image-img-20231031-wa0007backend

Bərpa olunan enerji mənbələri hesabına yeni enerji gücləri yaradılır

image-reklam_sirab_01

Prezident İlham Əliyev: “Qaradağ Günəş Elektrik Stansiyası regionda ən böyük günəş elektrik stansiyasıdır və bu, sadəcə, əməkdaşlığın başlanğıcdır”

Azərbaycan özünün əlverişli təbii şəraiti ilə kifayət qədər alternativ və bərpa olunan enerji potensialına malikdir. Azərbaycanın coğrafi mövqeyi və əlverişli iqlim şəraiti ekoloji baxımdan təmiz sayılan alternativ və bərpa olunan enerji istehsalına böyük imkanlar yaradır. Dünyada getdikcə aktuallaşan bu məsələ öz növbəsində Azərbaycanda da prioritet hal alıb və bu istiqamətdə uğurlu nəticələr əldə edilib. Artıq Azərbaycan dövləti bu baxımdan da beynəlxalq əməkdaşlığı genişləndirib. Oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılışı bu istiqamətdə görülən mühüm işlərdən biridir. Açılış mərasimində Prezident İlham Əliyev çıxış edərək təxminən ilyarımdan bir qədər çox müddət ərzində Abşeron yarımadasının boş hissəsinin yaşıl enerji mənbəyinə çevrildiyini görəndə qürur duyduğunu bildirib: “Birləşmiş Ərəb Əmirlikləri ilə tərəfdaşlığımız və dostluğumuz artım dinamika ilə inkişaf edir. Qaradağ Günəş Elektrik Stansiyası regionda ən böyük günəş elektrik stansiyasıdır və bu, sadəcə, əməkdaşlığın başlanğıcdır”. Xatırladaq ki, 2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, “AzərEnerji” ASC və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr imzalanıb. Stansiyanın təməlqoyma mərasimi isə 2022-ci il martın 15-də “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulub.
Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır.
Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyada 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib.
Ölkəmizin yerləşdiyi əlverişli coğrafi mövqe və iqlim şəraiti imkan verir ki, dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, respublikamızda da ekoloji cəhətdən təmiz və bərpa olunan alternativ enerji mənbələrindən geniş istifadə edilsin. Belə mənbələrdən istifadə edilməsi istilik enerji stansiyalarında yandırılan böyük miqdarda yanacağa qənaət edilməsi və ətraf mühitə atılan zərərli maddələrin miqdarının nisbətən azaldılması ilə nəticələnər. Dövlət başçısnın dediyi kimi, Azərbaycanın bərpaolunan enerji gündəliyi təkcə günəş və ya külək elektrik stansiyaları ilə məhdudlaşmır: “Hazırda üç il bundan əvvəl işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk. Artıq 170 meqavat gücündə olan hidroelektrik stansiyalarını istismara verilib və bu ilin sonuna kimi bu, 270 meqavata çatacaq. İki-üç ildən sonra hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq. Bu da yaşıl enerjiyə keçid prosesinə digər mühüm bir töhfə olacaqdır”.
Xatırladaq ki, hələ 2004-cü idə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”ı təsdiq edilib. Dövlət Proqramının məqsədi ölkənin təbii potensialından istifadə etməklə bərpa olunan və ekoloji cəhətdən təmiz mənbələrdən enerji istehsalını genişləndirməkdən və karbohidrogen enerji resurslarından daha səmərəli istifadə edilməsini təmin etməkdən ibarətdir. Bu Dövlət Proqramında öz əksini tapan tapşırıqlarla yanaşı, Prezidentin imzaladığı digər dövlət proqramlarında da alternativ və bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı konkret müddəalar var. Xüsusən “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqram”larında da bu vacib məsələyə geniş yer ayrılıb. Regional inkişaf proqramlarında alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi də nəzərdə tutulmuşdur ki, bu da ölkənin enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verib. Bu məqsədlə ölkənin ayrı-ayrı regionlarında günəş və külək enerjisi istehsal edən qurğular işa edilib. İlkin təcrübə kimi Naxçıvan iqtisadi rayonuna daxil olan Ordubad və Culfa rayonlarının Arazboyu düzənlik ərazilərində külək elektrik qurğuları, eləcə də muxtar respublikanın ayrı-ayrı yerlərində günəş enerjisi ilə qidalanan müasir tipli elektrik stansiyaları tikilib istismar verilmişdir.
Azərbaycan artıq beynəlxaq aləmdə real addımlar atan etibarlı tərəfdaş ölkəyə çevrilib. Bir sıra ölkələr bu baxımdan Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Buna görə də Azərbaycana investisiya yatırmaqda da tərəddüd etmirlər. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti bunun əyanai nümunəsdir. Bu tədbir çərçivəsində “Masdar” şirkətinin Azərbaycanın digər regionlarında da Günəş elektrik stansiyası tikilməsi ilə bağlı müqavilələrin imzalanması ölkəmizə olan inam və etimadın göstəricisidir. Əlbəttə ki, Azərbaycanın bu baxımdan planları genişdir. Ölkəmiz regionda elektrik enerjisi baxımdan da regonda güc mərkəzinə çevrilib. Məqsəd yaşıl enerji dəhlizi yaratmaqdır. Bu haqda cənab Prezident çıxşında deyib ki, Xəzər-Avropa İttifaqı enerji dəhlizini yaratmaq üçün tərəfdaşlarımızla fəal iş gedir: “Ötən ilin dekabrında müvafiq müqavilə imzalanıb. Biz artıq fəaliyyətimizə başlamışıq, rəhbər komitə bir neçə dəfə toplanıb. Bir neçə aydan sonra bizim yeni enerji təhlükəsizliyi layihəsinin – Yaşıl Enerji Dəhlizinin, inteqrasiya edilmiş ötürücü, istehsal və istehlak müəssisələrinin, o cümlədən Qara dənizin dibindən keçəcək elektrik kabelinin tam texniki-iqtisadi əsaslandırması hazır olacaq. Hazırda 4 qiqavat gücündə bərpaolunan enerji mənbələri üçün texniki-iqtisadi əsaslandırma hazırlanır”.
Beləliklə, yerləşdiyi əlverişli coğrafi mövqe və iqlim şəraiti dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda da ekoloji cəhətdən təmiz alternativ enerji mənbələrindən geniş istifadə edilməsinə imkan verir. Ölkənin təbii potensialından istifadə etməklə alternativ enerji mənbələrinin elektrik və istilik enerjisi istehsalına cəlb edilməsi elektroenergetikanın gələcək inkişaf istiqamətlərində mütərəqqi dəyişikliklər edəcək.

Paşa-zadə Kamal Çingiz oğlu
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki