Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, layihə çərçivəsində dünyanın aparıcı istehsalçılarından biri olan Finlandiyanın KONE şirkətinin istehsalı olan, müxtəlif hava şəraitinə davamlı yeni eskalatorlar sifariş edilib. Hazırda istehsalçı zavodda mexanizmlərin fərdi ölçü və texniki göstəricilərə uyğun hazırlanması prosesi davam edir. Yeni eskalatorların oktyabr-noyabr aylarında Bakıya gətirilərək mərhələli şəkildə quraşdırılmasına başlanılması planlaşdırılır.
Məlumata əsasən, paytaxt sakinlərindən daxil olan müraciət və şikayətlər nəzərə alınaraq, şəhərin müxtəlif ərazilərində yerləşən 46 yerüstü və yeraltı piyada keçidində ümumilikdə 177 eskalatorun və 2 travelatorun yenilənməsi nəzərdə tutulur.
Qeyd olunub ki, hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) balansında olan sözügedən eskalator və digər mexanizmlər yenilənmə işləri başa çatdıqdan sonra Bakı Şəhər İcra Hakimiyyətinin balansına qəbul ediləcək.



























