image-reklam-veteninfo
image-1backend

Çin avtomobilləri rekord qırır, Azərbaycan isə “Zapı” istehsalına hazırlaşır – Paradoksun səbəbi…

image-reklam-veteninfo

Azərbaycanda avtomobil bazarında son bir ildə baş verənlərin statistikası bazarın gələcəyini göstərən ciddi siqnaldır. Rəsmi məlumatlara görə, cəmi bir il ərzində ölkədə BYD markalı avtomobillərin sayı 4 mindən təxminən 20 minə, “Changan” markalı avtomobillərin sayı isə 9 mindən 39 minə yüksəlib. Başqa sözlə, iki Çin markası üzrə avtomobil parkı 46 minə yaxın böyüyüb. Bu rəqəmlər bazarın hansı istiqamətə getdiyini açıq göstərir.

Məhz belə bir vaxtda Özbəkistan və Azərbaycan tam istehsal dövriyyəsinə malik yeni avtomobil zavodunda “amerikanskiy Zapı” – “Chevrolet Cobalt” istehsal etməyə hazırlaşır.

Bazar artıq gələcəyin avtomobillərini seçərkən dövlət dəstəyi ilə niyə dünənin texnologiyasına investisiya qoyulur?

KOBALT.jpeg (125 KB)

Statistika bazarın seçimini artıq edib

Son illərdə Azərbaycanda avtomobil bazarını dəyişən əsas faktorlar sırasında taksi islahatlarını, elektromobillərə tətbiq olunan gömrük və vergi güzəştlərini, yanacağın qiymətini və avtomobillərin istismar xərclərinin artmasını sadalamaq olar. Nəticədə alıcı daha az yanacaq işlədən, texnoloji və zəngin komplektasiyalı avtomobillərə üstünlük verməyə başlayıb. Ən böyük qazanan isə Çin istehsalçıları olub.

Bir neçə il əvvəl Azərbaycan küçələrində nadir görünən BYD, “Changan”, “Geely”, “Deepal”, GAC, “Dongfeng” kimi markalar artıq gündəlik həyatın adi hissəsinə çevrilib.

Əslində bazar özü hökumətə mesaj verir ki, insanlar artıq 7-8 litr benzin yandıran klassik, mexaniki ötürücülər qutusuna malik sedanı deyil, 3-4 litr işlədən hibrid və ya elektrik avtomobili istəyirlər.

“Cobalt” isə tam əks istiqamətdədir

Azərbaycanda istehsal olunacaq “Chevrolet Cobalt” texniki baxımdan etibarlı avtomobil sayılsa da, konsepsiyası artıq köhnə hesab olunur. Model yalnız benzin mühərriklidir, hibrid deyil. Elektrik versiyası yoxdur və yəqin ki, bundan sonra da olmayacaq. Azərbaycana satılan köhnə istehsal xəttində isə bu sadəcə mümkünsüzdür. Bu “Zapı” 100 kilometrə təxminən 6-7 litr yanacaq sərf edir. Halbuki bazarda artıq “BYD Qin”, “Changan Qiyuan”, “Geely Galaxy”, “Deepal” və digər plug-in hibrid modellər var.

BYD.jpeg (131 KB)

Bu modellər 100 kilometrə 2-4 litr yanacaq sərf edərkən Azərbaycan vətəndaşı niyə gedib qiymətdə hətta baha olan “Cobalt” alsın ki?

Yəni Azərbaycan bazarında rəqabət artıq mühərrik gücü deyil, enerji səmərəliliyi üzərində qurulub.

Özbəkistan irəli, Azərbaycan geriyə?

Paradoks ondadır ki, “Cobalt” layihəsini Azərbaycana gətirən Özbəkistanın özü artıq Çin avtomobil sənayesi ilə dərin əməkdaşlıq edir. Son illərdə Özbəkistanda BYD ilə birgə istehsal layihələri həyata keçirilir. Paralel olaraq “Chery” və digər Çin markaları üzrə istehsal genişlənir. Özbəklə elektrik avtomobillərinin yığılmasını artırır, batareya texnologiyalarına investisiyalar edirlər. Yəni Özbəkistan daxili bazarı və ixrac üçün artıq yeni texnologiyalara keçid edir.

Belə olan halda Azərbaycanın payına niyə sürətlə köhnələn “Cobalt” düşməlidir?

Hər kəsə gün kimi aydındır ki, 2025-ci ildən sonra qlobal avtomobil sənayesində ən sürətlə böyüyən seqment elektrik və plug-in hibrid avtomobillərdir. Çində satılan yeni avtomobillərin əhəmiyyətli hissəsini artıq yeni enerji avtomobilləri təşkil edir. Avropa isə 2035-ci ildən daxiliyanma mühərrikli yeni avtomobillərin satışını mərhələli şəkildə dayandırmağa hazırlaşır.

“Toyota”, “Volkswagen”, “Hyundai”, “Honda”, “Mercedes-Benz”, BMW kimi ənənəvi istehsalçılar belə milyardlarla dolları elektrik platformalarına yönəldirlər. Bu fonda 2027-ci ildə yeni zavod açıb yalnız klassik benzin sedanı istehsal etmək Azərbaycanı geriyə çəkməkdir.

Azərbaycanın statistikası layihənin əsas riskini göstərir

Ən maraqlı məqam isə elə Dövlət Statistika Komitəsinin rəqəmləridir. Bir daha həmin rəqəmləri sadalayaq – ötən 1 ildə Azərbaycanda BYD təxminən 5 dəfə böyüyüb, “Changan” təxminən 4 dəfə artıb. Bu, bazarın artıq hansı istiqaməti seçdiyini göstərir. Əgər istehlakçı seçimində əsas meyar aşağı yanacaq sərfi, yüksək texnologiya, zəngin təchizat, aşağı istismar xərci olacaqsa, “Cobalt” həmin seqmentdə rəqabət xəttindən çox geridə qalacaq.

Daha rasional model necə ola bilərdi?

Azərbaycanda yeni zavodun yaradılması özü-özlüyündə mühüm sənaye hadisəsidir. Yerli istehsal, məşğulluq və avtomobil sənayesinin formalaşması baxımından belə layihələr əhəmiyyətlidir. Lakin strateji baxımdan istehsal proqramının gələcəyin, ən əsas da bazarın tələbatına uyğunlaşdırılması daha dayanıqlı nəticə verə bilər. Hibrid və plug-in hibrid modellərin yığılması üçün hazırlıq görülməsi, növbəti mərhələdə isə elektrik avtomobillərinin istehsalına keçilməsi vacibdir. Bu yanaşma həm mövcud bazar tələbatını nəzərə alar, həm də Azərbaycanın yaşıl enerji və sənayeləşmə strategiyası ilə daha uyğun olardı.

Azərbaycan avtomobil bazarı son 1 ildə öz seçimini açıq şəkildə nümayiş etdirib. Çin istehsalı olan hibrid və elektrik avtomobillərinə marağın sürətlə artması göstərir ki, alıcı münasib qiymətə qənaətcil, müasir tələblərlə ayaqlaşan texnologiyaya malik və istismar xərclərinə də ciddi önəm verir.

Belə bir şəraitdə Azərbaycanda tam istehsal dövriyyəsinə malik zavodun yaradılması müsbət addım sayılsa da, burada yalnız daxiliyanma mühərrikli “Chevrolet Cobalt” modelinin istehsalına üstünlük verilməsi uzunmüddətli perspektivdə suallar doğurur. Xüsusilə də layihənin tərəfdaşı olan Özbəkistanın özünün Çin istehsalçıları ilə elektrik və hibrid avtomobil layihələrini genişləndirməsi bu müzakirələri daha da aktuallaşdırır.

Bu günün avtomobil bazarı enerji səmərəliliyi, elektrikləşmə və ağıllı texnologiyalar üzərində qurulur. Bu baxımdan, Azərbaycanda yaradılan yeni avtomobil istehsalı platformasının hibrid və elektrik modellərin yığılmasına uyğunlaşdırılması həm iqtisadi səmərəlilik, həm də ölkənin sənaye siyasətinin gələcək çağırışlara cavab verməsi baxımından daha perspektivli görünür.Musavat.com




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki