Azərbaycan istər Cənubi Qafqaz regionunda, istərsədə dünyada uğurlu xarici siyasət yeridən güclü dövlətlərdən biridir. Ölkəmizin son illər ərzində xarici siyasət strategiyasını uğurla həyata keçirilməsi dünya miqyasındakı nüfuzunu xeyli artırıb. Bu illər ərzində Azərbaycan daim dəyişən beynəlxalq mühitə uyğunlaşmaqla, eyni zamanda, regional liderə çevrilmişdir.
1993-cü ildə ümummilli lider Heydər Əliyevin prezident seçilməsindən sonra ölkənin davamlı inkişafı təmin olundu, Azərbaycanın müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsi istiqamətində uğurlu strategiya işlənib hazırlandı. Dövlət idarəçiliyində zəngin təcrübəyə malik olan ulu öndər ilk növbədə daxildə davamlı sabitliyi təmin etdikdən sonra müstəqil dövlətimizin beynəlxalq aləmdə əlaqələrinin genişləndirilməsi məqsədi ilə mühüm əhəmiyyət kəsb edən tədbirlərin həyata keçirilməsinə nail oldu. Ümummilli liderin davamlı daxili və xarici siyasəti nəticəsində Azərbaycan regionda lider və beynəlxalq aləmdə etibarlı, inamlı tərəfdaş ölkə kimi tanındı. Müstəqil dövlətimizin xarici siyasət istiqamətləri və strateji seçimləri müəyyənləşdirildi. Ulu öndərin hazırladığı mükəmməl xarici siyasət strategiyası Azərbaycanı bütün regional məsələlərdə həlledici söz sahibi olan müstəqil dövlətə çevirdi. O vaxtdan başlayaraq regiondakı hər hansı bir strateji əhəmiyyətli layihə Azərbaycanın rəyi olmadan gerçəkləşə bilməz.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət strategiyasının uğurlu davamçısı bu gün Cənab Prezident İlham Əliyevdir. Onun xarici siyasəti xalqımızın mənafeyini, müstəqil dövlətimizin inkişafını və perspektivlərini müəyyənləşdirir. Bununla yanaşı, ölkənin milli və enerji təhlükəsizliyinin təmin edilməsi məsələsi də dövlət başçımız tərəfindən həyata keçirilən ən mühüm vəzifələrdən biridir. Bu istiqamətdə görülən işlərdən biri də ölkənin milli təhlükəsizlik konsepsiyasının təsdiq edilməsi barədə sərəncam imzalanmasıdır.
Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdən əldə edilmiş diplomatik uğurlar nəticəsində ölkəmizlə əməkdaşlıq edən demokratik dövlətlərin sayı xeyli çoxalıb. Dəqiq faktlara diqqət yetirsək görərik ki, bu gün Azərbaycanın 160 ölkə ilə diplomatik əlaqələri vardır. Ölkəmizdə 57-dən çox səfirlik, konsulluq və beynəlxalq təşkilatların nümayəndəlikləri fəaliyyət göstərir.
2003-cü ildən başlayaraq xarici siyasətdə əldə olunan böyük uğurlar sahəsində Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı xeyli artıb. Prezident İlham Əliyev tərəfindən təkcə 2018-ci ildə 16 xarici ölkəyə, o cümlədən Türkiyə, Rusiya, Böyük Britaniya, Fransa, Belçika, Xorvatiya, İsveçrə, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistana rəsmi və işgüzar səfərlər edilib. Eyni zamanda, 16 dövlətin, o cümlədən Türkiyə, Rusiya, İran, İtaliya, Serbiya, Monqolustan, Benin, Tacikistan, Əfqanıstan, Moldova, Makedoniya və Albaniyanın prezidentləri, həmçinin Almaniyanın Federal Kansleri ölkəmizə rəsmi və işgüzar səfərlər ediblər.
Qeyd etmək lazımdır ki, Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına üzv qəbul olunmasından sonra qısa müddət ərzində ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərini qətiyyətlə müdafiə etməkdə böyük nüfuz qazanmışdır. Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının 2016-cı ildə baş tutmuş XVII Zirvə görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunmuşdur. Qoşulmama Hərəkatı tarixində ilk dəfə olaraq bu il Bakıda bu qurumun Gənclər sammiti keçirilmişdir. Tədbirə dünyanın 40 dövlətindən ölkəmizə təşrif buyuran gənclər iştirak etmişlər və Azərbaycan paytaxtından dərin razılıq hissi ilə ayrılmışlar.
2011-ci il oktyabrın 24-də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlük üçün keçirilən seçkilərdə Azərbaycan 155 ölkənin dəstəyini qazanaraq, böyük tarixi uğura imza atmışdır.
Bu cür böyük nailiyyətin əldə edilməsi Azərbaycan dövlətinin başçısının həyata keçirdiyi uğurlu xarici siyasətin məntiqi nəticəsidir. Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında bu mötəbər quruma qeyri-daimi üzv seçilən ilk, bütün MDB məkanında isə ikinci ölkədir. Bu tarixi hadisə onu deməyə əsas verir ki, Azərbaycan dünya siyasətindəki müxtəlif qlobal problemlərin müzakirəsinə cəlb olunmuş, regional siyasətlə yanaşı, dünya siyasətinin də əsas faktorlarından birinə çevrilmişdir. Azərbaycan müsəlman aləmində çox böyük hörmət, nüfuz qazanıb. İslam həmrəyliyi ilə bağlı atılan addımlar İslam Əməkdaşlıq Təşkilatı və eyni zamanda, bir çox müsəlman ölkələri tərəfindən çox yüksək qiymətləndirilib. Prezident İlham Əliyevin apardığı siyasət, yəni, həm ölkə daxilində, həm də xaricdə bu istiqamətdə Azərbaycanın həyata keçirdiyi tədbirlər İslam aləmində həmrəyliyi, əməkdaşlığı və İslam birliyini daha da möhkəmləndirir. Ötən illərdə Naxçıvanın İslam Mədəniyyətinin paytaxtı seçilməsi heç də təsadüfi hadisə deyil.
Eyni zamanda ölkəmizin ev sahibliyi etdiyi, dövlətimizin başçısının təşəbbüsü ilə keçirilən bir sıra mühüm əhəmiyyət kəsb edən tədbirlər – VI Bakı Beynəlxalq Humanitar Forumu, Qoşulmama Hərəkatının Xarici İşlər Nazirləri Konfransı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Nazirlər toplantısı, Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi, VII Qlobal Bakı Forumu və s. Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu xeyli yüksəldib.
2018-ci ilin iyul ayında Avropa İttifaqı ilə Azərbaycan arasında qəbul olunmuş “Tərəfdaşlıq prioritetləri” adlı mühüm sənəddə bir çox məsələlər öz əksini tapmaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək və hörmət ifadə olunur. Həmçinin 2018-ci il iyulun 11-12-də Brüsseldə keçirilmiş NATO Zirvə görüşünün Yekun Bəyannaməsində də Alyans üzvlərinin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək və hörməti əksini tapıb.
Həmçinin 2018-ci il avqustunda Xəzər dənizinin hüquqi statusuna dair aparılan uzunmüddətli danışıqların nəticəsi olaraq, Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının V Zirvə Toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması xarici siyasətimizlə bağlı vacib məsələlərdən biri kimi qiymətləndirilməlidir. Bu Konvensiya ölkəmizin maraqlarının təmin edilməsi baxımından böyük diplomatik və siyasi uğurudur.
Keçən dövr ərzində müxtəlif regional əməkdaşlıq formatları çərçivəsində öz təşəbbüskarlığı ilə seçilən Azərbaycan Respublikası ilk dəfə olaraq dövlət başçıları səviyyəsində keçirilmiş Azərbaycan-Rusiya Regionlararası Forumuna, həmçinin Azərbaycan, Gürcüstan, İran və Türkiyənin xarici işlər nazirlərinin birinci dördtərəfli görüşünə ev sahibliyi edib.
2018-ci il aprelin ayında isə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclasında bir sıra mühüm sənədlərin imzalanması, həmin ilin iyunda Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi iki dost və qardaş dövlətin münasibətlərinin ən yüksək zirvədə olduğunun bariz göstəricisidir.
Azərbaycanın prinsipial müstəqil siyasət yeritməsində ölkəmizin son illər əldə etdiyi iqtisadi uğurların da rolu var. Dünya Bankının 2020-ci il üzrə “Doing Business” hesabatında ölkəmiz ən islahatçı 20 ölkə sırasında yer alıb. Davos Ümumdünya İqtisadi Forumunun hesabatında hökumətin uzunmüddətli strategiyasına görə Azərbaycan dünya miqyasında 10-cu, rəhbərliyin islahatlara meyillilik səviyyəsində isə 5-ci yerdədir.
Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır.
Nəhayət Mübariz qızı Hüseynli


























