Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətlə apardığı mübarizə Qarabağda yenidən həyatın başlanmasının əsasını qoydu. Ali Baş Komandan tarixi torpaqlarımızı azad etdiyi kimi, indi o yurdları yenidən yaradır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirmişdir.
Dövlət başçımız səfər zamanı bildirmişdir ki, “Füzuli şəhərinin azad edilməsi bizə əlavə mənəvi güc verdi. Azərbaycan Silahlı Qüvvələri bundan sonra böyük əzmkarlıq göstərərək xilaskarlıq missiyasını uğurla davam etdirdi. Füzuli azad olunandan 3 gün sonra Zəngilan şəhəri azad edildi, ondan beş gün sonra Qubadlı, ondan sonra biz Laçın dəhlizinə çıxdıq və beləliklə, müharibənin taleyi heç kəs üçün sirr deyildi.
Biz öz torpaqlarımızı azad etməli idik. Mən işğal dövründə bu məsələ ilə bağlı Azərbaycan xalqına dəfələrlə müraciət edərək və keçmiş köçkünlərlə görüşlər əsnasında deyirdim ki, nəyin bahasına olursa-olsun, torpaqlarımızı azad etməliyik. Onu da deyirdim ki, əgər lazım olsa, biz güc tətbiq etməklə öz torpaqlarımızı geri qaytaracağıq. Belə də oldu. Həm işğal dövründə, həm müharibə dövründə bütün təzyiqlərə, bütün bəyanatlara baxmayaraq, bizim qabağımızda heç bir qüvvə dayana bilmədi. Biz Ermənistan ordusunu darmadağın etdik, erməni mifologiyasına son qoyduq, bütün dünyaya sübut etdik ki, “yenilməz Ermənistan ordusu” nəyə qadirdir və bütün dünyaya xalqımızın böyüklüyünü nümayiş etdirdik. Bu şanlı Qələbə çoxəsrlik Azərbaycan tarixində əbədi yaşayacaqdır.
Prezident İlham Əliyev magistral yollarla bağlı bildirmişdir ki, “İndi siz gələndə yeni yoldan istifadə etdiniz. Görürsünüz, biz bu yolları qısa müddət ərzində çəkdik. Biz hətta Şuşaya qədər Zəfər yolunu çəkdik və indi Füzuli-Şuşa magistral yolunun çəkilişi gedir. Hazırda Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Füzuli-Ağdam yollarında işlər gedir. Bu gün Füzuli-Ağdam istiqamətində yeni yolun təməli qoyuldu. Eyni zamanda, Ağdama gedən qonaqlar, vətəndaşlar Füzuli Beynəlxalq Hava Limanından istifadə edə bilərlər. Yəni, Füzuli Beynəlxalq Hava Limanı Qarabağın hava qapısıdır.
Bütün bu işləri görərək biz bir məqsədi güdürdük ki, keçmiş köçkünləri tezliklə öz doğma torpaqlarına qaytaraq. Bu gün təməl daşının qoyulması mərasimlərində iştirak edərkən biz artıq bu günü də böyük dərəcədə yaxınlaşdırmışıq. Bu gün Dövlətyarlı kəndinin inkişaf konsepsiyası təsdiq edildi, təməli qoyuldu. “Ağıllı kənd” konsepsiyası əsasında Dövlətyarlı kəndində böyük yaşayış məntəqəsi yaradılacaq. Beş kəndi birləşdirən bu layihə, ümid edirəm ki, gələn ilin sonuna qədər keçmiş köçkünlərin sərəncamına veriləcək. Birinci mərhələdə 450 evin tikintisi nəzərdə tutulur. Ondan sonra əlavə 300 evin tikintisi nəzərdə tutulur və bu, Füzuli rayonunda birinci yaradılacaq yaşayış mərkəzi olacaqdır.
Bu gün Füzuli şəhərinin baş planı təqdim ediləcək. Artıq mənə bu baş plan təqdim edildi. Bu gün bərabər bu plana baxarıq. Bizim mütəxəssislərimiz bu plan üzərində uzun aylar ərzində işləyiblər. Bu gün biz hamımız bu layihə ilə bir daha tanış olarıq. Zəfər muzeyinin, İşğal muzeyinin təməli qoyulacaq”-deyə diqqətə çatdırmışdır.
Dövlət başçısının tarixi torpaqlarımıza hər səfərində əzəli yurd yerlərimizdə daimi həyatın var olması üçün möhkəm bünövrələr atılır, təməllər qoyulur.
Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, ”Füzuliyə həyat qayıdır və qayıdacaq”.
Aynur Xəlilova – politoloq