image-1484950backend

“Bu zəfər tariximizin ən parlaq səhifəsidir” – Cavanşir Feyziyevlə MÜSAHİBƏ

image-reklam_sirab_01
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təcavüz aktından sonra Azərbaycan işğala son qoymaq məqsədi ilə əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu mərdliklə vuruşaraq əsl qəhrəmanlıq dastanı yazdı.
Bu ötən üç il ərzində şanlı tarix yazan Ordumuzun keçdiyi döyüş yolu, xalqımızın qələbə arzusunun reallaşması, düşmən tapdağı altında qalan torpaqlarımızın yenidən əsl sahiblərinə qayıtması barədə millət vəkili Cavanşir Feyziyev Metbuat.az-a ürək sözlərini deyib.

Həmin müsahibəni təqdim edirik:

Cavanşir bəy, işğala son qoyan tarixi qələbə sevincini yaşadığımız bu günlərdə ötən üç illə bağlı düşüncələriniz necədir?

2020-ci ildə torpaqlarımız işğaldan azad edildi, uzun illər ərzində Qarabağda kök salmış separatçı rejim 2023-cü ildə birdəfəlik ləğv olundu və və beləliklə 30 il ərzində davam etmiş Qarabağ münaqişəsi sona çatdı. Belə möhtəşəm nəticəyə nail olmaq üçün Azərbaycan dövləti heç bir güc mərkəzinə güvənmədən, beynəlxalq qanunlara əsaslanan ardıcıl və düşünülmüş siyasət yürütdü. Azərbaycan Ordusu isə öz üzərinə düşən vəzifələri layiqincə və şərəflə yerinə yetirərək 8 Noyabr Zəfər gününü xalqımızın tarixinə yazdı. Azərbaycanın 1920-ci ildən bəri dövlət müstəqilliyi uğrunda apardığı 100 illik mücadilə 2020-ci ildə böyük zəfərlə nəticələndi və ölkəmiz öz tarixinin yeni mərhələsinə qədəm qoydu.

Qarabağa “Böyük Qayıdış” planı istiqamətində görülən işlər qənaətbəxş sayıla bilərmi?

Əlbəttə, bu mərhələdə bütün səylər Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü “Böyük Qayıdış” proqramının icra edilməsinə yönəlib. Bu gün Azərbaycan dövləti və xalqı öz iradəsini və gücünü işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulmasında və 30 il ərzində vətən həsrəti ilə yaşayan soydaşlarımızın doğma yaşayış məskənlərinə qayıdışının təmin edilməsində göstərir.

Bölgədəki münaqişənin Azərbaycan tərəfindən öz gücünə və birtərəfli qaydada həll edilməsi bu münaqişə fonunda bölgəni daimi asılılıqda saxlamaq istəyən güc mərkəzlərinin maraqlarına uyğun deyildi. Odur ki, bir sıra dövlətlər hələ də Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına, bölgədə sülhün və sabitliyin bərqərar olunmasına maneçilik törətməyə cəhdlər edirlər. Onların işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsində və bölgədə aparılan quruculuq-abadlıq işlərində Azərbaycana dəstək verməməsi də münaqişə dövründə həmin dövlətlərin heç vaxt ədalətin bərpa olunmasında maraqlı olmadıqlarını göstərir.

Lakin bütün bunlara baxmayaraq Azərbaycan dövləti prezident İlham Əliyevin apardığı mükəmməl siyasət nəticəsində öz gündəliyində duran məsələlərin həllinə nail olmaqda davam edir. Vətən müharibəsindəki qələbəmiz də, müharibədən sonrakı dövrdə azad olunmuş torpaqların reabilitasiyası və bu torpaqlara həyatın qaytarılması da dünya təcrübəsində bənzəri olmayan hadisələrdir.

Bu il Zəfər Bayramı hər bir azərbaycanlı üçün xüsusi önəm daşıyır. Siz hansı hissləri keçirirsiniz?

Bilirsiniz, bu gün Qarabağ və Şərqi Zəngəzur rayonlarında həyata keçirilən genişmiqyaslı layihələr Azərbaycan dövlətinin öz vətəndaşlarına verdiyi dəyərin, insan haqlarına göstərilən sayğının və münaqişə qurbanları olan yüz minlərlə insana göstərilən dövlət qayğısının parlaq nümunələridir. Bu, bütün dünya üçün misilsiz bir örnəkdir və buna görə də hər bir azərbaycanlı öz dövləti ilə fəxr edə bilər.

Zəfər günü tariximizin ən parlaq səhifəsi kimi artıq yaddaşlarda və qəlblərdə özünə yuva salıb. Bu tarixlə öyünürük, fəxr edirik və özümüzü sözün əsl mənasında qalib ölkənin qalib vətəndaşları kimi hiss edirik. Bu Zəfər uzaq tarixlərdən başlayaraq bizə torpaq qazandıran, onu göz bəbəyi kimi qoruyaraq sonrakı nəsillərə əmanət edən, bu torpaqlar üzərində dövlətlər yaradan əcdadlarımızın xatirəsi önündə sədaət borcumuzun şərəflə yerinə yetirilməsinin aşkar təzahürüdür.

Bu Zəfər taleyimizin alın yazısıdır. Biz bu tarixi gündə bu taleyi bizlərə yaşatmaq üçün həyatını, canını, qanını əsirgəmədən qurban verən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirik. Allah bütün şəhidlərimizə rəhmət etsin!


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image