image-1693823232-whatsapp-image-2023-09-04-at-10-40-39backend

Ekspert Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə ÇAĞIRIŞ ETDİ

image-reklam_sirab_01

Yeniyetmə yaşına gəlmiş uşaqlarda daha sıx aşkar edilən intihar halları yayılmaqdadır.Dünyanı tanımağın həyəcanı ilə yeni macəralara açıq olan gənclər dəyişik maddələri sınamaqda, bunun nəticəsi olaraq bəzi zəhərli maddələrlə tanış olduqlarında qarşısıalınmaz faciələrə yol açmış olurlar. Bundan fərqli olaraq yetkin yaşda olanlar və yaşlılar isə daha çox istəkli,yəni intihar məqsədli olaraq bəzi faciələrə səbəbiyyət verirlər. Burada fərq ondan ibarətdir ki, məqsədyönlü intihar və düşünülməmiş addımın nəticəsi olan intiharlar daha çox yaş fərqinə görə ayrılırlar. Yaşından dolayı keçirdiyi psixoloji hallarla düşdüyü bataqlıqda boğulan yeniyetmələr və həyatın ağır sınaqlarına dözməyən yetkin yaşlılar. Hər iki halda arzuolunmaz halların nəticəsində intihar və ya ölümə yol açacaq zəhərlənmələr yaşanır, bu da bütöv bir ailənin, bəzən hətta bir neçə ailənin məhvinə səbəb olur.

Statistikaya baxılarsa, qadınlar toplamda kişilərə görə ikiqat artıq intihara cəhd etsələr də, ölümlə nəticələnən intiharların sayında kişilər daha üstünlük təşkil edir. Kişilərin intihar yöntəmləri daha sərt olduğundan çox təəssüf ki, bu cəhdlərdə onların 90 faizi məqsədlərinə nail olurlar.

Cəmiyyət yaranan bir gündən kişilərlə qadınların xarakteri fərqlənmişdir. Bu baxımdan kişilər cəmiyyətdə daha rahat sözünü demək iqtidarında olduğundan qadınlar bu cəhətdən daha zəif sayılırlar. Xüsusilə ətraf mühitdən yaranan təzyiqlər nəticəsində qadının özünü ifadə etməsində ,səsini duyura bilmədiyi, rahat olmadığı toplumlarda intihar cəhdləri bir üsyan səsi, yardım harayı olaraq yaşanmaqdadır.

Bu gün bütün cəmiyyəti düşündürən vacib və təhlükəli məqamlardan olan bu problem gənc xanımlar arasında daha sıx görülür. Ailəsi tərəfindən təzyiqlərə məruz qalan, diqqətdən kənar olan, düzgün olmayan dost çevrəsində zaman keçirən, psixoloji durumu yerində olmayan, depressiv xarakterli uşaq və gənclərimiz bu yola əl atmaqla həyatlarına son verir. Bunun nəticəsi olaraq sevənlərini gözüyaşlı qoysa da artıq iş-işdən keçmiş olur. Arxadan atılan daş artıq topuğa da dəymir. Qəlbləri paramparça edən bu kimi halların yaşanmaması üçün aidiyyati qurumlar hansı addımları atır? Gələcəyimizin səsi olacaq yeniyetmə və gənclərin uçuruma getdiyini və bununla bağlı həyəcan təbili çalmağın zəruri olduğunu nəzərə alırmı?

Övladlarına nəzarət edə bilməyən valideynlər haqqında ölçü götürülməlidirmi? Bu suala cavab verə biləcək qurumları bu duruma əl atmağa səsləyirəm. Qadın və uşaq ölümlərinə, intiharlara ,zorakılığa, şiddətə, təcavüzə və bu kimi yaşana biləcək hər bir duruma nəzarət edəcək qurumlarımız var. Sözdə fəaliyyətdə olan QHT lərimiz var. Son bir ay ərzində yaşanan üçüncü (bildiyimiz) gənc qız ölümünə bir açıqlıq gətirin, ən azından səbəbini araşdırın. Müqəssiri və ya müqəssir sayılacaq ortamları tapıb araşdırdınızmı? Bu qədər ucuzmudur insan ölümü?

Bütün aidiyyatı qurumlara; Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, qadın və uşaqları qoruya biləcək,haqlarını axtarmağa qadir olan bütün təşkilatlara (hökumət və ya qeyri-hökumət) səslənirəm. Uşaq ,gənc ölümlərinin durdurulmasına kömək edin, buna yol açacaq bütün məqamların qarşısının alınması üçün birlik olun, cəmiyyətin ən sadə vətəndaşından tutmuş rəhbər şəxslərə kimi hər kəs ayağa qalxsın və bu olayların önünə sipər olsun. Bu hadisələrin qarşısının alınmağına tam olaraq gücümüz yetərmi ,o, şübhə altındadır ,amma ən azından əlimizdən gələni edərsək, belə faciələrin sayının azalmağına birmənalı şəkildə nail ola bilərik.
Yaşanan hadisələr unudulmasın, bu qədər soyuqqanlı olmaq bizim mentalitetimizə də, kimliyimizə də yaddır. Azyaşlı qızcığazların faciəsinə, tükürpədən olaylara biganə qalmayın, faciəni yaşadan və ya yaşanmasına yol açan kimlər varsa, cəzasını alsın. Yeniyetmələri bu əməllərə sövq edən hər nə olursa olsun, tapılıb önləmi alınmalıdır.

Uşaqları nəzarətsiz qoyan, bəzən hətta özləri belə bilavasitə çirkin əməllərə bais olan, üzdəniraq valideynlərə qarşı da diqqət artırılsa , müsbət nəticəyə doğru bir addım da atılmış olar. Səbəbi hər nə olsa da körpələrə,yeniyetmələrə qarşı yönələn bütün əməllər cəzasız qalmayacaq. Azərbaycan respublikasının qanunlarına zidd olan hər bir cinayət sahibi ,eləcə də cinayətə çıraq tutan kəslər ali hökumət orqanlarının qarşısında cavab verməli olacaq. Qanunvericilik orqanlarının mühakiməsinə sonuna qədər güvənən bir vətəndaş arxayınlığı var məndə. Amma sizdə olmasın, inanın ki, ədalət kürsüsündə gec-tez oturacaqsınız. Əməllərinizin cəzasını alacaqsınız. Haqqın səsi ,o dilsiz körpələrin harayı ,əlbət, bir gün ümman olar, ağuşuna alıb cəhənnəmə qədər sürükləyər sizi. Və əminəm ki, bu haraya mənim cəmiyyətim duyarsız qalmayacaq.

Körpələrimizi, yeniyetmələrimizi, yardıma ehtiyacı olan gənclərimizi qoruyaq, qorumağa cəhd edək, özümüz bacarmasaq belə bu işin mütəxəssislərinə müraciət edək. Vətən müharibəsi kimi çətin sınaqda dəmir yumruq kimi birləşən cəmiyyətimiz, bu faciələrdə də birlik olaq, həmrəy olaq. Olaylara göz yummayaq. Bəlkə, o zaman xəbis əməllərə qurban gedən körpələrimizin ruhu bağışlayar bizi?!…

Ekspert-yazar Gülər Mübariz


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki