Dövlət Sərhəd Xidməti (DSX) 2026-cı ilin iyun ayı ərzində dövlət sərhədinin mühafizəsi, qaçaqmalçılıq, qeyri-qanuni miqrasiya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən əməliyyatların nəticələrini açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, ay ərzində dövlət sərhədini qanunsuz keçməyə cəhd etdiklərinə görə 21 nəfər saxlanılıb. Saxlanılanlardan 8-i Azərbaycan, 5-i İran, 2-si Əfqanıstan, 6-sı isə Nigeriya vətəndaşı olub.
Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri çərçivəsində saxta tarix möhürü və pasportdan, eləcə də özgəsinə məxsus sənəddən istifadə etməklə sərhədi keçməyə cəhd göstərən 8 nəfər müəyyən edilərək saxlanılıb. Sərhəd rejimi qaydalarını pozduqlarına görə isə 25 nəfər barəsində müvafiq tədbirlər görülüb.
Cinayətkarlığa qarşı keçirilən tədbirlər nəticəsində hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 330 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin ölkədən çıxışı qadağan edilən 825 nəfərin ölkəni tərk etməsinin, ölkəyə girişi qadağan olunan 32 nəfərin isə Azərbaycana daxil olmasının qarşısı alınıb.
DSX-nin məlumatına görə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində 229 kiloqram 974 qram narkotik vasitə və 9 200 ədəd müxtəlif tərkibli həb aşkarlanaraq dövriyyədən çıxarılıb. Onlardan 47 kiloqram 6 qram narkotik vasitə və 2 000 ədəd psixotrop həb 6 halda pilotsuz uçuş aparatı vasitəsilə ölkəyə keçirilməyə cəhd edilərkən ələ keçirilib.
Qaçaqmalçılığa qarşı keçirilən əməliyyatlar zamanı isə ümumi dəyəri 4 milyon 830 min 558 manat olan qaçaqmal, o cümlədən dərman vasitələri, spirtli içkilər və tütün məmulatları aşkarlanaraq götürülüb.
DSX bildirib ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.


























