image-1backend

Bilməyənlər bilənlərə öyrətsin- Ordan-burdan silsiləsindən- Yunus Oğuz yazır

image-reklam_sirab_01

Yunus Oğuz

Felyeton

Bir gün Molla Nəsrəddin bir məclisə gəlir. Baxır ki, hamı ordan-burdan danışır. Görür ki, hərə öz aşnası ilə pıçıldaşır. Fikirləşir ki, qoy bunlarla məzələnim. Səsini qaldırıb soruşur:

-Camaat, bilirsiniz nə olub?

Hamı diqqətini mollaya yönəldib bir ağızdan deyir:

-Yox, bilmirik.

Molla Nəsrəddin gülə-gülə dinlənir:

-Bilmirsinizsə, ta niyə deyim?

Yenə bir məclis təşkil olunur. Məclisdəkilər bilirlər ki, Molla da gələcək. Sözü bir yerə qoyub razılığa gəlirlər.

Molla içəri girən kimi yenə soruşur:

-Camaat, bilirsiniz nə olub?

Hamı bir ağızdan cavab verir:

-Biirik!

Molla gülümsünüb deyir:

-Bilirsinizsə, ta niyə deyim?

Baxırlar ki, Molla Nəsrəddin bunlarla yenə məzələnir.

Sözü bir yerə qoyurlar ki, gələn dəfə Molla gəlib soruşsa deyərik ki, yarımız bilirik, yarımız yox. Görək bu dəfə nə cavab verəcək. Elə də olur. Molla üçüncü dəfə məclisə girən kimi soruşur:

-Camaat, bilirsiniz nə olub?

Dərhal məclisdən cavab gəlir:

-Yarımız bilirik, yarımız yox.

Molla baxır ki, bu dəfə lotular yaxşı hazırlaşıblar. Özünü itirmədən deyir:

-Hə, elə isə bilənlər bilməyənlərə öyrətsin.

Bu Mollanın zamanında idi. İndi dünya tərsinə fırlanır, bilməyənlər bilənlərə öyrədir. Bax, elə İranı götürək. O gün sözdə şar kimi şişən bu dövlət İsrailin üstünə üç yüzdən çox dron, raket, ballistik raketlər göndərdi. İran bilmirdi bunun sonu nə olacaq. Gör nə qədər bilməyəsən ki, bilənlərə dərs verəsən. Bir neçə saatın içində bu texnikaları məhv edəsən. Bilməyən biləni öyrədəndə belə olur da. Ay İran, başını super dövlətlərin içinə niyə soxursan ki, belə də olsun? Yeddi oktyabrda HƏMASı necə qızışdırdınsa, xalq hələ də altını çəkir. 8 oktyabrda Fələstin xalqını Tehranda parlaq qələbə ilə təbrik elədin. İndi vermisən dala. İki milyondan çox qaçqın qalıb çöllərdə. Bilmirdin, niyə ortalığa düşdün? Özün də nüfuzunu itirdin. Bilməyəndə belə olur da. Bilənlərə dərs keçmək istədin. Alınmadı, rəis (Rəisi)? Dronları elektrik naqillərinə ilişib qaldı. XXI əsrin müharibəsi budu, bu? İransayağı müharibə.

Bilməyənlərin bilənləri öyrətməsi “Tik-tok”da fısqırıq edir. A kişilər, ömründə bir kitab oxumayan adam, adını belə yaza bilməyənlər sənə elə dərs verirlər ki, əlin ağzında qalır. Söz oynadan, sözü bir neçə çalarda verən ustadın, sənətkarın matı quruyur, dili çaş vurur. Öz-özünə fikirləşir ki, ayə ömrüm boyu bu sənəti öyrəndim, amma bunları bilmirdim. Deyilənlərin nə əsası var, nə bazası, amma səni öyrədir. Deyir ki, sən bilmirsən. “Tik-tok”yeni dünyadır, yeni münasibətdir. Əxlaq nədir, ailə nədir? Cəmiyyət tərbiyəsiz olmalıdır, vəssalam! Xoşun gəlmir, sürüş get. Yaxşı ki, Daxili İşlər Nazirliyi bu həqarətlərə görə belələrini sürüşdürə-sürüşdürə otuz sutka barmaqlığa göndərir. Ordan da sürüşdürə-sürüşdürə sürüb aparacaq Balaxanıya. Həbsxanaların da öz qaydaları var. Sən bilmədiyin şeyləri, sənə öyrədəcəklər. Bilmədiyin şeyləri bilənlərə öyrətmək istəyəndə qaşıqdan yonulmuş ucu şiş bir nəsnə böyrünə dirəyəndə başa düşəcəksən ki, sən bilirsən ki, heç nə bilmirsən. Onda bilənlər bilməyənlərə öyrədəcək.

O gün mətbuatda oxuyuram ki, bəs imtahan verənlərin qırx beş nəfəri üç yüzə yaxın bal toplayıb, amma yazmırlar ki, yaxşı neçə nəfər imtahan verib. Hə, burada pişiyin quyruğu görünür. Yox, yox şirin quyruğu İranlıqdır, bizdə pişiyin quyruğu. Özü də əsas çoxluq dövlət məktəblərində oxuyanlar bu balı toplayıb. Özəl məktəblərdən imtahan verənlər dövlət məktəblərinin yanından fit verə-verə keçiblər. Ə, bəs deyirdiniz dövlət məktəblərində müəllimlər savadsızdır, nə bilim, adlarını yaza bilmirlər. Bilmədiyiniz şeyləri bilənlərə niyə dürtüşdürürdünüz? Müəllimləri təhqir etmək ayıb deyilmi? Özü də bu təhqir mətbuat işçilərinin iştirakı zamanı deyilirdi. Yox-yox mən demirəm ki, üzr istəyin. Onsuz da bunu etməyəcəksiniz. Özəl məktəblərdə bu qədər məvacibin qarşısında niyə belə zəif tədrislə məşğul olurlar. Hə, burada özəl məktəblərin müəllimləri bilmədiyinə yox, məntiqlərinə güc verirlər. Fikirləşirlər ki, imkanlı insanların uşaqları ya xarisdə, ya da özəl universitetdə oxuyacaqlar. Ondan sonra iki-üç dil bilirəm adıyla hücum çəkəcəklər məmur kürsülərinə. Bilmədiklərini bilənlərə öyrədəcəklər. Bəs nə bilmişdiniz? Vəzifə başqa bir şeydir. Bilənlərsə susacaq, bilməyənlərə bəh-bəhlə qulaq asacaqlar.

O gün elan etdilər ki, bəs Azərbaycanda Həcc kvotası azaldılıb. Azalar da. Hər il qiymətlər artır, kəllə-çarxa çıxır. On min dollara, yəni on yeddi min manatla kasıb Həccə gedə bilər? Bu məbləğ onun iki illik maaşından da çoxdur. Hə, o lətifəni eşitmisiniz? Deyir ki, hə? mənim qızım da “o işlə” məşğuldur, amma mən sənin kimi qəşəng-qəşəng, ütülü düzüb qoşa bilmirəm. A kişilər, kvotanın azaldılmasının səbəblərini açıq deyin də.

Deyin ki, qızıl dəllalları daha oradan qır-qızıl gətirə bilməyəcəklər. Adam da otuz dəfə Həccə gedər? Həcci belə sevirsən,köç get, orada yaşa da. Daha Həcci su yoluna niyə döndərmisən?

Deyəsən mən də bilmədiklərimi bilənlərə öyrədirəm. Yaxşı deyil, özümü pis vəziyyətə qoyuram.

Bir sözlə, zəmanə dəyişib, ey cümlə! İndi bilmədiklərini bilənlərə öyrədəndə çox ağıllı görünürsən. Haydı, irəli!


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki