“Gender və Tərəqqi” Maarifləndirmə İctimai Birliyi Sədri Kamran Rzayev Vətəninfo.az-ın görülən işlər və fəaliyyətlərini əks etdirən sualların cavablandırıb.
Təşkilatınız dövlət qurumları ilə əməkdaşlıq edirmi?
– Bəli, dövlət qurumları ilə əməkdaşlıq bizim fəaliyyətimizin mühüm hissəsidir. Xüsusilə səhiyyə sistemi ilə əməkdaşlığımız uzunmüddətli və davamlı xarakter daşıyır. 2015-ci ildən bu günə qədər təşkilatımız Qlobal Fondun layihələri çərçivəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Respublika QİÇS-lə Mübarizə Mərkəzi ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq bizə İİV profilaktikası üzrə xidmətləri daha geniş əhali qruplarına çatdırmağa və regionlarda fəaliyyətimizi genişləndirməyə imkan verib. Təşkilatımız eyni zamanda Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV/QİÇS-in profilaktikası üzrə fəaliyyət göstərən işçi qrupunun üzvüdür. Bundan əlavə, ölkə üzrə İİV/QİÇS istiqamətində fəaliyyət göstərən Səhiyyə Koordinasiya Komitəsinin, yəni SKK-nın üzvüyük. Bu üzvlük bizim üçün yalnız status məsələsi deyil. Biz həmin platformalarda real təcrübəmizi, sahədə gördüyümüz problemləri və icma ilə işləyərkən əldə etdiyimiz nəticələri təqdim edirik.
Təşkilatınız dövlət səviyyəsində aparılan tədqiqatlarda da iştirak edirmi?
– Bəli. Təşkilatımız İİV/QİÇS üzrə epidemioloji nəzarət istiqamətində dövlət tərəfindən həyata keçirilən tədqiqat və araşdırmalarda iştirak edir. Bu cür tədqiqatlar İİV-in yayılma vəziyyətinin daha düzgün qiymətləndirilməsi, risklərin müəyyən edilməsi və gələcək profilaktik tədbirlərin planlaşdırılması üçün vacibdir. Bizim sahədə çalışan aoutreach əməkdaşlarımız bu prosesdə xüsusi rol oynayırlar. Komandamız uzun illər ərzində formalaşıb və müvafiq təlimlər keçmiş əməkdaşlardan ibarətdir. Onlar müxtəlif şəhər və regionlarda kişilərlə birbaşa işləyir, məlumat verir, profilaktik vasitələr paylayır və ehtiyac olduqda şəxsləri test və tibbi xidmətlərə yönləndirirlər.
Bu əməkdaşlığın əsas nəticəsini nədə görürsünüz?
–Mən hesab edirəm ki, əsas nəticə dövlət səhiyyə sistemi ilə vətəndaş cəmiyyəti təşkilatlarının bir-birini tamamlamasıdır. Biz icmaya daha yaxın işləyirik, insanlarla gündəlik əlaqədə oluruq və onların ehtiyaclarını birbaşa görürük. Dövlət səhiyyə sistemi isə diaqnostika, qeydiyyat, müalicə və tibbi nəzarət imkanlarını təmin edir. Bu iki istiqamət bir-biri ilə əlaqələndiriləndə İİV profilaktikasının effektivliyi daha yüksək olur.


























