image-1backend

Bu gün ölkəmiz bərabərhüquqlu, strateji tərəfdaş kimi çıxış edir

image-reklam_sirab_01

Mayın 3-də Prezident İlham Əliyevin “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda Şuşada keçirilən dördüncü beynəlxalq konfransda dünyanın aparıcı beyin mərkəzlərinin təmsilçilərinin qlobal proseslərin ən müxtəlif istiqamətlərini əks etdirən suallarına cavabında səsləndirdiyi fikirlər dövlətimizin başçısının mövcud və gələcək geosiyasi konfiqurasiya ilə bağlı nə qədər dərin və aydın təsəvvürlərə malik olduğunu bir daha nümayiş etdirdi.

ADA Universitetinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə Prezident İlham Əliyevin suallara cavablarında yer alan, uzaq və yaxın tarixi gerçəklikləri, bu günümüzün geosiyasi mənzərəsini və bütövlükdə Avrasiyanın gələcəyi ilə bağlı reallıqları əks etdirən məqamlar dünyanın aparıcı beyin mərkəzlərinin analitiklərinin təhlil və proqnozları üçün mühüm əhəmiyyətə malikdir.
Dövlətimizin başçısının daha əvvəl keçirilən konfranslarda səsləndirdiyi fikirlərin uzun müddət qlobal əhəmiyyətli araşdırmaların istinad mənbəyinə çevrildiyinin artıq şahidiyik. Azərbaycanın NATO-ya üzv ölkə və regional güc olan Türkiyə ilə Avroatlantik Alyansdan kənar müttəfiqlik münasibətlərinə malik olmasını əks etdirən sual və bu həssas mövzuya Prezident İlham Əliyevin mükəmməl şəkildə aydınlıq gətirməsi, əslində Azərbaycanın xarici siyasət kursunun ən dərin qatlarını əks etdirməklə yanaşı, strateji baxımdan nə qədər dəqiq düşünüldüyünü sübuta yetirir. SSRİ-nin süqutundan sonra Ulu Öndər Heydər Əliyevin strateji zəkası və xarakteri, Prezident İlham Əliyevin uzaqgörənliyi və dəmir məntiqə söykənən liderliyi ilə sıyrılmağı bacaran Azərbaycan özündən postsovet məkanının bəzi aktorları kimi geosiyasi qütblərin nüfuz savaşının təzyiq və təsir elementi kimi istifadəsinə imkan vermədi və coğrafi mövqeyini, təbii resurslarını geostrateji faktora çevirməyi bacardı.
Azərbaycan kütləvi siyasi səhnələrdə, sadəcə, fon yarada biləcək oyunçu kimi görüntü yaratmaqdan imtina etdi və təhlükəsizliyini yalnız öz milli maraqlarına söykənən bərabərhüquqlu münasibətlər müstəvisindən inkişaf etdirmək yolunu seçdi.
Azərbaycan və Avropa İttifaqının ikitərəfli, bərabərhüquqlu saziş üzərində uzun müddətdir ki, iş apardıqlarını bildirən siyasi ekspert deyib: “Hər bir istiqamət, hər bir məqam ən incə nüanslarına kimi müzakirə olunur, milli maraqlarımızın süzgəcindən keçirilir.
Biz daha öncə də qeyd edilən kimi, “kütləvi səhnələr”də, təlimatlardan, buyruqlardan ibarət assosiativ sazişlərdə yer almırıq, bərabərhüquqlu strateji tərəfdaş kimi çıxış edir, milli qürurumuzu, vətəndaşlarımızın və dövlətimizin ləyaqətini qoruyur, milli dövlətçilik ənənələrimizi, dəyərlərimizi dövlət siyasətimizin bütün istiqamətlərinə daşımağı bacarırıq.
Uzun illərdir ki, Avropa İttifaqına, NATO-ya üzv olacaqlarını elan edən və bu istiqamətlərdə saysız-hesabsız vədlər alan bir sıra postsovet ölkələrinin mövcud durumu müqayisə üçün kifayət qədər geniş imkanlar yaradır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Ukraynaya və Gürcüstana NATO üzvlüyünü 15 il öncə vəd edib. Amma sözügedən ölkələr hələ də olduqları yerdədirlər və qarşılaşdıqları çoxsaylı problemlər də göz önündədir. Azərbaycan isə dövlətimizin başçısının vurğuladığı kimi, əməli nəticələrə çevrilməyən bəyanatlardansa, həmişə praktiki addımlar yolunu seçdi, yəni, sözə deyil, əmələ önəm verdi və uğur qazanmağı, qalib gəlməyi bacardı.

Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki