“Azərbaycanın tarixi qələbəsi ilə bitən 44 günlük İkinci Qarabağ müharibəsi Cənubi Qafqazda yeni geosiyasi reallıq yaratdı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ermənistanın uzun bir dövrü əhatə edən işğalına son qoyaraq, Azərbaycan xalqı öz şanlı tarixini yazdı. Bununla yanaşı tarixən dünya güclərinin maraq dairəsi olan bir regionda yerləşən ölkəmiz mürəkkəb siyasi proseslərin cərəyan etdiyi bir dövrə qədəm qoydu”.
Bu sözləri Marketinq Fəaliyyətinin İnkişafına Dəstək İctimai Birliyinin sədri Sənan Yəhya QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, Azərbaycanın qələbəsini qəbul etmək istəməyən və erməni terrorizmini dəstəkləyən, regionda sülhü və əmin-amanlığı pozmağa can atan qüvvələr fonunda güclü bir liderə ehtiyac yaranır: “Elə bir liderə ki, maraqların kəsişdiyi və toqquşduğu bu regionda bütün siyasi və iqtisadi ambisiyaları uzlaşdıra bilsin. Düşünürəm ki, İlham Əliyev belə bir liderdir”.
Qeyd edək ki, aktiv seçki hüququna malik olan, 18 yaşına çatmış və seçki gününə qədər 18 yaşı tamam olan Azərbaycan Respublikasının vətəndaşları seçkilərdə müşahidəçi qismində iştirak edə bilər.


























