Milli Məclisin deputatı Könül Nurullayevanın təşəbbüsü ilə Beynəlxalq Qadınlar Günü münasibətilə qadınlarla görüş keçirilib. Tədbirdə paytaxtın Nizami rayonundan olan şəhid ailələri, qəhrəman övladlarımızı yetişdirən məktəb direktorları, vətəndaşlarımızın sağlamlığının keşiyində duran müxtəlif tibb ocaqlarının xanım rəhbərləri, eyni zamanda rayonun sosial-ictimai, iqtisadi-siyasi və intellektual-mədəni həyatında önəmli rol oynayan xanımlar iştirak edib.
Millət vəkili Könül Nurullayeva tədbirdə çıxış edərək bildirib ki, Azərbaycan qadını hər zaman ən yüksək mənəvi keyfiyyətlərin daşıyıcısı olub. Qadınlarımızın yüksək intellekti, ziyalı mövqeyi, mənəvi saflığı həm də sağlam Azərbaycan ailəsinin formalaşmasına zəmin yaradıb. Azərbaycan qadını qayğıkeş ana, sədaqətli həyat yoldaşı kimi vətənpərvər övladlar böyüdür.
Deputat, eyni zamanda Vətən uğrunda canından keçən qəhrəman övladlar yetişdirdiklərinə görə şəhid analarına təşəkkür edib, 44 günlük müharibədə Azərbaycan Ordusunun qazandığı şanlı zəfərdən, qəhrəman oğullarımızın döyüşlərdə göstərdiyi şücaətdən danışıb. Bildirib ki, Vətən müharibəsindəki tarixi qələbəmiz Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, şəhidlərimizin və qazilərimizin canı-qanı bahasına, xalqımızın milli ruhu və birliyi sayəsində qazanılıb.
Könül Nurullayeva, həmçinin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan qadın siyasətinin bu gün də uğurla davam etdiyini diqqətə çatdırıb. Millət vəkili ölkəmizdə qadın hərəkatının formalaşmasında, Azərbaycan qadınının yüksək dəyərlərə bağlılığının dünyaya təqdimatında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi xidmətləri olduğunu vurğulayıb. Qeyd edib ki, Mehriban Əliyeva öz fəaliyyətini cəmiyyətin inkişafına yönəltməklə Azərbaycan qadınının ictimai-siyasi fəaliyyətinin yeni səhifəsini açıb.
Tədbirdə şəhid anaları da çıxış edərək, övladlarının şərəfli döyüş yolundan danışıb, dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Görüş zamanı şəhid analarını və tədbirdə iştirak edən digər qonaqları narahat edən sosial məsələlər də müzakirə edilib. Onların həlli istiqamətində müvafiq addımların atılması ilə bağlı qeydlər aparılıb.