2020 -2021-ci il Azərbaycan üçün çox çətinliklər yaratsada bizlər bunun öhdəsindən layiqincə gəlməyi bacardıq. Azərbaycan hər zaman olduğu kimi Covid-19 pandemiyası ilə mübarizə zamanı da ən öndə gedən ölkələrdən biri olaraq öz sözünü dedi. 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə olaraq adlandırıldı. Covid-19 pandemiyası müddətində Azərbaycan öz vətəndaşlarına daim öz dəstəyini göstərdi və hələ də göstərməkdə davam edir. Prezidentimiz Cənab İlham Əliyev bu məsələ ilə bağlı bir sıra xüsusi tədbirlər həyata keçirdi. Cənab Prezident hər zaman öz əhalisinin qayğısına qalmaqda davam edir.
COVID-19 pandemiyası bütün dünya üçün ciddi çətinliklər yaratmaqda davam edir. Azərbaycan ilk günlərdən əhalinin qorunması və pandemiyanın mənfi təsirinin minimuma endirilməsi məqsədilə mühüm və praktiki tədbirlər həyata keçirir. Azərbaycan cari ilin yanvar ayının ortalarından peyvəndləmə kampaniyasına başlayıb. Düzgün planlaşdırılmış tədbirlərin həyata keçirilməsi nəticəsində pandemiya ilə bağlı vəziyyət nəzarət altında saxlanılıb. Artıq ölkəmizdə tətbiq olunmuş karantin rejimi tədricən yumşaldılıb. COVID-19-dan sonra normal həyata daha tez qayıdış üçün güclü, əlaqələndirilmiş və məqsədyönlü qlobal addımlara ehtiyac var. Bunun üçün də Azərbaycan ciddi strateji tədbirlər həyata keçirir.
2020-ci ilin iyul ayında Ermənistan Azərbaycanla dövlət sərhədi boyu hərbi təxribat törətdi. Azərbaycanın Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində 13 hərbçi və mülki vətəndaş həlak oldu. Biz bunu yerdə qoya bilməzdik , buna görə də onlara öz gücümüzün nəyə qadir olduğunu göstərdik. Ermənistan, eyni zamanda, xaricdən muzdlu və əcnəbi döyüşçülər cəlb edərək onları Azərbaycana qarşı istifadə edirdi. 44 günlük müharibə ərzində Azərbaycan işğal olunmuş ərazilərinin böyük bir hissəsini, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini azad etdi. Ümumilikdə, döyüş meydanında 300-dən çox şəhər və kənd azad edilmişdir. Beləliklə, Ermənistan öz qoşunlarını Azərbaycanın digər ərazilərindən – Ağdam, Laçın və Kəlbəcərdən çıxarmağa məcbur edildi. Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur.
44 günlük Vətən müharibəsi Azərbaycan xalqı üçün Xeyirin Şər üzərində qələbəsi hesab olundu və bu müharibə nəinki bizim , hətta bütün ölkələrin yadından çıxmayacaq. Bu qələbə Zəfər qələbəsidir. Azərbaycan Ordusunun cəsur əsgər və zabitləri də canı-qanı bahasına Ermənistanın 30 il ərzində milyonlarla vəsait sərf edib qurduğu nəhəng istehkamları yarıb keçdi, düşmənin silahlı qüvvələrini darmadağın etdi. Azad olmuş bütün torpaqlarımızda üçrəngli bayrağımızın əbədi olaraq dalğalandırılması, ölkə rəhbərinin böyük sevinc hissi ilə xalqımıza verdiyi qələbə müjdələri, dünyanın nüfuzlu nəşrlərinə verdiyi məntiqli, dolğun müsahibələr də Azərbaycanın haqq savaşında qalib gəlməsi üçün böyük stimul oldu. Erməni faşistləri hər zaman olduğu kimi beynəlxalq hüquq və beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, mülki əhalini və infrastrukturu hədəfə alıb qadağan edilmiş kütləvi qırğın silahlarından istifadə etdilər. Cəbhədən kənarda yerləşən Gəncə, Mingəçevir, Yevlax, Daşkəsən, Xızı və Siyəzəni, cəbhəyanı Tərtər, Bərdə, Goranboy, Beyləqan və Ağcabədini müxtəlif istiqamətlərdən atəşə tutması nəticəsində azyaşlı uşaqlar, məktəbli yeniyetmələr daxil olmaqla yüzdən çox dinc sakinimiz erməni terrorunun qurbanı oldular. Bu hərbi cinayətlər və terror aktları Azərbaycan xalqının məğrurluğunu və iradəsini qıra bilmədi. Qəlbində Vətən sevgisi yaşadan igidlərimiz mənfur düşmənin layiqli cavabını verdilər.
Azərbaycanın şanlı tarixinə parlaq, qürurverici 10 noyabr günü qızıl hərflərlə daxil oldu. Uzun illərboyu xalqımız bu tarixi ədalətin təntənəsini gözləyirdi. 44 günlük Vətən müharibəsi və tarixi qələbəmiz Azərbaycan xalqının nəyə qadir olduğunu göstərdi. Nəhayət, Azərbaycan bu tarixi ədaləti təkbaşına bərpa etdi! Azərbaycanın bir dövlət kimi potensialını nümayiş etdirdi. Bunu düşmən də, onun havadarları da gördü. Ən önəmli məqam isə ondan ibarətdir ki, dünya bu müharibənin gedişində Azərbaycanı yenidən kəşf etdi, ölkəmiz haqqında, onun malik olduğu güc barədə beynəlxalq birlikdə dəqiq təsəvvür formalaşdı. Azərbaycan təkcə döyüş meydanında deyil, həm də diplomatiya sahəsində qalib gəldi.
Bu inamlı tarixi qələbə Azərbaycan xalqının əzəli və tarixi, dədə-baba yurdlarının təxminən 30 ildən sonra azad edilməsini reallaşdırdı. Vətən müharibəsi xalqımızın həm hüquqi, həm də mənəvi haqqından doğan, beynəlxalq ədalətə söykənən reallığı, eyni zamanda, nəinki ölkəmizin vətəndaşlarının , eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların Vətən sevgisinin, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, milli birliyi möhkəmləndirmək işinə dönməz sadiqliyinin sınağı oldu. Vətən müharibəsi həmvətənlərimizin qəlbinin, ruhunun dərinliklərində öz oyanış vaxtını gözləyən monolit birliyə yol açdı, adi həyatda fərqinə varmadığımız, lakin Vətən torpaqları uğrunda ölüm-dirim mübarizəsi anında baş qaldıran mübarizlik və qəhrəmanlıq xüsusiyyətləri harda yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıya sirayət etdi.Bəli, qürurla deyə bilərik ki, bu gün biz qalib ölkənin vətəndaşlarıyıq. Hər bir Azərbaycan vətəndaşı xoşbəxtdir ki, bu tarixi qələbənin şahidi oldu. Buna görə xalqımıza bu xoşbəxtliyi və tarixi qələbə sevincini yaşadan müzəffər ordumuza borcluyuq. Bu gün işğaldan azad edilən torpaqlarımızda xidmət borcunu yerinə yetirən əsgər və zabitlərimiz sülhü və sabitliyi təmin edirlər. Onlara bu şərəfli missiyanı yerinə yetirməkdə uğurlar arzulayır, Vətən üçün canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik!
2020-2021-ci il Azərbaycan üçün əsl dönüş nöqtəsi oldu. Bu müddət ərzində biz həm Covid-19 pandemiyası, həm də mənfur düşmən ilə üz-üzə idik. Lakin heç zaman bundan qorxmadıq. Çünki , biz bunun da öhdəsindən gələcəyimizdən əmin idik. Artıq biz qalib ölkənin vətəndaşlarıyıq!
Nəsimi rayon gənci, Lalə Yolçiyeva