Millət vəkili Könül Nurullayeva həftə ərzində Deputat Qərargahına daxil olan 24 müraciətin əsasında növbəti vətəndaş qəbulunu keçirib. Deputat qəbul zamanı 8 vətəndaşımızla canlı və 1 nəfərlə isə onlayn formatda görüşərək, onlar tərəfindən səsləndirilən şikayət və problemlər ətrafında qarşı tərəflə geniş fikir mübadiləsi aparıb.
Nəzərinizə çatdırmaq istərdik ki, görüş zamanı qəbul iştirakçılarını narahat edən problemlər sırasında binanın həyətyanı sahəsində söhbətgahın quraşdırılması, İkinci Qarabağ müharibəsi şəhidinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə bulaq kompleksinin inşa edilməsi, vətəndaşlarımızın məşğulluq səviyyəsinin artırılması, vətəndaşlarımızın həyatı üçün təhlükə mənbəyi olan ağaclara aqrotexniki qulluğun göstərilməsi, aztəminatlı ailələrin qarşılaşdığı məişət problemləri və Vətən müharibəsi qazisinin mənzil və avtomobillə təmin edilməsi ilə bağlı məsələlər başlıca yer almışdır. Millət vəkilinin qərargahından verilən məlumata görə, seçicilərin qəbul ərzində deputat Könül Nurullayevaya çatdırdığı bütün müraciətlər detallı şəkildə qeydiyyata götürülmüşdür və ən yaxın zamanda aidiyyətı üzrə müvafiq qurumlara ünvanlanacaqdır.