Bakıda Dünya Ətraf Mühit Günü münasibətilə “Qidanı Qoru — Süfrəni Qoru” adlı yeni maarifləndirmə təşəbbüsü ictimaiyyətə təqdim olunub. Layihə Turan Qastronomiya və Turizm Akademiyası (TQTA) və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.
Təqdimat zamanı bildirilib ki, dünyada hər il istehsal olunan qidanın təxminən üçdə biri, yəni 1,3 milyard tona yaxın məhsul itirilir və ya israf olunur. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, qida itkisi nəticəsində yalnız ərzaq deyil, onun istehsalına sərf olunan torpaq, su, enerji və insan resursları da boşa gedir.
Qeyd olunub ki, qida itkisi və israfı qlobal istixana qazı emissiyalarının 8–10 faizini təşkil edir. Bu göstərici aviasiya sektorunun yaratdığı emissiyalardan təxminən beş dəfə çoxdur. Təşəbbüsün təşkilatçıları qida israfının təkcə iqtisadi deyil, həm də ekoloji və sosial məsuliyyət məsələsi olduğunu vurğulayıblar.
“Qidanı Qoru — Süfrəni Qoru” təşəbbüsü ailələr, HoReCa (otel, restoran və kafe) sektoru, eləcə də təhsil müəssisələri üzrə fəaliyyət göstərəcək.
Layihənin əsas komponentlərindən biri olan “Yaşıl Süfrə” proqramı restoranlarda, otellərdə və şadlıq saraylarında qida israfının ölçülməsi, azaldılması və əməkdaşların maarifləndirilməsi məqsədilə hazırlanıb. Proqram TQTA-nın təlim və qiymətləndirmə modeli əsasında qurulub.
Bununla yanaşı, “Bərəkət Qabı” təşəbbüsü vasitəsilə qonaqların süfrədə qalan yeməkləri evə apararaq istifadəsini davam etdirməsi təşviq olunacaq. Layihə “Sabaha qismət, zibilə yox” prinsipi əsasında formalaşdırılıb.
Təşkilatçıların sözlərinə görə, təşəbbüs qısamüddətli kampaniya deyil, Azərbaycanda qida itkisi və israfı ilə mübarizəyə yönəlmiş uzunmüddətli ictimai layihədir. Layihənin əsas məqsədi cəmiyyətdə davranış dəyişikliklərini təşviq etmək, qida resurslarından daha səmərəli istifadəni dəstəkləmək və Azərbaycanın bu sahədə region üçün nümunə modelə çevrilməsinə töhfə verməkdir.
Təşəbbüs Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, CTH UK və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Layihənin koordinatoru Doğan Tomris bildirib ki, təşəbbüsün əsas məqsədi insanları günahlandırmaq deyil, qida israfının qarşısının alınması üçün birgə və davamlı fəaliyyətə təşviq etməkdir.
Turan Qastronomiya və Turizm Akademiyası qonaqpərvərlik və qastronomiya sahələrində təlim, qiymətləndirmə və peşəkar inkişaf xidmətləri göstərən təhsil müəssisəsidir. Akademiya sektorun inkişafına yönəlmiş müxtəlif layihə və proqramların həyata keçirilməsində fəal iştirak edir.



























