“Milli Ordumuzun Qarabağda antiterror tədbirlərini həyata keçirməsi son 3 ildə Qarabağ bölgəsində separatçıların atdığı qeyri-legitim addımların məntiqi nəticəsi idi”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.
“Bu yaxınlarda qondarma qurumun imitasiya etdiyi seçki şousu hadisələri kulminisaya həddinə çatdırdı. Azərbaycan Rusiya sülhməramlı qüvvələrin müvəqqəti nəzarəti altında olan ərazilərdə də öz suveren hüquqlarını həyata keçirməklə Qarabağ ərazisində Konstitusion qayda-qanunları bərpa etdi. Bu sözün əsl mənasında tarixi hadisədir. Mən bütün xalqımızı bu tarixi hadisə münasibətilə təbrik edirəm”.
“Böyük ölkələrə və müxtəlif beynəlxalq təşkilatlara güvənən Ermənistan, separatçılar nəticənin belə olduğunu gözləyirdilər?” sualına cavab verən deputat deyib ki, əslində nəticənin belə olacağını gözləməli idilər.
“Amma görünür ki, Ermənistan və erməni siyasətbazları öz tarixlərindən dərs çıxarmağa qadir deyillər. 100 il genosid sözü ilə manipulyasiya edib heç nəyə nail olmadıqdan sonra miatsum kimi cəfəng bir ideyanın ardınca getmək doğrudan da yolunu azaraq qurda yem olmağa doğru gedən sürünün aqibətini xatırladır. Biz onlara çox dedik, az eşitdilər. Bu da sonu. İndi onlar bu sonluğu qəbul etmək məcburiyyətindədir”.
C.Feyziyev bildirib ki, bölgə bütövlükdə sülh və əməkdaşlıq regionuna çevrilməlidir.
“Azərbaycanın qələbəsi bütün bölgə dövlətlərinin xalqlarına sağlam, etibarlı və firavan gələcək vəd edir. Ona görə ermənilər də münaqişə səhifəsini qapadıb həyata yeni reallıqların prizmasından baxmalı, düşmənçilikdən əl çəkib əməkdaşlığa və birgəyaşayışa doğru qəti addım atmalıdırlar”.
Xatırladaq ki, sentyabrın 19-u səhər saatlarında Azərbaycan Ordusu Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlayıb. Antiterror tədbirləri 20 sentyabr tarixində Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri silahı yerə qoyub və təslim olublar.