Cəlilabad rayonunda keçmiş həyat yoldaşını qətlə yetirən kişinin cinayət işi məhkəməyə göndərilib. Cəlilabad Rayon Prokurorluğundan verilən məlumata görə, 2021-ci il mayın 28-də rayon sakini Rəna Xanaliyevanın qəsdən öldürülməsi faktı əsasında rayon prokurorluğunda istintaq aparılıb.
Aparılmış istintaqla müəyyən edilib ki, zərərçəkmişin keçmiş əri Cavid Bayramov qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Rəna Xanaliyevanın mənzilinə daxil olub, ona bıçaqla xəsarət yetirərək qəsdən öldürüb.
Cavid Bayramov Cinayət Məcəlləsinin xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə və mənzil toxunulmazlığını pozma maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.