image-img-20231004-wa0002backend

Əlli ildən sonra yenidən Bakıda keçirilən Konqres

image-reklam_sirab_01

Azərbaycanın paytaxtı Bakı oktyabrın 2-dən etibarən beş gün ərzində daha bir mötəbər tədbirə – 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməyə başlayır. Oktyabrın 6-dək davam edəcək Konqresə 100-dən artıq ölkədən 5 mindən çox nümayəndə qatılıb.

Azərbaycanın ilk dəfə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə ‒ 1973-cü ildə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresinə 50 il sonra yenidən ev sahibliyi etməsi böyük rəmzi məna daşıyır. Bu dəfə ölkəmiz Konqresə müstəqil dövlət kimi ev sahibliyi edəcək. Bu, Azərbaycanın müasir texnologiyalar, rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində qazandığı mühüm nailiyyətlərə beynəlxalq səviyyədə göstərilən yüksək diqqət və hörmətin parlaq göstəricisidir. Dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan bu Beynəlxalq Konqresin ikinci dəfə Azərbaycanda keçirilməsi həm də ölkəmizdə kosmik sənayenin inkişafına, beynəlxalq kosmik ictimaiyyət və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası (IAF) ilə əməkdaşlığın genişləndirilməsinə, habelə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində misilsiz imkanlar yaradacaq.
Bu mötəbər tədbirin ölkəmizdə keçirilməsi barədə qərar 2019-cu ilin oktyabrında ABŞ-ın paytaxtı Vaşinqtonda qəbul edilib. Belə ki, Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilər zamanı Bakı şəhəri Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb.
Prezident İlham Əliyev Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışında bildirib ki, son 20 ildə ümumi daxili məhsulumuzun 4 dəfə, büdcə gəlirimizin 30 dəfə, xarici ticarət dövriyyəmizin 10 dəfə artdığını deyən dövlətimizin başçısı bildirib: “Biz xarici borcumuzu ÜDM-in 10 faizinə endirə bilmişik. 2024-cü ilin sonuna qədər planlarımıza uyğun olaraq bu rəqəm 7-7,5 faiz olacaq. Xarici valyuta və qızıl ehtiyatımız ÜDM-dən 10 dəfə artıqdır. Yəni, biz istədiyimiz vaxtda və iki ay ərzində borcumuzu bağlaya bilərik”. Ölkəmizdə sərmayə mühiti çox müsbət olduğunu vurğulayan Prezident İlham Əliyev son 30 ildə Azərbaycana 300 milyard dollardan artıq vəsait qoyulduğunu deyib.
Prezident İlham Əliyev çıxışı zamanı bildirib ki, bizim ərazi bütövlüyümüzü bərpa etmə təcrübəsi çox misilsiz və unikal bir hadisədir. Biz münaqişəyə son qoyduq. O münaqişənin həll edilməsi nəticəsində biz ləyaqətimizi qoruduq, beynəlxalq hüququ bərpa etdik: “Bu gün Cənubi Qafqazda sülh dövrünə qədəm qoya bilərik. Bu, bizim fikrimizdir. Əməkdaşlıq, birgə mənfəət götürülməsi, qarşılıqlı fayda – bu gün biz bunların hamısını nümayiş etdiririk”.
Bu gün enerji təhlükəsizliyinin hər bir ölkənin milli təhlükəsizliyi məsələsinə bərabər olduğunu, onun vacib elementini təşkil etdiyini vurğulayan dövlətimizin başçısı diqqətə çatdırıb ki, Azərbaycan etibarlı təchizatçı olaraq beynəlxalq bazarlara enerji nəql edir və Avropa İttifaqı tərəfindən PanAvropa təchizatçısı kimi dəyərləndirilir.
Prezident İlham Əliyev 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışında vurğulayıb ki, bizim təbii sərvətlərimiz Azərbaycan xalqının mənafeyi naminə istifadə edilib: “Azərbaycan XIX əsrin ortalarında dünyada neft hasil edən ilk ölkə olub. O zaman biz dünya neft hasilatının həcminin yarısını hasil edirdik. Ola bilər bir çox adam bilmir ki, dənizdə də ilk neft hasilatı Azərbaycan neftçiləri tərəfindən XX əsrin ortalarında həyata keçirilib”.
“Bu gün müstəqil olduğumuz dövrdə bizim təbii sərvətlərimiz Azərbaycan xalqının mənafeyi naminə istifadə edilib. Müstəqillik dövründə Azərbaycanın dinamik inkişafı onu nümayiş etdirir ki, biz öz sərvətlərimizdən düzgün istifadə etmişik”, – deyən dövlətimizin başçısı bildirib ki, ölkəmiz bu sərvətlərdən güclü iqtisadiyyat qurmaq üçün istifadə edib.
Dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan beynəlxalq konqresin ikinci dəfə Azərbaycanda keçirilməsi ölkəmizdə kosmik sənayenin inkişafına, beynəlxalq kosmik icma və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsinə, habelə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində əvəzolunmaz imkanlar yaradacaq.

Aysel Mənsimova – politoloq


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image