image-16819130664984610286_367x266jpg-1683640915backend

DÖVLƏTİMİZ HUMANİZM VƏ İNSANPƏRVƏRLİK ƏNƏNƏSİNƏ SADİQDİR

image-reklam_sirab_01

Dövlətin humanizm prinsiplərinə sadiqliyinin göstəricilərindən biri də onun qəbul etdiyi əfv və amnistiya aktları ilə bağlıdır. Burada vətəndaşın dövlətdən iki gözləntisi var. Əvvəla, o əmin olmalıdır ki, istənilən cinayət, istənilən hüquq pozuntusu cəzasız qalmır. Bununla yanaşı, vətəndaşın bağışlanma aktları ilə bağlı gözləntisi də özünü doğrutmalıdır. Hər iki hüquqi mexanizm sinxron şəkildə vətəndaş-dövlət münasibətlərinin qarşılıqlı etimad əsasında formalaşmasına xidmət edir.

Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə ikinci qayıdışının elə ilk illərindən etibarən bu cür humanist aktlar dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrildi və ənənə halını aldı. İndiyədək qəbul olunan aktların hər biri ayrı-ayrılıqda o deməkdir ki, dövlət vaxtilə cinayət törətmiş və buna görə məhkum edilmiş vətəndaşının islah olunmasına və onun yenidən cəmiyyətə qazandırılmasına nail olub. Cəza siyasətinin məqsədi də etdiyi əmələ görə vətəndaşı cəzalandırmaqla yanaşı, həm də onu islah etməkdir. Əfvin məqsədi isə islah olunmuş və əməlinə görə səmimi peşmanlıq hissi çəkən məhkumu vaxtıından əvvəl doğmalarına və cəmiyyətimizə qaytarmaqdır. Burada vacib olan məqamlardan biri də onunla bağlıdır ki, azadlıqdan məhrum edilən şəxs islah olunacağı təqdirdə bağışlanacağına inamını itirməsin. Əfv və amnistiya aktları nəticə etibarilə bu hissin qorunmasına və cəmiyyətin mülayimləşməsinə, mərhəmət hissinin güclənməsinə xidmət edir. Prezident İlham Əliyevin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzaladığı Əfv Sərəncamı humanizm, mərhəmət və insanpərvərlik ənənələrinin qorunması və inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Gözlənildiyi kimi, Yubiley Sərəncamının əhatə dairəsi əvvəlkilərdən daha geniş oldu, 801 nəfər əfv edildi. O cümlədən, onlardan 463 nəfəri azadlıqdan məhrumetmə cəzası ilə bağlı olan cəzanın çəkilməmiş hissəsindən azad edildi, 220 məhkumun isə cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldıldı. Prezident İlham Əliyev müstəqillik dövrümüzün ən geniş Əfv Sərəncamını imzalamaqla Ulu Öndər Heydər Əliyevin insan hüquq və azadlıqlarının qorunması ilə bağlı siyasətinə sadiq qaldığını bir daha nümayiş etdirdi.

Əfv olunan və yenidən doğmalarına, cəmiyyətimizə qovuşan hər kəsi səmimi qəlbdən təbrik edir, yaxınlarına gözaydınlığı verirəm. İnanıram ki, onların hər biri aidiyyatı qurumların və cəmiyyətimizin dəstəyi ilə qısa müddətdə mülki həyata adaptasiya olacaq, dövlətimizə, xalqımıza və öz doğmalarına fayda verəcəklər. Bu həm də ona görə vacibdir ki, vaxtından əvvəl azadlığa çıxmağa ümid edən digər məhkumlarda da motivasiya güclü olsun, onlar da dövlətin humanist aktlarından yararlana biləcəklərinə inamla yaşasınlar.

Əfv Sərəncamı və amnistiya aktı dövlətin humanizm siyasətinin göstəricisi olmaqla yanaşı, həm də vətəndaş cəmiyyətinin buna hazırlıq səviyyəsinə dəlalət edir. Bu cür humanist aktların cəmiyyətimizdə təşviq etdiyi insanpərvərlik və mərhəmət hissinin qorunmasında dövlət qurumları ilə yanaşı, hər birimizin də məsuliyyət payı var. Ən azından, çətinlikdən çıxmış bir həmvətənimizə biganə qalmamaq və bacardığımız qədər ona yardımçı olmaq özümüzdən asılıdır.

Ülvi Quliyev 

Milli Məclisin deputatı

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki