Onu Şərqin ilk azadlıq aşiqi adlandırmaq olar. Səttar xan və uşaqlıq dostu Bağırxan öz uşaqlıq arzularını reallaşdırmaq üçün çox çalışıblar. Hələ kiçik yaşlarından içlərindəki azadlıq qığılcamlarını bütövləşdirən Səttarxan böyük bir inqilabın başçısı idi. Bütün İranı lərzəyə salan Səttar xan kim idi?
Səttar xan 1868-ci ildə Qaradağ vilayətinin Canalı kəndində tacir ailəsində doğulmuşdu. 1905-11-ci illərdə baş vermiş Məşrutə hərəkatı Səttar xanı böyük sərkərdə səviyyəsinə qaldırdı. 1907-ci ildə Təbriz şəhərinin Əmirxiz məhəlləsinin fədailərinə rəhbərlik edən Səttar xan özünün qəhrəmanlığı və şücaəti ilə bütün fədailərin sevimli sərkərdəsinə çevrildi. Onun fəadailərinin içərisində istənilən xalqın nümayəndəsini tapmaq olardı. Onları bir sevgi birləşdirirdi. Azadlıq sevgisi…
Səttar xan öz dəstəsinə heç zaman erməni milliyətindən olan insanları qəbul etmirdi. O bunu ermənilərin xəyanətkar olduğu ilə əlaqələndirirdi.
Onun fədailəri arasında birlik möhtəşəm idi. Bu birliyin nəticəsi idi ki, şahın 40 minlik qoşunu cəmi 11 minlik fədai dəstəsi tərəfindən darmadağın edildi. 1908-ci ilin 18 iyulunda şah qoşunları Təbrizdə qovuldu. Bu fədailərin möhtəşəm qələbəsi idi. Bu qələbədən sonra 1908-ci ildə Səttar xanın rəhbərliyi altında Ali Hərbi Şura yaradıldı. Ali Şuranın baş komandanı Səttar xan və onun müavini Bağır xan, üzvləri Əli Müsyo, Hacı Əli, Seyid Haşim xan təyin edildilər.
Səttar xan bütün azərbaycanlıların sevimlisinə çevrilmişdi. Onun erməniləri döyüşən dəstəyə qəbul etməməsi, xəyanətkar ermənilərin şah qoşunlarına qoşulmasına səbəb olmuşdu.
Artıq Təbriz inqilabın mərkəzi idi. Bütün insanlara Təbrizə axışır Səttar xanla görüşmək istəyirdilər. 1908-ci ilin oktyabr ayına qədər Azərbaycanın bir çox vilayətləri şah qoşunlarından azad edildi. Şah qoşununda olan azərbaycanlılar bütünlüklə inqilabçılara qoşulurdular. İnqilabçıların sürətlə bütün İranı ələ keçirtməsi İngiltərə və Rusiyanı narahat edirdi. Ölkədə inqilabi hərəkatın güclənməsindən qorxuya düşən şah-irtica qüvvələri Tehranda Şura Məclisinin yenidən açılmasına icazə verməyə məcbur olurlar. 1908-ci ilin dekabr ayında açılan İkinci Şura Məclisi Səttar xan ilə Bağır xanın xidmətlərini dəyərləndirmək məqsədilə adları metal lövhə üzərinə qızıl hərflərlə həkk edilmiş Şərəf Nişanlarının hazırlanması və Məclisin yenidən açılışı zamanı tribunadan asilması haqqında fərman verir.
Artıq İngiltərə hökuməti üsyançılarla mübarizə üçün xüsusi qruplar yaradaraq İrana göndərdi. Bir qədər sonra isə İngiltərənin xarici işlər naziri Edvard Karinin bu ölkənin İrandakı səfiri Corc Birliyə göndərdiyi teleqramda tələb edirdi ki, Səttar xan və Bağır xan tezliklə Təbrizdən çıxarılmalıdır. Bundan sonra İranın baş naziri, Milli Şura Məclisi işə qarışıb Səttar xan və Bağır xanı Tehrana getməyə məcbur edirlər. 1910-cu il mart ayının 6-da Səttar xan və Bağır xan 300 nəfər silahdaşı ilə Tehrana yola düşür. 1910-cu il aprel ayının 3-də Səttar xan Tehrana çatır. Qurbanlar kəsilir, Tehran əhalisi onu xilaskar kimi qarşılayır.
Lakin ingilis və rus kəşfiyyatının şah hökumətinə dəstəyi davam edirdi. Onlar inqilabçılarla müəyyən məsələlərdə razılığa gəlmək istəsələr də Bağır xanla 1910-cu ildə keçirdikləri görüşləri onların ümidlərini puç edir.
Bağır xan inqilabçıların İngiltərə və Rusiya ilə əməkdaşlığından imtina edir.
Bundan sonra Rusiya və İngiltərə erməni amilindən istifadə etmək qərarına gəlir. Səttar xan və fədailəri Tehranda Atabəy parkında yerləşirlər. Bundan sonra şah qoşunlarının tərkibindəki bütün ermənilər daşnak Yefrem Davidyanın başçılığı altında birləşdirilir. 13 min nəfərlik erməni daşnak dəstəsi 1910-cu ilin 7 avqustunda Səttar xanın dəstəsinə gecə qəflətən hücum edir. Bu hücumu gözləməyən inqilabçılar ağır döyüşə girirlər. Qüvvələrin qeyri bərabərliyinə baxmayaraq Yefrem Davidyansın dəstəsi geri oturdulur. Lakin yeni qüvvənin gəlməsindən sonra hücuma keçən şah qoşunları və daşnaklar inqilabçıları mühasirəyə alırlar. Bu döyüşdə daşnak Yefrem Davidyan Səttar xanı ağır yaralayır. Səttar xanın ağır yaralanması üsyançıları ruhdan salır. Üsyançıların böyük hissəsi güllələnir. Bu qətliamda Rusiyadan gələn silahlıların da iştirak etdiyi bildirilir. Aldığı güllə yarasından 1914-cü il noyabr ayının 9-da Səttar xan 48 yaşında vəfat edir .
Onun ölümü davamçılarını bu yoldan döndərmədi. Onun ölümündən sonra başlayan bir neçə üsyanda məhz onu azadlıq simvolu seçdilər.
Qoşqar Salmanlı