image-reklam-veteninfo
image-1backend

Bu şəxslərin təqaüdə çıxma yaşı uzadıla bilər – VACİB AÇIQLAMA

image-reklam-veteninfo

Regionlarda həkim, tibb işçisi və müəllim çatışmazlığının davam etdiyi bir dövrdə bu sahələrdə çalışan şəxslərin 65 yaşında məcburi təqaüdə göndərilməsi qaydasının yenidən nəzərdən keçirilməsi məsələsi müzakirə olunur. Mütəxəssislər hesab edirlər ki, xüsusilə təcrübəli kadrların qorunub saxlanılması üçün yaş məhdudiyyətlərinə daha çevik yanaşma tətbiq oluna bilər.

Bəs bu sahələrdə çalışanların fəaliyyət müddətinin uzadılması üçün qanunvericilikdə dəyişikliklərə ehtiyac varmı?

Mövzu ilə bağlı Konkret.az-a açıqlama verən Azad Vətən Partiyasının (AVP) sədri Akif Nağı bildirib ki, məsələ daim gündəmdə saxlanılmalı və müəllimlər, həkimlər, eləcə də digər tibb işçilərinə fərqli yanaşma tətbiq olunmalıdır.

Onun sözlərinə görə, hazırda praktikada 65 yaşına çatan şəxslərin dərhal işdən uzaqlaşdırılması halları geniş yayılmasa da, bəzi təhsil müəssisələrində bu yaş həddindən sonra müəllimlərin fəaliyyətini davam etdirməsinə imkan verilmir:

“Bu, düzgün yanaşma deyil. Elə müəllimlər var ki, 70-75 yaşına qədər uğurla fəaliyyət göstərirlər. Əgər insanın fiziki və zehni imkanları buna şərait yaradırsa, onun sırf yaşına görə işdən uzaqlaşdırılması məqsədəuyğun deyil. Müəllim və həkim kimi peşələrdə peşəkarın formalaşması onilliklər tələb edir. Təcrübə isə bu sahələrdə ən vacib amillərdən biridir”.

Akif Nağı qeyd edib ki, uzun illər çalışmış müəllimlər şagirdlərlə işləmək bacarığı, psixoloji yanaşma və peşəkar təcrübələri ilə gənc həmkarlarından fərqlənirlər:

“Təcrübəli müəllimlər şagirdlərin psixologiyasını daha yaxşı anlayır və yaranan çətinliklərə daha səbirli yanaşırlar. Bu baxımdan istisna hallara daha geniş yer verilməlidir.
65 yaşdan sonra da fəaliyyətini uğurla davam etdirən, hətta 80 yaşına qədər çalışan həkimlər var. Cəmiyyət də onların təcrübəsinə və peşəkarlığına etibar edir. Elə insanlar var ki, rəsmi olaraq işdən ayrılsalar belə, xəstələr yenə onların yanına gedərək məsləhət alırlar”.

Akif Nağı hesab edir ki, bu sahədə qanunvericiliyə dəyişiklik edilməsinə ehtiyac var. Lakin bu dəyişiklik bütün işçilərin avtomatik şəkildə yaş həddindən sonra işləməsinə imkan verməməlidir:

“65 yaşdan sonra hamının işdə qalması doğru olmaz. Hər bir şəxsin fiziki vəziyyəti, peşə bacarığı və fəaliyyət göstəriciləri ayrıca qiymətləndirilməlidir. Yaş məhdudiyyəti müəyyən qədər artırıla, eyni zamanda istisna halların tətbiqi genişləndirilə bilər”.

Onun sözlərinə görə, müəllim və həkim kimi strateji əhəmiyyət daşıyan peşələrdə təcrübəli kadrların potensialından daha səmərəli istifadə olunması üçün balanslı və çevik mexanizmlərin yaradılması vacibdir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki