Vətəninfo.az xəbər verir ki, Al-Monitor analitik-xəbər saytı Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd Bin Zayedin Azərbaycana səfərini fərqli aspektlərdən təhlil edərək yazıb:
“Yanvarın 8-də və 9-da BƏƏ-nin Prezidenti Məhəmməd Bin Zayedin Azərbaycana səfərinin vacib məqamlarından biri də enerji sahəsində iştirakın artırılması olub.
Enerji sahəsində əməkdaşlıq Cənubi Qafqazdan İsrail və Avropaya qədər ikitərəfli müstəvidən kifayət qədər kənara çıxır. Bu, həm də periferik geosiyasətə göz yummağı qeyri-mümkün edir.
Əbu-Dabi regionun üç hegemon ölkəsi olan Rusiya, İran və Türkiyə arasında yerləşən Cənubi Qafqazda sakitcə, lakin açıq şəkildə tərəfdaşlığını artırır. Bu yaxınlarda BƏƏ Gürcüstanla Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi (CEPA) imzalayıb və Ermənistanla iqtisadi əlaqələrini yaxşılaşdırmaq niyyətindədir. BƏƏ Ermənistanla 2024-cü il fevralın 1-dən öz vətəndaşları üçün vizasız gediş-gəlişlə bağlı razılıq əldə edib.
BƏƏ Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləyir və 2023-cü il dekabrın 7-də Ermənistan və Azərbaycan arasında hərbi əsirlərin dəyişdirilməsi və digər etimad quruculuğu tədbirləri ilə bağlı əldə edilmiş ikitərəfli irəliləyişi alqışlayır. Bu sazişin bir hissəsi kimi Ermənistan COP29 konfransına ev sahibliyi etmək üçün verdiyi təklifdən Azərbaycanın xeyrinə geri çəkilib.
Ukrayna və Qəzzada davam edən iki müharibənin kölgəsində, Rusiya, İran və ya ABŞ kimi ənənəvi oyunçular diqqətini başqa yerlərə yönəltdiyi üçün, Birləşmiş Ərəb Əmirlikləri Cənubi Qafqaz bölgəsində öz varlığını sakitcə genişləndirir. Azərbaycan da bu fürsətdən istifadə edərək, başqalarının diqqətini yenidən regiona yönəltməzdən əvvəl öz xarici siyasət fəaliyyətlərini şaxələndirir”.