Bu yaxınlarda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun başçılıq etdiyi nümayəndə heyəti Çin tərəfinin dəvəti ilə Pekin və Sıçuan vilayətinin Çendu şəhərində işgüzar səfərdə olub. Səfər çərçivəsində Çinin ən böyük vilayətlərindən olan Siçuanın qubernatoru və Pekin şəhər meriyasının rəhbərliyi ilə görüşlər keçirilib və əməkdaşlığa dair planlar müzakirə edilib.
Eldar Əzizov Pekin və Sıçuan vilayətinin rəhbərləri ilə keçirilən 2 görüşü xüsusi qeyd edərək bildirib ki, “bu şəhərlərin rəhbərləri birmənalı olaraq qeyd ediblər ki, İlham Əliyev böyük şəxsiyyətdir. O, müstəqil siyasət yürüdür, islahatlar aparır və bu səbəbdən də Azərbaycan post-sovet məkanında seçilir. Biz Azərbaycanla ilk növbədə İlham Əliyev faktorunu nəzərə alaraq əməkdaşlıq etmək və iqtisadi münasibətləri inkişaf etdirmək niyyətindəyik”.
Səfər zamanı Sıçuan Universitetinin həkimləri COVİD-19 pandemiyası dövründə Bakıda işlədikləri zaman ölkəmizin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunduqlarını xüsusi minnətdarlıqla xatırlayıblar.
Eldar Əzizov vurğulayıb ki, “Dünyanın ən böyük və ən güclü ölkələrindən biri sayılan Çinin Azərbaycan rəhbərliyinə xüsusi münasibəti və ehtiramı ciddi göstəricidir”.