyata keçiriləcək tədbirlər seminarın əsas müzakirə predmetidir.

Giriş sözü ilə çıxış edən İlyas Əliyev mövzunun aktuallığından, qlobal iqlim dəyişikliyindən, bunun səbəb olduğu böhrandan, insanların həyatına ciddi təsirindən, kütləvi yerdəyişmələrə səbəb olmasından, dünyada sülh və təhlükəsizliyə təhdidləri və bundan çıxış yollarından danışıb. O həmçinin bu aspektdə AHİK tərəfindən görülən işlərdən də geniş söz açıb.

Qeyd edib ki, aparılan tədqiqatların nəticəsi olaraq Konfederasiya tərəfindən qənaətə gəlinib ki, “Yaşıl iş yerləri” prinsipi iqlim dəyişikliyindən zərər çəkənlərə lazımi yardımın göstərildiyi və işəgötürənlər, işçilər və onların təşkilatları, habelə sosial sahədə fəaliyyət göstərən digər təşkilat və qurumlar tərəfindən yeni imkanların yaradıldığı “ədalətli keçid”i tələb edir. Eləcə də həyat qabiliyyətli müəssisələrin inkişafı, iş yerlərinin yaradılması prosesinin stimullaşdırılması, kişilər və qadınlar üçün imkanların bərabərliyi, işçilərin təhsil və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, sosial təminatın yaxşılaşdırılması və keçid prosesinin asanlaşdırılması üçün yeni, hərtərəfli siyasi tədbirlər görülməlidir. AHİK-in sədr müavini bütün bunlara nail olmaq üçün üçtərəfli sosial dialoqu və kollektiv danışıqların əhəmiyyətini vurğulayıb.

Ardınca BƏT-nin nümayəndəsi Sergiyus Qlovaskas iqlim dəyişikiliyi və onun fəsadları barədə danışıb, BƏT-nin bu istiqamətdə fəaliyyət planını haqqında məlumat verib.

Sonra seminar öz işinə başlayıb, iqlim dəyişiklikləri ilə bağlı təqdimatlar olub, çıxışlar edilib, geniş müzakirələr aparılıb, mövzu ətrafında iştirakçıları maraqlandıran suallar cavablandırılıb, rəy və təkliflər dinlənilib.

Qeyd edək ki, seminar mayın 5-dək davam edəcək.

image-2 image-3


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki