image-311925b7-e34d-4da5-bf7c-cd57313b0199backend

Böyük zəfərin ilk azad şəhəri

image-reklam_sirab_01

 

 

Azərbaycan xalqı uzun illər səbirlə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi”nin sülh yolu ilə həll olunacağını, ədalətin bərpa ediləcəyini gözləyirdi. Bu məsələnin həlli ilə məşğul olan ölkələr, ilk növbədə ATƏT-in Minsk qrupunun həmsədrləri və beynəlxalq təşkilatlar öz üzərlərinə düşən tarixi missiyanı yerinə yetirmədilər. Xalqımız dünyanın ən yüksək beynəlxalq orqanı olan BMT Təhlükəsizlik Şurasının öz qətnamələrinin yerinə yetirilməsi üçün əməli işlər görəcəyinə ümid edirdi. Üç onillik boyunca Azərbaycan Respublikası sülh arayışlarında, beynəlxalq səviyyəli danışıqlarda konstruktiv mövqedən çıxış edib, bunun qarşılığında işğalçının tamahı daha da böyüyürdü.

Bu ədalətsiz gedişatın qarşısını Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin mühüm hərbi-siyasi addımları, tarixi qərarları aldı. 27 sentyabr 2020-ci il tarixində düşmənin növbəti təxribatını dəf etmək və təcavüzə son qoymaq üçün Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Silahlı Qüvvələri cəbhəboyu əks-hücuma keçərək uzun illər davam edən işğala 44 gün ərzində son qoydu. Dövlət-xalq birliyindən güc alan qəhrəman ordumuz işğalda olan torpaqlarımızı azad etməklə, xalqımıza qürur yaşatdı, haqq-ədaləti bərpa etdi. 44 gün ərzində Ordumuzun bir gün, bir saat belə geri çəkilmədən ancaq irəli getməsi əcdadımızın hərb ənənələrinin davamı idi.

Cəbrayılın azad olunması Azərbaycan Ordusunun möhtəşəm qələbəsidir! Bu qələbə ordumuzun hər bir mənsubunun fədakarlığının, şücaətinin parlaq nəticəsidir. Hələ 2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu ilə Lələtəpə yüksəkliyi işğaldan azad edilib, Cəbrayılın Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Vətən müharibəsinin ilk günlərində şanlı Ordumuz Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndlərini (27.09.2020), Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri (03.10.2020), Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decalı (04.10.2020) işğaldan azad edib. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər və 80 kənd işğaldan azad edilib.

Prezident İlham Əliyev 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalını təsis edib. Qəhrəmanlıq və şücaət təcəssümü olan bu dövlət təltifi Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22744 hərbi qulluqçusuna verildi.

Vətən Müharibəsi başa çatandan az sonra – 2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna səfər etdi. İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Müzəffər Ali Baş Komandanın bu körpüdə Azərbaycan bayrağını ucaltması böyük tarixi, siyasi önəm daşıyırdı. Çünki Xudafərin xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxıb. Çünki Xudafərin bizim üçün milli qürur məsələsidir.

Prezident İlham Əliyev daha sonra da dəfələrlə Cəbrayıla səfər etmiş və bir sıra layihələrin təməlini atmışdır. “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması regionun inkişafı üçün mühüm hadisədir.

Zəngəzur dəhlizinin bir hissəsi olacaq 4-6 zolaqlı yolun çəkilməsi, günəş elektirik stansiyası da önəmli layihələrdəndir.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sərəncama əsasən 04 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olub.

 

 

Yusif Allahverdiyev

Bakı şəhəri 281 nömrəli tam orta məktəbin coğrafiya müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image