Onu çoxları tanımırdı. Bir məşhur soyadın daşıyıcısı olan Qiyas bəy Şıxlinski haqqında ilk məlumat 1956-cı ildə Mircəfər Bağırovun məhkəməsi zaman səslənir. Qiyas bəy Şıxlinskinin Sovet hökumətinə qarşı çıxması, bir neçə il ərzində isə Mircəfər Bağırovun bu gənc zabitin əməllərinə göz yumması məhkəmədə geniş rezonans doğurur. Müasir dövrdə Qiyas bəy Şıxlinskini hər kəs mərhum yazıçımız İsmayıl Şıxlının “Dəli Kür” romanı əsasında çəkilən eyni adlı filmdən tanıyır. Məşhur Şıxlinskilər nəslinin nümayəndəsi Cahandar ağanın həyatından bəhs edən filmdə Qiyas bəyin daim atasına kömək olur. Hərb tariximizdə xüsusi yeri olan Qiyas bəy Şıxlinskinin həyatı keşməkeşli olub.
Hərb tariximizin yorulmaz tədqiqatçısı Şəmistan Nəzirli Şıxlınskilər nəslinin nümayəndələri haqqında bir neçə kitab yazıb, araşdırmalar aparıb. Təqdiqatçı bu nəslin nümayəndəsi ştabs-kapitan Qiyas bəy Şıxlinski haqqında da maraqlı məlumatlar açıqlayıb.
Qiyas bəy Şıxlinski 1895-ci ildə Qazaxda Cahandar ağanın ailəsində dünyaya göz açıb. Kiçik yaşlarından atasının bütün səfərlərində iştirak edən Qiyas bəy bu səfərlər zamanı Rusiyada təhsil alan Əhməd adlı müəllimlə tanış olur. Məhz bundan sonra onun rus ədəbiyatına marağı yaranır. Qiyas bəy Şıxlinski 1909-1914-cü illərdə Qori şəhərindəki Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini bitirir. Onun təhsil həvəsi bununla bitmir.
Dostu Əhmədin təkidi ilə Qiyas bəy Şıxlinski Peterburqda Hüquq təhsili də alır. 1916-cı ildən Tiflisdə çalışmağa başlayır. 1918-ci ildə Azərbaycanda Cümhuriyyət hökuməti qurulanda Qiyas bəy də Azərbaycana gəlir. O 1918-ci ildə Ərəş qəzasının pristavlığında ikinci sahənin rəisi təyin edilir. Olduqca cəsur bir şəxs olan Qiyas bəy tezliklə bütün qəzada böyük nüfuz sahibinə çevrilir. Qiyas bəy qəzada savadsız gənclərin təhsil alması üçün çox çalışır. Məhz onun təkidi ilə yüzlərlə gəncin təhsil alması üçün şərait yaradılır.
1920-ci ildə Azərbaycanın bolşeviklər tərəfindən işğal edilməsindən sonra Qiyas bəy əli silah tutan dostları ilə birlikdə Sovet hökumətinə qarşı mübarizəyə başlayır. Qazax, Borçalı qəzalarında qaçaqlıq edən Qiyas bəy o dövrdə Mircəfər Bağırovla dostlaşır. Bu dostluq onun həyatında mühüm rol oynayır. Lakin Qiyas bəyin ötkəmliyi və haqsızlığa qarşı mübarizəsi yenə davam edirdi. O polis rəisi təyin edilsədə bəzən özü bolşevikləri cəzalandırırdı. Onun Sovet hökumətinə qarşı çıxması haqqında dalbadal Moskvaya yazılan məktublar cavabsız qalırdı. Çoxları onun Mircəfər Bağırov tərəfindən himayə olunduğunu qeyd edirdi. Elə bu versiyalar sonralar Mircəfər Bağırovun məhkəməsi zamanı özünü doğruldurdu.
1954-cü ilin 28 avqustunda dindirilmiş şahidlərdən Əliyev Zeynal Mehrəli oğlu ifadəsində deyirdi:
«Bağırov çox vaxt keçmiş müsavat fəallarını öz tərəfinə çəkir və məsul vəzifələrə təyin edirdi. Belə ki, Bağırovun Qazax qəzasında milis rəisi vəzifəsinə keçmiş müsavat pristavı Qiyas bəy Şıxlinskini təyin etməsi mənim yaxşı yadımdadır. Milis rəisi işləyərkən Şıxlinski sovet hökumətinə heç bir yardım göstərməyib və heç bir xeyirli iş görməyib.
Bağırov Şıxlinskiyə hər cür himayədarlıq göstərirdi. Bundan istifadə edən Şıxlinski yerli sovet hakimiyyəti orqanları ilə hesablaşmır, yalnız Bağırova tabe olduğunu bildirirdi.
Təqribən 1930-cu ildə yerli hökumət cinayətkar fəaliyyətini ifşa etməyə başlayanda Şıxlinski silahlı dəstə ilə Türkiyəyə qaçdı».
Qanunlara tabe olmayan Qiyas bəy Şıxlinski 1927-ci ildə iki erməni bolşevik daşnak zabitini Qazaxda güllələyir. Bu böyük qalmaqala səbəb olur. Lakin o zaman onun həbs olunmasının qarşısını Mircəfər Bağırov almağı bacarır. Lakin Qiyas bəy Şıxlinskinin 1929-cu ildə ildə silaha əl atması yenidən böyük qalmaqala səbəb oldu. O 1929-cu ilin dekabrında Gəncədə vağzalda polis rəisinin müavini olan Qerasimovu güllələyir. Onun həbs olunması artıq an məsələsi idi. 1930-cu ildə Qiyas bəy silahdaşları ilə birlikdə Türkiyəyə keçməyi bacarır.
Otuz beş yaşında qürbətə düşən Qiyas bəy son nəfəsinə qədər Azərbaycan sevgisi ilə yaşadı, ona qayıtmağa can atdı. Ölkəsində meydan sulayan bolşevik-daşnak düşmənlərinə nifrətini də unutmadı. Gecə-gündüz at belində süvari dəstəsi ilə Sovet sərhədlərinə gah Qars və Sarıqamış tərəfdən, gah da Başkeçid, Maymaq dağlarından basqınlar etdi. Qiyas bəyin ən ümdə vəzifəsi Sovet totalitar rejimində kolxoz və sovxozlarda qul kimi işlədilən həmyerlilərini xilas etmək idi.
Təqdiqatçı Şəmistan Nəzirli yazır:” Bağırovun Şıxlinskiyə himayədarlıq etməsi sənədlərlə də sübut olunur. Gəncə vilayət şöbəsi rəisi Qiyas bəy Şıxlinskinin ağır cinayətlərdə iştirakı ilə bağlı məlumat versə də o, məsuliyyətə cəlb olunmamışdır. Bundan əlavə, Qiyas bəy Şıxlinski 1930-cu il mayın 12-də müttəhim Bağırova şəxsi məktub yazıb, onu sıxışdırdıqlarından və antisovet fəaliyyətdə şübhələndiklərindən şikayətlənəndə, Bağırov həmin məktuba aşağıdakı dərkənarı qoyur: “Yoldaş Neverova. Bir daha vilayət şöbəsi vasitəsilə bu biabırçılıqlara son qoyun. Nəticəsi barədə mənə mayın 21-dək məlumat verin”.
Bu məktubdan sonra 1930-cu ilin 29 iyulunda həmin Şıxlinskiyə o vaxtlar Azərbaycan Baş Siyasi İdarəsi Gəncə vilayət şöbəsinin keçmiş rəisi Quliyevin imzası ilə 1345 saylı arayış verildi. Həmin arayışda Qiyas bəy Şıxlinskinin yeddi nəfər silahlı yoldaşı ilə birlikdə Gəncəyə tərəf hərəkət etməsi göstərilir və ona heç bir maneçilik göstərilməməsi tövsiyə olunurdu. Çox keçmədi ki, qohumları və həmin silahlı dəstə ilə birlikdə Qiyas bəy Şıxlinski Türkiyəyə qaçdı.
Sovet hökumətinin axtardığı adamların bir çoxu məhz Qiyas bəy Şıxlinskinin dəstəsinin üzvləri idi. Qiyas bəylə Türkiyəyə 85 nəfərlik bir dəstənin keçməsi də bunu sübut edir. Dəstədə Əmiraslan bəy Tomtiyev, qardaşı Həsən ağa, əmisi oğlu Alay bəy Şıxlinskilər, həmkəndliləri İsrafil bəy, Mustafa ağa, Süleyman ağa və Həmzə bəy Borçalı kimi Sovet hökumətinə nifrət edən oğullar vardı.
Qiyas bəyin Türkiyəyə keçməyindən xəbər tutan Qazax rayonunun xüsusi idarəsinin rəisi Xoren Qriqoryan Şıxlinskilər nəslinə qənim kəsilir. O, bu nəsilin yaxın və uzaq qohumlarının əksəriyyətini həbs edib sürgünə göndərir. Qiyas bəyin anası Dürlü xanım, oğlu Kamil həbsxanada vəfat etdilər. Qiyas bəyin iki qardaşını isə güllələdilər. Qalanları Qazaxıstana sürgün olundular.
Türkiyəyə keçən Qiyas bəy dəstəsi ilə Qarsa gəlib burada məskunlaşır. Bir neçə aydan sonra isə əmisi oğlu İqdır Milli Əmniyyət müfəttişi Hüsnü Bingölün köməyi ilə İqdırda yerləşir.
Rus – Sovet hökumətinin şikayətindən sonra Qiyas bəy və dostları Vana sürgün edilir. Sovet emissarları burada da onları dinc qoymurdu. Məhz Qiyas bəy Şıxlinskini öldürmək istəyən bir neçə xain zərərsizləşdirilmişdi. Vətən, el-oba həsrəti Qiyas bəyi bir an tək buraxmırdı. Qiyas bəy Şıxlinski Ağrıda yaşayanda yenidən evləndi. Bu evlilikdən üç oğlu və iki qızı doğuldu. Bu gün Türkiyənin müxtəlif sahələrində bu nəslin övladları çalışır. Qiyas bəyin nəvə nəticəsi Türkiyə Silahlı Qüvvələrində, polis orqanlarında ulu babaları Alqazaxın adını soyad kimi daşıyırlar. Qiyas bəyin övladlarından biri olan polkovnik Çingiz Alqazax Türkiyə Hərbi Hava Qüvvələrinin hərbi təyyarəçi kimi şöhrət qazanıb.
Ömrünü vətənə qayıtmaq eşqi ilə yaşayan cəsur eloğlumuz Qiyas bəy Şıxlinski 1970-ci ildə haqq dünyasına qovuşdu. Onun yolunu davam etdirən nəvə-nəticələri mütamadi olaraq baba yurdlarını ziyarət edirlər.
Qoşqar Salmanlı