Avqustun 5-də millət vəkili K.Nurullayeva Nizami Rayon İcra Hakimiyyətinin aparatı və Rayon Təsərrüfatı Şöbəsinin Müdiri Tariyel müəllim ilə birgə E.Süleymanov küçəsi 118, R.Rüstəmov küçəsi 76 və 76b ünvanlarında yaşayan Nizami rayon sakinləri ilə görüş keçirib, onların təklif və problemlərini dinləyib və vətəndaşların rastlaşdığı gündəlik problemlərin həlli istiqamətində müvafiq tapşırıqlar veriblər.
Səsləndirilən müraciətlər arasında yaşayış binalarının cari təmirə ehtiyacı, həyətyanı sahələrdə sakinlər üçün istirahət və park zonalarının salınması, abadlıq işlərinin aparılması məqsədilə su təminatının zəruriyyəti, məhəllələrə oturacaqların qoyulması, azyaşlı uşaqların təhlükəsizliyini təmin etmək məqsədilə bina qarşısına piyada keçidinin salınması və işıqfor sisteminin yaradılması, məktəbli uşaqlar üçün inkişaf mərkəzlərinin qurulması və uşaq yaradıcılıq məktəblərinin sayının artırılması, ağacların əkilməsi və yaşıllıq işlərinin aparılması ilə bağlı şikayət və təkliflər yer almaqdadır.
Səyyar qəbul çərçivəsində R.Rüstəmov küçəsi 76b ünvanında yerləşən 1-ci Qarabağ Müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş binada yaşayan sakinlər ilə görüş keçirilib və onların problemləri dinlənilib. Həmçinin, pensiya və əlil arabası ilə təmin olunmaq üçün fərdi məsələlər ilə bağlı deputata müraciətlər olunub.
Görüş sonu sakinlər tərəfindən qaldırılan məsələlərə dair araşdırmanın aparılacağı və qeyd olunan problemlərin həlli istiqamətində müvafiq addımların atılacağı seçicilərin diqqətinə çatdırılıb.