Türkiyənin ən böyük məscidi olan Çamlıca Məscidi 63 min nəfərlik tutumu ilə dünyanın 13-cü ən böyük məscididir. Məscid İstanbulun Üsküdar səmtində Çamlıca təpəsində yerləşir. 2013-cü ildə inşa edilən və 2019-cu il mayın 3-də istifadəyə verilən məscidin sahəsi 57 500 kvadratmetrdir.
Məscidin dizaynı memar Hayriye Gül Totu və Bahar Mızraka aiddir. Qadın memarlar eyni zamanda 63 min kişinin namaz qıla bildiyi məsciddə qadınların da rahat ibadət edəcəyi məkan yaradıblar. Layihənin son variantı Memar Hacı Mehmet Güner tərəfindən hazırlanmışdır.
Zəlzələ ehtimalını nəzərə alan memarlar planı mümkün təbii fəlakət zamanı məsciddə 100 min insanın qala biləcəyi şəkildə hazırlayıblar. Məscidin 72 metr hündürlüyündəki ana günbəzi İstanbulda yaşayan 72 milləti, 34 metr hündürlüyündəki günbəzi isə İstanbulu simvolizə edir. Böyük Çamlıca Məscidi 5 metr eni, 6,5 metr hündürlüyü və 6 ton ağırlığında olan əsas qapısı ilə dünyanın ən böyük ibadət məkanı qapılarından birinə malikdir.
Məscid kompleksinə həmçinin muzey, rəsm qalereyası, kitabxana, 1000 nəfərlik konfrans zalı, 8 sənət emalatxanası və 3500 avtomobil üçün dayanacaq daxildir.
Çamlıca məscidini açıldığı gündən bəri milyonlarla insan ziyarət edib.