image-141-fereh-huseynovabackend

Dinc və təhlükəsiz dünya uğrunda

image-reklam_sirab_01

 

Azərbaycan  Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da  “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda  keçirilən X Qlobal Bakı Forumu ölkənin və dünyanın ən mühüm siyasi tədbiri sayıla bilər.

Qlobal Bakı Forumu ən müxtəlif məsələlərin müzakirə olunduğu mühüm bir platformadır. Artıq sayca 10-cu dəfə keçirilən Qlobal Bakı Forumunda dövrün reallıqlarına uyğun olaraq, müxtəlif məsələlər ətrafında müzakirələr aparıldı, fikirlər bölüşdürüldü, rəylər dinlənildi. Bu forumun digər bir əhəmiyyəti isə bu və ya digər məsələlərin həlli ilə bağlı fikirlərin irəli sürülməsi, maraqlı ideyaların verilməsi oldu. Bu baxımdan deyərdim ki, Qlobal Bakı Forumu öz əhəmiyyətinə və miqyasına görə bu gün Davos Dünya İqtisadi Forumu kimi toplantılarla da müqayisə oluna bilər. Çünki bu forumda  dünyanı narahat edən  əksər məsələlər ətrafında geniş müzakirələr aparıldı.

Qeyd edək ki, foruma  60-dan çox ölkədən 350-dən artıq iştirakçının qatılması, onların sırasında 50-dən artıq hazırkı və sabiq prezidentin,  baş nazirin olması sübut edir ki, Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara tam uyğundur. Məhz buna görə də müzakirələrin səviyyəsi kifayət qədər yüksək keçdi. Əlbəttə, ən vacibi beynəlxalq münasibətlərlə bağlı yeni yanaşmalara dair tövsiyələrin verilməsi oldu. Hər şeydən əvvəl, forumun proqramı kifayət qədər geniş və maraqlı idi. Proqramın mövzuları  Yaxın Şərqi, Afrikanı və Qərbi Balkanları əhatə edirdi. Bununla yanaşı, bu gün dünya gündəliyinin aktual məsələlərinin də müzakirələr mövzusu sırasında olması onun dəyərini şərtləndirən əsas amillərdən biridir.

Forumun açılış mərasimində çıxış edən ölkə başçısı İlham Əliyev hazırkı dünya düzənində belə tədbirlərin keçirilməsini yüksək dəyərləndirərək bildirdi: “Biz Qoşulmama Hərəkatının institusional inkişafını təmin etməyə çalışdıq. Bu məqsədlə Qoşulmama Hərəkatının 60 illik tarixində ilk dəfə biz təşəbbüsümüzlə Parlament Şəbəkəsini yaratdıq. Onun ilk iclası Bakıda təşkil edildi. Bundan əlavə, Hərəkatın Gənclər Şəbəkəsi də təsis edildi və onun katibliyi Bakıda yerləşir. Biz bu ilin sonunda sədrliyimiz başa çatdıqdan sonra da səylərimizi davam etdirəcəyik. Çünki biz bugünkü parçalanmış dünyada belə bir Hərəkata böyük ehtiyacın olduğunu görürük”.

Forumu əhəmiyyətli edən məsələlərdən biri də onun tam müstəqil bir forum olmasıdır. Bu da Azərbaycan dövlətinin tam müstəqil siyasət yürütdüyünün bariz nümunəsidir. Çünki son bir il ərzində ölkəmizdə üç böyük toplantı təşkil olunub. Hər üç platformada əsasən hansı missiyanın yerinə yetirilməsi qarşıya məqsəd kimi qoyulmuşdu və bütövlükdə toplantıların elə ruhu da məhz onun üzərində köklənmişdi. Amma Qlobal Bakı Forumu heç bir halda konkret bir istiqamət məqsədli, hansısa dairələrin maraqlarına uyğun missiyanı yerinə yetirmək məqsədi güdməyib. 10-cu Qlobal Bakı Forumu bir daha nümayiş etdirdi ki, bu forum hər hansı bir tərəf sərgiləmədən, hər hansı bir cəbhədə yer almadan dünyanı narahat edən obyektiv məsələlərin həlli istiqamətində müzakirələrin təşkil olunmasından ibarətdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev öz çıxışında forumun istiqamətlərinə də bir daha aydınlıq gətirdi: “Bu gün biz soyuq müharibənin bitməsindən sonra bu günədək baş vermiş bəlkə də ən ciddi Şərq-Qərb qarşıdurmasının şahidi oluruq. Qoşulmama Hərəkatı körpülərin salınmasında, münaqişələrin həllində yeni yanaşmaların formalaşdırılması və Qoşulmama Hərəkatının təməl prinsiplərinin – Bandunq Prinsiplərinin təmin edilməsində mühüm rol oynaya bilər və oynamalıdır. Həmin prinsiplər – sülh, əməkdaşlıq, ərazi bütövlüyünə və suverenliyə hörmət, habelə sərhədlərin toxunulmazlığından ibarətdir”.

Forumdakı açılış nitqində ölkə başçısı Azərbaycanın miltikultural ölkə olduğunu və bu istiqamətdə siyasət yürütdüyünü bir daha dünyaya bəyan etdi: “Azərbaycanda azlıqların hüquqları Konstitusiyamız tərəfindən qorunur. Azərbaycanda real vəziyyətlə tanış olan hər kəs deyə bilər ki, Azərbaycan yüksək dini və etnik dözümlülüyü ilə seçilən, müxtəlif etnik qrupların, konfessiyaların nümayəndələrinin dinc və ləyaqətli şəkildə yaşadığı ölkədir. Bir sözlə, əminəm ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq daha yaxşı olacaq. Hər münaqişənin öz tarixi, öz dinamikası və sonu var. Lakin vacib odur ki, ölkələr arasında mübahisələr beynəlxalq hüquq əsasında həll olunsun, onların ərazi bütövlüyü və suverenliyi güc hesabına dəyişdirilməsin. Bu, Azərbaycanın mövqeyidir. Bu mövqe yalnız bizim məsələmizə deyil, dünyadakı bütün münaqişələrə şamil edilir. Biz bu mövqeyi açıq şəkildə bəyan edirik”.

Münaqişələr məsələsi, post pandemiya dövründə inkişaf məsələləri və digər mühüm məsələlər forumun əsas müzakirə predmetlərini təşkil edirdi. Bu baxımdan demək olar ki, Qlobal Bakı Forumu dünyanın bu günü və gələcəyi üçün çox mühüm əhəmiyyət kəsb edən toplantı oldu.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin forumdakı çıxışının son müddəasını bütün dünyaya sülh mesajı kimi də qiymətləndirmək olar: “Biz dünyamızın daha dinc və təhlükəsiz olmasına töhfə verməyə çalışacağıq”.

 

Fərəh Hüseynova

Suraxanı rayonu, 141 nömrəli tam orta məktəbin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki