image-21jpg-1686919621backend

“Bu dəyişikliklər inşaat sektorunun inkişafına müsbət təsir göstərəcək” – Ağalar Vəliyev

image-reklam_sirab_01

“Azərbaycanın iqtisadi inkişafının aparıcı istiqamətlərindən biri də, heç şübhəsiz ki, tikinti sahəsidir. Ümumiyyətlə inşaat sektoru hər bir ölkənin sosial-iqtisadi vəziyyətinə, eləcə də ətraf mühitinə təsirini göstərən əsas sferalardandır. Bu baxımdan müsbət mənada fərqlənən Azərbaycanın tikinti sahəsində son illər ərzində uğurla gerçəkləşdirilən genişmiqyaslı quruculuq işlərindən irəli gələn böyük canlanma  müşahidə olunmaqdadır. Təbiidir ki, bütün bunlar ilk növbədə Azərbaycan xalqının rifahının daha da yüksəldilməsinə yönəldilmişdir”.

Bu fikirləri  açıqlamasında Milli Məclisin deputatı Ağalar Vəliyev söyləyib.

Millət vəkili bildirib ki, tikinti sektorunun dinamik inkişafı ilə yanaşı, bəzi hallarda tikinti fəaliyyətinin iştirakçıları tərəfindən şəhərsalma və tikinti sahəsində müəyyən olunmuş tələb və qaydalardan yayınma hallarına rast gəlinir. Nəticədə həmin tikinti obyektlərinin dayanıqlılıq və möhkəmlik baxımından istismara yararlığı ilə bağlı müayinə işlərinə cəlb edilməsi çətinləşir və əmlak üzərində hüquqların mövcud qanunvericilik çərçivəsində tanınmasında problemlər yaranır. Ona görə də şəhər və rayonların şəhərsalma və memarlıq üslubuna, o cümlədən ətraf mühitinə xələl gətirən, torpaq və tikinti qanunvericiliyinin tələbləri pozulmaqla inşa edilən özbaşına tikililərin qarşısının alınması istiqamətində əlavə tədbirlərin görülməsi zəruriyyətə çevrilir. Ağalar Vəliyev vurğulayıb ki, bu kimi hallar nəzərə alınaraq, tikintiyə və istismara icazə alınması prosesinin optimallaşdırılması, habelə tikinti və şəhərsalma sahəsində nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qanunvericilikdə davamlı olaraq bir sıra labüd dəyişikliklər edilir. Bu kontekstdə, Azərbaycan Respublikası Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanı böyük önəm kəsb edir. Belə ki, Fərmanın icrası nəticəsində mənzillərin ümumi sahəsi 8,5 milyon kv. metr olan 85 minədək mənzildən ibarət 408 yaşayış binasının  dayanıqlılıq və möhkəmlik baxımından istismara yararlığı, o cümlədən istismara hazırlığı müayinə edilib və həmin müayinələrin müsbət nəticələri əsasında istismarına icazə verilib. Qeyd  olunan istiqamətlərdə qanunvericilik bazasının möhkəmləndirilməsi,   qeyri yaşayış binalarının təhlükəsiz istismarının təmin edilməsi, tikinti sektorunun likvidliyinin artırılması, habelə sahibkarlıq subyektlərinin əmlakları üzərində mülkiyyət hüquqlarının tanınması prosesinin təşkil edilməsi məqsədilə cənab Prezident tərəfindən “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərman imzalanmışdır. Deputat qeyd edib ki, Fərmana əsasən müayinə edilən və barəsində məlumatların uçota alınması üçün təqdim olunan qeyri-yaşayış binalarının Tikintilərin Dövlət Reyestrinə daxil edilməsi mexanizmi müəyyənləşdirilir. Həmçinin, 2023-cü il iyunun 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və dayanıqlılıq və möhkəmlik baxımından müayinə nəticələri müsbət olan qeyri-yaşayış təyinatlı binaların istismarına sadələşdirilmiş qaydada icazə verilməsi nəzərdə tutulur.

Eyni zamanda tikinti və şəhərsalma sahəsində fiziki, hüquqi və vəzifəli şəxslərin məsuliyyətinin artırılması məqsədilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində bir çox əhəmiyyətli dəyişikliklərin edilməsi təmin olunur. Dəyişikliklərə əsasən, tikintisinə icazə tələb olunan, lakin icazə olmadan inşa edilmiş tikinti obyektlərinin sifarişçilərinə münasibətdə sanksiyalar artırılır, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan özbaşına inşa edilmiş tikinti obyektlərinə münasibətdə inzibati məsuliyyət müəyyən edilir. Millət vəkili əminliyini ifadə edib ki, tikintiyə və istismara icazə alınması prosesinin optimallaşdırılması istiqamətlərində qanunvericilikdə edilən dəyişikliklər inşaat sektorunun inkişafına müsbət təsir göstərəcək. Ümumilikdə həm nəzarətin sərtləşdirilməsi, həm də icazə icraatı istiqamətində atılan addımlar müəyyən dövrdə qanuni əsas olmadan tikilmiş qeyri yaşayış obyektlərinin təhlükəsiz istismarının təmin edilməsinə, istismara yararlı tikinti obyektlərinin qanuniləşdirilməsinə və gələcəkdə belə tikililərin ərsəyə gəlməsinin qarşısının alınmasına xidmət edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki