İsraildəki “Nagel” Komitəsinin hökumətə “Türkiyə ilə birbaşa münaqişə ehtimalına hazır olmaq lazımdır” xəbərdarlığından sonra müdafiə naziri İsrael Katz Türkiyə ilə bağlı “xüsusi təhlükəsizlik toplantısı” keçirib.
“Jerusalem Post” qəzeti İsrailin Türkiyənin bölgədə təsirinin artması ehtimalından qorxduğunu yazıb.
İclasda Xarici İşlər Naziri Gideon Saar, Baş Qərargah rəisi Herzi Halevi, Xarici İşlər Nazirliyi və müdafiə təşkilatının yüksək vəzifəli şəxsləri iştirak ediblər. Görüş Türkiyənin Yaxın Şərqdə təsirinin artdığı bir vaxtda İsrailə qarşı təhdid səviyyəsində dəyişiklik olub-olmadığını təhlil etmək üçün təşkil edilib. Qəzetə danışan İsrail rəsmiləri Bəşər Əsəd rejiminin devrilməsindən sonra İranın təsirinin azalması ilə Suriyada İsrail üçün təhlükəyə çevrilə biləcək bir Türkiyə oxunun ortaya çıxmasından narahat olduqlarını bildiriblər.
130 səhifəlik hesabatda Türkiyənin adı 10 dəfədən çox çəkilib, yalnız 20 səhifəsi ictimaiyyətə açıqlanıb. İsrailin baş naziri Netanyahunun yaxın günlərdə Türkiyə ilə bağlı görüş keçirməsinin gözlənildiyi bildirilib.